Məhkəmə qərarları › İş №2(039)-1413/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1413/2023

18.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1413/2023 18.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Məmmədova (Həsənova) Bənövşə Məhəmməd qızına qarşı fərdi yaşayış evindən çıxarılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Məmmədova (Həsənova) Bənövşə Məhəmməd qızına qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onun Yevlax rayonu, Səmədabad kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Məmmədova (Həsənova) Bənövşə Məhəmməd qızı onun sabiq həyat yoldaşıdır. Onlar uzun müddətdir ki, rəsmi olaraq ayrılmışlar. Övladları yetkinlik yaşına çatmışlar və eyni zamanda ailə qurmuşlar. Övladları hal-hazırda öz ailələri ilə birlikdə ayrı yaşayırlar. O, özü də cavbadehdən ayrıldıqdan sonra yeni ailə qurmuşdur. Yeni nikahdan üç övladları vardır. Lakin cavabdeh Yevlax rayonu, Səmədabad kəndində fərdi yaşayış evindən heç bir əsaslı səbəb olmadan çıxmaq istəmir. Bu vəziyyət uzun müddətdir ki, davam etməkdədir. Artıq bu vəziyyətə tap gətirə bilmir. Cavabdehin onun Yevlax rayonu, Səmədabad kəndində yerləşən kəndində fərdi yaşayış evindən çıxarılmasını istəyir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, mübahisəsini apardığı yaşayış evinin çıxarışı yoxdur, həmin ev ona babasından qalmışdır. Sadəcə evin yerləşdiyi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi vardır və cavabdehdə həmin sənəd üzrə mülkiyyətçilərdən biridir. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh Məmmədova (Həsənova) Bənövşə Məhəmməd qızı məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; JN-060A KOD 90112018 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, İddiaçı Hümbət oğluna, X2, X6 və X4 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 34 saylı qərarı ilə Yevlax rayonu Səmədabad kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı 0,17 ha torpaq sahəsi verilmişdir. xx.xx.2023-cü il tarixli, MT-02289 saylı arayışdan məlum olur ki, İddiaçı evdən çıxarılma tələbi ilə bağlı mediatora müraciət etmişdir. Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 298025 №li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı Hümbət oğlu ilə X5 arasında bağlanmış nikah qeydi xx.xx.2017-ci il tarixdə pozulmuşdur. xx.xx.2023-cü il tarixdə verilmiş 50 №-li doğum akt qeydindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur; atası- X14, anası- X7r. xx.xx.2023-cü il tarixdə verilmiş 1449 №-li ölüm akt qeydindən görünür ki, X9 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. xx.xx.2023-cü il tarixdə verilmiş 1447 №-li ölüm akt qeydindən görünür ki, X15 xx.xx.1979-cu il tarixdə vəfat etmişdir. xx.xx.2023-cü il tarixdə verilmiş 1448 №-li ölüm akt qeydindən görünür ki, X10 xx.xx.1991-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialı tərəfindən xx.xx.2023-cü il tarixli, 3-48-1-261/2023 saylı arayışdan görünür ki, Dövlət arxivində mühafizə olunan Yevlax rayonu, Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliinin 1996-2000-ci illərə dair 08 saylı təsərrüfatbaşına kitabının 63-cü səhifəsinin 549 saylı qeydinə əsasən İddiaçı Hümbət oğlu təsərrüfat başçısı yazılmış və ailə üzvləri vardır. Ailə başçısı xx.xx.1978-ci il təvəllüdlü İddiaçı Hümbət oğlu, həyat yoldaşı xx.xx.1963-cü il təvəllüdlü X3, qızı xx.xx.1995-ci il təvəllüdlü X11 və qızı xx.xx.1998-ci il təvəllüdlü X8. Sənəddə təsərrüfatın xüsusi mülkiyyətində olan yaşayış evinin ümumi sahəsi 44 kv metr, o cümlədən yaşayış sahəsi 24 kv m, evin tikildiyi tarix 1970-ci il yazılmışdır. Təsərrüfatın xüsusi mülkiyyətində 0,20 ha (iyirmi sot) həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 321 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Səmədabad kənd sakini İddiaçı Hümbət oğlunun hal-hazırda yaşadığı ev babası X10 və nənəsi X9 tərəfindən 1970-ci ildə tikilmişdir. İddiaçı və X1 birgə nikahı dövründə həmin təsərrüfatda heç bir tikinti aparılmışdır. İşin mübahisəsiz halı odur ki, iddiaçının iddiasında göstərdiyi ev 1970-ci ildə inşa olunmuş, həmin evin yerləşdiyi torpaq sahəsi isə Yevlax Aqrar islahat Kommissiyası tərəfindən 1998-ci ildə mülkiyyətə verilmişdir. İddiaçı cavabdehlə və iki övladı ilə həmin evdə 1995-ci ildən yaşamış və 2017-ci ildə onların nikahı pozulmuşdur. Göründüyü kimi mübahisəli evə iddiaçının gözlənilən mülkiyyət, cavabdehin isə göslənilən istifadə hüquqları vardır. Bu səbəbdən məhkəmə hesab edir ki, mübahisənin həlli ilə bağlı həmin dövrdə yəni 2000-ci ilədək qüvvədə olan Mənzil Məcəlləsinin maddi normaları tətbiq olunmalıdır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Mənzil Məcəlləsi: Maddə 4. Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu) Maddə 53. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Avropa İnsan Hüquqları Məhkəməsinin Akimova Azərbaycana qarşı məhkəmə işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Bu işdə Məhkəmə qeyd edir ki, 2 iyun 1993-cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında “sosial kirayə müqaviləsi” deyilən müqavilə bağlanmalı idi. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda Məhkəmə razılaşmışdır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən “mülkiyyət” hesab etmək üçün kifayət qədər əsaslar var. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (bax: Ceyms və başqaları Birləşmiş Krallğa qarşı, 21 fevral 1986-cı il tarixli qərar, A seriyaları, c. 98, c. 29-30, b. 37). Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edilən məhkəmə işi üzrə gəldiyi nəticəni rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehin mübahisəli evdə gözlənilən istifadə hüququ olduğundan onun həmin evdən kompensasiya ödənilməməklə çıxarılması yolverilməzdir. Belə olan halda iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Məmmədova (Həsənova) Bənövşə Məhəmməd qızına qarşı fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar