Məhkəmə qərarları › İş №2(039)-1566/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1566/2020

30.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1566/2020 30.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı, eyni zamanda mübahisə predmeti barədə müstəqil tələb irəli sürən 3-cü şəxs X2 nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən 3-cü şəxs X2 Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı övladı X3 ilə birlikdə evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə onun birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X3 ilə birlikdə Yevlax rayonu Kövər kəndində yerləşməklə Cavabdeh adına olan, o cümlədən torpağın mülkiyyətə verilməsinə dair JN 390A saylı 90108028 kodlu şəhadətnaməyə əsasən 0.19 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə köçürülmələrinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir) Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu Kövər kəndində yerləşməklə Cavabdeh adına olan, o cümlədən torpağın mülkiyyətə verilməsinə dair JN 390 A saylı 90108028 kodlu şahadətnaməyə əsasən 0.19 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və üçüncü şəxs tələblərini onunla əsaslandırmışlar ki, Cavabdeh iddiaçının sabiq həyat yoldaşı, üçüncü şəxs A.Məmmədovun atasıdır. İddiaçı və cavabdehin arasında olan rəsmi nikah xx.xx.2015-ci il tarixdə ləğv edilmişdir. Cavabdehlə iddiaçının birgə nikahlarından xx.xx.2002-ci il təvəllüdlü X4(müstəqil tələb irəli sürən 3-cü şəxs) və xx.xx.2005-ci il təvəllüdlü X3 adı övladları anadan olmuşdur. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsinə əsasən onunla cavabdeh arasında bağlanmış rəsmi nikahın pozulması, övladları Aqşin və İsmayılın onun yanında qalması qət edilmişdir. Akşin hazırda yetkinlik yaşına çatmışdır. İddiaçı cavabdehlə 1998-ci il tarixdə faktiki nikah münasibətlərinə girmiş, daha sonra isə nikahlarını rəsmiləşdirmişlər. İddiaçı 1998-ci ildə cavabdehin valideynlərinə məxsus evə gəlin köçmüşdür. Təxminən bir il sonra cavabdehin valideyinlərinə məxsus evdən çıxaraq Yevlax rayonu Kövər kəndində cavabdehin özünə məxsus evdə yaşamağa başlamışdır. Birgə nikahdan olan uşaqları Akşin və İsmayıl həmin evdə doğulmuş və böyümüşlər. 2019-cu ilə qədər cavabdehə məxsus evdə yaşamışlar. Sonra cavabdeh döyərək onları evdən qovmuşdur. O, məcbur qalaraq Yevlax şəhərinə gəlmiş və iş taparaq orada işləməyə başlamışdır. Hazırda övladları ilə birlikdə kirayədə yaşayır, lakin kirayə pulunu verməkdə çətinlik çəkirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı, eyni zamanda mübahisə predmeti barədə müstəqil tələb irəli sürən 3-cü şəxs X2 nümayəndəsi İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə göndərilmiş məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə bildirişi cavabdehə çatdırılması üçün Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Kövər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Ərazi nümayəndəliyinin məhkəməyə ünvanladığı məktubunda cavabdehin qeyd olunan ünvanda yaşamadığı və Rusiya Federasiyasında onlara məlum olmayan ünvanda yaşaması bildirilmişdir. Cavabdehin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçı-nümayəndənin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işin materialları və iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh ilə 1998-ci ildən faktiki ailə münasibətlərinə daxil olmuş, 1999-cu ildən mübahisəli evə köçərək orada yaşamağa başlamış, xx xxxxxx 2003-cü ildə nikahlarını rəsmiləşdirmiş, xx.xx.2002-ci ildə oğlanları Aqşin, xx.xx.2005-ci ildə isə oğlanları İsmayıl anadan olmuş, Yevlax Rayon Məhkəməsinin 2(039)-1068/14 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş və uşaqların analarının yanında qalması qət edilmişdir, 2019-cu ildən iddiaçı və övladları həmin evdə yaşamır, cavabdeh onların evdə yaşamasına etiraz edir, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyib. Beləliklə, müəyyən olunur ki, iddiaçı 1999-cu ildən 2019-cu ilə qədər mübahisəli evdə yaşamış və cavabdehlə birgə təsərrüfat aparmış və övladları Akşin və İsmayıl həmin evdə doğulmuş və böyümüşlər. ƏMDK yanında DƏDRX-in 17 saylı X7 məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasınınxx xxxx 1998-ci il tarixli 05 saylı qərarı ilə Yevlax rayonu Kövər kəndində yerləşən 0,19 ha həyətyanı torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. Mübahisəli yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən məhkəmə hesab edir ki, iddiaçının və üçüncü şəxsin mübahisəli yaşayış evinə köçürülməsi, bu mübahisələri tənzimləyən birbaşa normalar olmadığından analoji münasibətləri tənzimləyən və xx.xx.2009-cu il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı və üçüncü şəxs mübahisəli yaşayış evinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən 3-cü şəxs X2 Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiaları təmin edilsin. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən 3-cü şəxs X4 və İddiaçı, övladı- xx.xx.2005-ci il təvəllüdlü X3 ilə birlikdə Yevlax rayonu Kövər kəndində Cavabdeh mülkiyyətində olan 0,19 hektar həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar