Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1586/2021 19.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1, cavabdehlər Cavabdeh2 (eyni zamanda digər Cavabdeh3 nümayəndəsi) və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun tanınması və evə köçürmə tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayonu Malbinəsi kəndində yerləşən və hazırda Cavabdeh1 faktiki mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüququnun tanınması, onun və azyaşlı uşaqlarının həmin fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə 2003-cü ildə faktiki nikaha daxil olmuşlar. Sonradan nikahlarını rəsmiləşdirmişlər. 18 il müddətində onlar ər-arvad olaraq yaşamışlar. Bu nikahdan Fatimə, İlahə və Nuray adlarında övladları anadan olmuşdur. 2014-cü ildə Cavabdeh2 ilə birgə nikahda olduğu dövrdə mübahisələndirdiyi Yevlax rayonu Malbinəsi kəndində yerləşən fərdi yaşayış evini valideynlərinin köməkliyi ilə inşa edib həmin evə köçərək ailəsi və uşaqları ilə birlikdə 2021-ci ilin yanvar ayınadək həmin evdə yaşamışlar. Bir müddət maddi vəziyyətləri yaxşı olmadığı üçün işlə bağlı Türkiyə Respublikasında yaşayıb kəndə qayıtdıqdan sonra məlum olmuşdur ki, həyat yoldaşı Cavabdeh2 yaşadıqları evi sosial yardım almaq adı ilə anası, yəni qayınanası Cavabdeh3 adına sənədləşdirərək Cavabdeh1 11000 manata satmışdır. Öz əlinin zəhməti ilə tikib köçərək yaşadığı evdə cavabdehlər onu yaşamağa qoymurlar. Yevlax rayonu Malbinəsi kəndində yerləşən fərdi yaşayış evinə köçürülməyini, eyni zamanda onun və azyaşlı uşaqlarının orada istifadə hüququnun tanınmasını istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək bildirmişdir ki, qızı Könül, Cavabdeh2lə 2003-cü ildə ailə qurmuş və bu nikahdan onların üç uşaqları olmuşdur. İlkinin valideynləri özlərinə məxsus və Yevlax şəhərində olan evlərini satmış və İlkinin anası Tehran həmin evin pulundan 2000 manatı İlkinə vermişdir ki, İlkin özü üçün torpaq sahəsi alsın və orada ev tikdirsin. Bu məqsədlə 2014-cü ildə İlkin Yevlax rayonu Malbinəsi kəndində 12 sot torpaq almış və həmin ilin iyun ayında həmin torpaq sahəsində ev tikdirməyə başlamışdır. Həmin ev İlkinin və qızı Könülün birgə gəlirləri hesablına və onun da qızına maddi köməkliyi nəticəsində tikilmişdir. Qızı və ailəsi 4 il müddətində həmin evdə yaşamışlar, sonra işləmək üçün Türkiyə Respublikasına getmişlər. 2020-ci ildə Türkiyə Respublikasından qayıtdıqdan sonra onlara məlum olmuşdur ki, qızının qaynanası- Cavabdeh3 evi və torpaq sahəsini digər cavabdeh olan Cavabdeh1 satıb. Həmin ev onun və qızının gəlirləri hesabına tikildiyindən qızının həmin evdə istifadə və yaşamaq hüququ var. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsinin dəlillərinə etiraz edərək bildirmişdir ki, qeyd olunan ev anası Cavabdeh3 məxsus torpaq sahəsində valideynləri tərəfindən tikilmişdir. Həmin dövrdə o, işsiz olduğundan onun həmin evi tikdirməyə maddi imkanı olmamışdır. Atası həmin dövrdə Bakı şəhərində kran sürücüsü işləmiş və onun qazandığı pul ilə həmin evi tikdirmişlər. Valideynləri Bakı şəhərində yaşadıqları üçün ustalara nəzarəti o həyata keçirmişdir. İşləmək üçün 2018-ci ildə ailə olaraq Türkiyə Respublikasına getmişlər. Anası evin yerləşdiyi torpaq sahəsini 2021-ci ildə digər Cavabdeh1 satmışdır. İddia tələbi əsassızdır və təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, Yevlax rayonu Malbinəsi kəndində yerləşən 11,5 sot torpaq sahəsini alqı-satqı yolu ilə Cavabdeh3 almışdır. Həmin torpaq sahəsində bir otaqdan ibarət tikili var. Həmin tikili yaşamaq üçün yararsız vəziyyətdədir. Həmin torpaq sahəsində o, arıçılıq təsərrüfatı ilə məşğul olur. Torpaq sahəsini qanunvericiliklə müəyyən olunmuş qaydada alıb və iddiaçının həmin torpaq sahəsinə köçürülməsinə etiraz edir. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** №li, 25.01.2021-ci il tarixli çıxarışından görünür ki, Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0,1150 ha torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh3 ilə (satıcı) Cavabdeh1 Hüseyn oğlu (alıcı) arasında bağlanmış AN-İ seriyalı ******* saylı, 13 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0,115 ha torpaq sahəsini alıcıya satmışdır. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-407/2021 saylı, 29.04.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 ilə cavabdeh İddiaçı arasında bağlanmış 09.09.2008-ci il tarixli nikah qeydi pozulmuş və tərəflərin birgə nikahdan olan övladları- 24.02.2004-cü il təvəllüdlü X2, 30.08.2005-ci il təvəllüdlü X4 və 26.08.2011-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında qalması qət edilmişdir. İddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, özünə məxsus və Yevlax rayonu Malbinəsi kəndində yerləşən torpaq sahəsini 2010-2011ci illərdə Cavabdeh3 satıb. Həmin torpaq sahəsində ev tikildiyini bilsə də, həmin evin kim tərəfindən tikilməsi barədə məlumatı yoxdur. İddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, iddiaçının dayısıdır, ustadır. Cavabdeh3 məxsus torpaq sahəsindəki evi 2012-ci ildə o tikmişdir. Evin tikintisi üçün xərclər ona İlkin tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən, habelə tərəflərin izahatlarından işin mübahisləndirilməyən halı kimi müəyyən olunur ki, mübahisəli evin üzərində hər hansı şəxsin hüququ dövlət qeydiyyatına alınmamışdır və mübahisəli evə dair heç bir hüquqverici sənəd yoxdur. Mübahisələndirilən ev özbaşına tikilidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarını araşdırıb, tətbiq edilməli olan hüquq normalarına əsasən onlara qiymət verib belə hesab edir ki, mübahisəli yaşayış evi özbaşına tikinti olduğundan mübahisəli evə mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnun tanınması tələbi əsassızdır və təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, mübahisəli yaşayış evi özbaşına tikinti olduğundan mübahisəli evə mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnun tanınması tələbi dolayısı ilə mülkiyyət hüququnun tanınması tələbidir. Bu isə istinad olunan hüquq normalarına ziddir. İddia tələbinin “mübahisəli evə köçürülmə” hissəsi ilə bağlı məhkəmə onu qeyd edir ki, Mülki Məcəllənin 157.8-ci maddəsi mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxslərin hüquqlarını qoruyur. İddiaçı mübahisəli evlə bağlı hər hansı əmlak hüquqlarının olmasını sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı mənzildən istifadə hüququnun tanınması və evə köçürmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1586/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1586/2021
19.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver