Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1587/2021 03.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi X6, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Fərmanova (Cabbarova) Natella Musa qızına qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Fərmanova (Cabbarova) Natella Musa qızına qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, doğulub boyabaşa çatdıqları ata-baba yurdları olan, hazırda qeydiyyatda olduqları Yevlax şəhəri S.Əsgərova küçəsi ev 16 ünvanında yerləşən evə onların və ailə üzvlərinin istifadə hüquqlarının tanınması və yaşayış sahəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, Yevlax şəhəri S.Əsgərova küçəsi ev 16 ünvanında yerləşən ev onların ata-baba yurdudur. Həmin evdə doğulub və boya-başa çatmışlar. Həmin ev onların valideyinləri X3 və X8 məxsus olubdur. Onların razılıqları alınmadan evin cavabdehin adına rəsmiləşdirilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Cavabdeh tərəfindən qanunsuzluqlar edilməklə bu əməliyyatlar aparılmışdır. Hər dəfə evə daxil olmaq, evin yaşayış sahəsindən istifadə etmək istədikdə onlara qarşı cavabdeh tərəfindən süni surətdə maneçiliklər yaranıbdır. Ev əzəldən onların valideyinlərinə məxsus olubdur, həmin evdə doğulmuşlar və qeydiyyatdadırlar, lakin cavabdeh tərəfindən süni maneçiliklər olduğundan evə daxil ola bilmirlər. Hazırda Gəncə şəhərində qardaşları Faiqin evində məskunlaşmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı2 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi Faiq Cabbarov izahatında bildirmişdir ki, iddiaçılar onun qardaşı, cavabdeh isə bacısıdır. O, Gəncə şəhərində özünə məxsus evdə yaşayır. İddiaçıların isə yaşamağa evləri yoxdur. İddiaçı2 30 il Rusiya Federasiyasında yaşayıb. Hazırda isə xəstəliyi ilə əlaqədar Bakı şəhərində xəstəxanada yaşayır. Namiq hərbi xidmətdən qayıtdıqdan sonra qısa müddət ərzində atalarına məxsus evdə yaşasa da, sonradan Rusiya Federasiyasına köçmüş və orada yaşamağa başlamışdır. Rusiyadan qayıtdıqdan sonra onun yaşamağa yeri olmamışdır. Digər İddiaçı1 isə ailə qurduqdan sonra qaynatasına məxsus evdə yaşamağa başlamışdır. 12 ilə yaxındır Şaiq də atalarına məxsus evdə yaşamır. Hazırda da ailəsi ilə birlikdə Türkiyə Respublikasına gedib. Cavabdeh tərəfindən iddiaçıların həmin evdə yaşamalarına hər zaman maneçilik törədilib, bu səbəbdən onlar həmin evdən istifadə edə bilmirlər. Qeyd olunan evdə iddiaçıların istifadə hüququnun tanınmasını və iddiaçıların ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsini istəyir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkil X4 izahatında bildirmişdir ki, mübahisəli yaşayış evi hazırkı iş üzrə tərəflərin valideynlərinə məxsus olmuş və vərəsəlik hüququ əsasında 2014-cü ildən etibarən cavabdehin mülkiyyətinə keçmişdir. İddiaçının nümayəndəsinin də qeyd etdiyi kimi İddiaçı2 30 il, İddiaçı1 isə 12 ildən artıqdır mübahisəli evdə yaşamır. İddiaçıların həmin evdə istifadə hüquqları itirilib, iddiaçılar könüllü olaraq mübahisəli evi tərk etmişlər. Bu səbəbdən iddia tələbi tamamilə əsassızdır və təmin oluna bilməz. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, ƏMDK yanında DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, 09.07.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 28 aprel 2007-ci ildə vəfat etmiş X7 vərəsəsi-arvadı Cabbarova Lazifə Əsgər qızı və qızı Cavabdeh onun miras əmlakından bərabər hissələrdə pay almışlar; miras əmlak ünvan 1 ünvanda mülkiyyətdə olan 0,0568 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1972/85-ci ildə tikilmiş 134,69 kv.m ümumi sahəsi, yaşayış sahəsi 63,63 kv.m, köməkçi sahəsi 71,06 kv.m olan 2 otaqlı yaşayış evidir. Yevlax rayonu 2 saylı Notariat kontorunda bağlanmış 09.07.2014-cü il tarixli payın bağışlanmasına dair müqaviləyə əsasən X5 miras əmlakdan ona düşən payını qızı Cavabdeh bağışlamışdır. Yevlax şəhəri S.Əsgərova küçəsində yerləşən 16 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında X2 adına 16.07.2014-cü ildə dövlət reyestrində qeydə alınmışdır (RX seriyalı, ******* № li çıxarışa əsasən). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Yevlax şəhəri S.Əsgərova küçəsi ev 16 ünvanında yerləşən ev(mübahisəli mənzil) hazırkı iş üzrə tərəflərin ataları Musa Cabbarovun mülkiyyətində olmuş və vərəsəlik hüququ haqqında şəhadətnaməyə və payın bağışlanmasına dair müqaviləyə əsasən isə 2014-cü ildə tam mülkiyyət hüququ üzrə cavabdehin mülkiyyətinə keçmişdir. İddiaçılar həmin evdə doğulub boya-başa çatsalar da, könüllü surətdə həmin evi tərk edərək uzun müddət həmin evdə yaşamamışlar. Tərəflər arasında hüquq münasibətləri 01.10.2009-cu il tarixə kimi yarandığından məhkəmə hesab edir ki, hazırkı mübahisəyə 01.10.2019-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış yeri altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab olunur. Məhkəmə hesab edir ki, İddiaçı2 30 il bundan əvvəl yaşamaq üçün Rusiya Federasiyasına, İddiaçı1 isə 2009-cu ildə yaşamaq üçün başqa yaşayış yerinə getdiyi üçün yuxarıda qeyd olunan normalara əsasən onların mübahisəli mənzildən istifadə hüquqları itirilmişdir. İddiaçıların mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması faktına dair isə məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat əmlak hüquqlarını yaratmır. Çünki qeydiyyatın məqsədi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda açıqlanmış və həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göstərilənləri əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Fərmanova (Cabbarova) Natella Musa qızına yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1587/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1587/2021
03.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver