Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1588/2021 20.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı (cavabdeh) İddiaçı nümayəndəsi X3, iddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs) Ağaməliyeva (Tağıyeva) Könül Xəlil qızının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Hidayətova(Hüseynova) Qənifə Əli qızına və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair və iddiaçı X2 cavabdeh İddiaçı qarşı “əmlakın çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərə məxsus olan ünvan 1 ünvanından istifadə hüququ tanınmaqla, onun azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, hazırda ünvan 2 ünvanında yaşayır. Cavabdeh2 onun keçmiş əridir. Cavabdeh1 isə keçmiş qaynanasıdır. O, Cavabdeh2 ilə ailəli olmuş, ailəli olduqları dövrdə 15.06.2006-ci il təvəllüdlü X6, 20.11.2007-ci il təvəllüdlü X11 və 12.03.2014-cü il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Yevlax Rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh2 arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan olan uşaqlarının onun himayəsində qalmaları müəyyən edilmişdir. O, ərə gedən zaman (2005-ci ildə) cavabdehlərə məxsus olan ünvan 3 ünvanına gəlin köçmüş və uzun illər də orada yaşamışdır. Hər üç uşağı da həmin evdə doğularaq böyümüşdür. Həmçinin həm özü, həm də hər üç uşağı həmin mənzildə rəsmi pasport qeydiyyatındadır. Hazırda o, üç uşağı ilə çöllərdə yaşayır. Yaşamağa evi yoxdur. Maddi vəziyyəti olduqca ağırdır. Ona görə də uşaqları ilə birlikdə cavabdehlərə məxsus olan evə köçmək istəyir. Qeyd olunan iddia ərizəsi icraata qəbul olunaraq 2(039)-1588/2021 saylı mülki iş kimi qeydiyyata alınmışdır. İddiaçı X7 cavabdeh İddiaçı qarşı əmlakın çıxarılması tələbi haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından cavabdehə məxsus üç qapılı və dörd qapılı sifonerin, 1 ədəd balaca termonun, 2 ədəd böyük termonun, 1 ədəd jurnalı stolunun, 2 ədəd tək çarpayının, 2 ədəd stolun, 1 ədəd qoşa çarpayının, bir qapılı, iki qapılı və dörd qapılı servantın, 1 ədəd televizor altının, 2 ədəd tumboçkanın, 1 ədəd böyük döşəyin, 4 ədəd yastığın və 4 ədəd yorğanın çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanı onun xüsusi mülkiyyətindədir. Cavabdehə məxsus qeyd olunan əşyalar onun evindədir. Həmin əşyaların evindən çıxarılmasını istəyir. Qeyd olunan iddia ərizəsi icraata qəbul olunaraq 2(039)-1844/2021 saylı mülki iş kimi qeydiyyata alınmışdır. Yevlax Rayon Məhkəməsinin 14.09.2021-ci il tarixli qərardadı ilə 2(039)-1844/2021 saylı mülki iş 2(039)-1588/2021 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. İddiaçı X7 cavabdeh İddiaçı qarşı əmlakın çıxarılması tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi X12 iddia ərizəsinin baxılmadan geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, cavabdehin nümayəndəsi X9 iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyindən Məhkəmənin 20.10.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə İddiaçı cavabdehlər Hidayətova(Hüseynova) Qənifə Əli qızına və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə tələbi haqqında” iddiasına dair mülki iş üzrə aşağıdakıları qeyd edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Bahar İsmayılova iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Ağaməliyeva(Tağıyeva) Könül Xəlil qızının nümayəndəsi X12 iddia ərizəsinin dəlillərinə etiraz edərək bildirmişdir ki, mübahisəli ev bacısı Könül Tağıyevanın mülkiyyətindədir və iddiaçının həmin evə heç bir hüququ yoxdur. Məhkəmə, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. ƏMDK yanında DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, Yevlax şəhəri Q.Əşrəfbəy küçəsində yerləşən 9 saylı evin, 17 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında Tağıyeva Könül Xəlil qızının adına 09.06.2010-cu ildə dövlət reyestrində qeydə alınmışdır.(MA seriyalı, ******* № li çıxarışa əsasən) Yevlax Rayon Məhkəməsinin 2(039)-2251/2017 saylı, 03.11.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 ilə Cavabdeh2 arasında bağlanmış 12 oktyabr 2015ci il tarixli nikahın pozulması qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli yaşayış evi 2010-cu ildə iddiaçının qaynanası Cavabdeh1 tərəfindən Könül Tağıyevaya(mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs) alqısatqı müqaviləsi əsasında satılmışdır. İddiaçı Cavabdeh2la 2015-ci ildə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətlərinin 2009-cu il oktyabrın 1-dən sonra yarandığını, yəni İddiaçı ilə Cavabdeh2 arasındakı nikahın 2015-ci ildə bağlanıldığını və iddiaçının həmin ildə mübahisəli mənzilə köçdüyünü və bir müddət orada yaşadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmadığı məsələsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki: “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. (Ailə Məcəlləsinin 15ci fəsli isə ailənin başqa üzvlərinin aliment öhdəlikləri ilə bağlı məsələləri tənzimləyir.) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Qeyd olunan normaların tələblərindən göründüyü kimi iddiaçının mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün o, mübahisəli mənzilin mülkiyyətçisinin ailə üzvü və ya digər qohumu olmalıdır ki, hazırkı halda da iddiaçı, Könül Ağaməliyevanın(Tağıyevanın) ailə üzvü hesab olunmur, habelə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərildiyi kimi “digər qohumları” ifadəsinin təsiri altına düşməyən şəxsdir. Bununla da aydın olur ki, qeyd edilən normalara əsasən iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüququ yaranmamışdır, iddiaçının tələbi əsassızdır və təmin olunmamalıdır. İddiaçının mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması faktına dair isə məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat əmlak hüquqlarını yaratmır. Çünki qeydiyyatın məqsədi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda açıqlanmış və həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdehlər Hidayətova(Hüseynova) Qənifə Əli qızına və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə tələbi haqqında” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1588/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1588/2021
20.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver