Məhkəmə qərarları › İş №2(039)-1603/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1603/2021

22.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1603/2021 22.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı və onun nümayəndəsi- vəkil Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayonu Nurallar kəndində yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Zaur və Raufun anasıdır, digər cavabdeh isə onun qaynıdır. Onun 54 yaşı var. Həyat yoldaşını 2017-ci ildə itirmiş, hər iki övladını çətinliklə də olsa böyütmüşdür. Əri öldükdən sonra oğulları ilə bir müddət mehriban yaşasalar da, 2021-ci ilin mart ayının 15-dən etibarən övladları ona ləkə yaxaraq, onu yaşadığı evdən qovmuşlar. Qeyd olunan fərdi yaşayış evi 3 otaqdan ibarət olmaqla Yevlax rayonu Nurallar kəndində yerləşir. Evin yerləşdiyi torpaq sahəsini 1997-ci ildə alınaraq, orada həyat yoldaşı ilə birlikdə fərdi yaşayış evi tikdirmişdir. 2000-ci ilin yanvar ayında həmin evə köçmüşlər. Uşaqları ilə birlikdə həmin evdə yaşamışlar. Onun bütün əşyaları həmin evdədir. Ancaq yaşadıqları evə cavabdehlərin qanunsuz hərəkətləri ucbatından köçə bilmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı əri ilə birlikdə tikdirdiyi yaşayış evinə köçə və orada yaşaya bilmir. Buna iddiaçının oğulları və cavabdeh-qaynı Cavabdeh3 mane olur. Halbuki, həmin evdə yaşamaq iddiaçının hüququdur. Çünki həmin ev iddiaçının və onun ərinin birgə təsərrüfat apardığı, yəni ailəli olduğu dövrdə tikilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, anası əxlaqsız hərəkət etdiyi üçün onu yaşadıqları evdən qovmuşlar. Ev atası tərəfindən tikilsə də, o və qardaşı Rauf da həmin evin yaxşılaşdırılmasında iştirak etmişdir. Anasının etdiyi əxlaqsızlıqdan sonra onlar anası ilə birlikdə həmin evdə yaşaya bilməzlər. Bu səbəbdən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Cavabdeh1 izahatı ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinin ona aid olmadığını, mübahisənin iddiaçı ilə oğullarının problemi olduğunu bildirərək, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında çıxarışdan görünür ki, X3 ilə X2 arasında bağlanmış nikah 1994-cü ilin dekabr ayının 10-cu günündə akt qeydləri kitabında 23 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada isə Qasımova soyadı verilmişdir. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X3 19.09.2017-ci ildə vəfat etmişdir. DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsinin məhkəməyə ünvanlandığı 08.09.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, X1, eyni zamanda iddiaçının və onun oğullarının(hazırkı iş üzrə cavabdehlərin) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ev və ya həyətyanı torpaq sahəsi aşkar edilməmişdir. DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsinin məhkəməyə ünvanlandığı 21.10.2021-ci il tarixli məktubda qeyd olunur ki, X1 adına Yevlax rayonu Nurallar kəndi ərazisində yerləşən 2398,1 kv.m torpaq sahəsinə DT və XK Yevlax rayon şöbəsi tərəfindən A152500 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilməsinə baxmayaraq, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli yaşayış evi 2000-ci ildə Yevlax rayon İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli qərarı ilə iddiaçının mərhum əri Mahir Qasımovun adına verilmiş 2398,1 kv.m həyətyanı torpaq sahəsində tikilmişdir. Mübahisəli ev və evin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı ilə mərhum əri 1994-cü ildə rəsmi nikah münasibətlərinə daxil olmuş və 2000-ci ildən əri ölənədək, yəni 2017-ci ilədək ailə kimi mübahisəli evdə yaşamış və birgə təsərrüfat aparmışlar. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə nəzərdə tutulur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Buna görə də məhkəmə hesab edir ki, mübahisəli yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsi dövlət qeydiyyatından keçmədiyindən və bu mübahisələri tənzimləyən birbaşa normalar olmadığından hazırkı mübahisəyə analoji münasibətləri tənzimləyən aşağıdakı qanunvericilik normaları tətbiq edilməlidir. Belə ki, 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı mübahisəli yaşayış evinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. İddiaçı Yevlax rayonu Nurallar kəndi ərazisində yerləşən 2398,1 kv.m torpaq sahəsindəki fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar