Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1647/2023 11.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə işə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan Yevlax şəhəri Nizami prospekti (keçmiş Nizami küçəsi) 31 saylı binanın 2 saylı mənzildə yaşayış hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.1997-ci il tarixdə nikah bağlayı ailə qurmuşlar. Birgə nikahdan xx.xx.1997-ci il təvəllüdlü Məmməd və xx.xx.1997-ci il təvəllüdlü Kamran adlı iki uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğuna görə 2007-ci ilin yanvar ayından cavabdeh ondan faktiki ayrılıb uşaqları ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır. Aralarından olan nikah 2007-ci ilin noyabr ayında məhkəmə qətnaməsi ilə pozulmuşdur. Yevlax Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə cavabdeh iki nəfər uşaqları ilə birlikdə mərhum anası X1 adına olan Yevlax şəhəri Nizami prospekti (keçmiş Nizami küçəsi) 31 saylı binanın 2 saylı mənzilinə köçürülməsi və həmin evdə ona yaşamaq hüququ verilməsi qət edilmişdir. Lakin cavabdehə mübahisəli mənzildə yaşamaq hüququ verdikdən sonra o, həmin mənzilə köçüb yaşamamış, hazırda onun mənzildə heç bir əmlakı yoxdur. Hüquqları Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Yevlax şəhəri Nizami prospekti (keçmiş Nizami küçəsi) 31 saylı binanın 2 saylı mənzil hazırda onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun xüsusi mülkiyyətində olan mənzilə formal olaraq pasport qeydiyyatında olmasına baxmayaraq 15 ildən artıq müddətdə həmin mənzildə yaşamamış və ona məhkəmə qətnaməsi ilə verilmiş yaşayış hüququnun itirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh oğlu məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak X4 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlər Reyestr Xidməti Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanı xüsusi mülkiyyət üzərində yerləşən 45 kv.m yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-1 seriyalı 077205 №li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah qeydi xx.xx.2007-ci il tarixdə pozulmuşdur. Yevlax Rayon Məhkəməsinin 2(039)-644/20007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh iki azyaşlı uşaqları ilə birlikdə cavabdeh X2 adına olan Yevlax şəhəri, Nizami küçəsi 32 saylı binanın 2 saylı mənzilinə köçürülməsi və həmin evdə onlara yaşamaq hüququ verilməsi qət edilmişdir. Yevlax Şəhər 1 saylı Mənzil Təmir İstismar sahəsi tıərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı Yevlax şəhəri, Nizami küçəsi 32 saylı binanın 2 saylı mənzilində qeydiyyatda olamsına baxmayaraq hal-hazırda həmin ünvanda daimi yaşamır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh iki azyaşlı uşaqları ilə birlikdə Yevlax Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi əsasında hazırki mülki iş üzrə iddiaçının mərhum anası Tamella Behbudovaya məxsus olmuş Yevlax şəhəri, Nizami küçəsi 32 saylı binanın 2 saylı mənzilinə köçürülmüş və onlara həmin mənzildə yaşamaq hüququ verilmişdir. Yevlax şəhəri, Nizami küçəsi 32 saylı binanın 2 saylı mənzili sonradan xx.xx.2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeyd edilmişdir. Eyni zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı özü də mübahisəli mənzildə daimi yaşamamaqdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin l və ll hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin l hissəsinə əsasən, Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5– ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, formalaşdırdığı hüquqi mövqeyində qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5–ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə hesab edir ki, işin müəyyən olunmuş həqiqi hallarına əsasən cavabdehin iddiaçıya məxsus mənzilin yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas aradan qalxmadığından, yəni hazırda onların yaşayış sahəsinə ehtiyacı olduğından cavabdehin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, cavabdehin başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olduğunu tam araşdırmadan hazırkı iddia tələbinin təmin edilməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmazdı. Çünki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Yuxarıda qeyd olunan hallara qiymət verən məhkəmə hesab edir ki, cavabdehin istifadə hüququna xitam verilməsi hazırki bazar qiymətinə uyğun kompensasiya ödəməklə mümkündür. Cavabdehin istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi mümkün deyildir. Odur ki, belə bir vəziyyətdə cavabdehin mübahisəli evdən istifadə hüququna xitam verilməsi cavabdehin mənzil hüquqlarını pozmuş olacaqdır. Məhkəmənin bu nəticəyə gəlməsi Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarının hüquqi mövqeyinə uyğundur. Belə ki, Cavabdeh (keçmiş ailə üzvünün) yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsasın (yaşayış sahəsinə ehtiyac) aradan qalxması, habelə mülkiyyətçinin və (və ya) mənzilin digər sakinlərinin cavabdehin və onun uşaqlarının həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz edib-etmədiyi hallar baradə İddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də İddiaçı Cavabdeh qarşı yaşayış hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1647/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1647/2023
11.09.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver