Məhkəmə qərarları › İş №2(039)-165/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-165/2025

23.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-165/2025 23.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçının iştirakı ilə İddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən payın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlərlə birgə mülkiyyətdə olan torpaq sahəsi vardır. Bu barədə adlarına torpağa mülkiyyət hüququna dair JN-0557 (kod ********) saylı dövlət aktı verilmişdir. Həmin torpaq sahəsi birgə mülkiyyətdə olsa da, hazırda paylarının ayrılmasına zərurət yaranmışdır. Cavabdehlərlə razılığa gəlib paylarının ayrılması üçün notariat kontoruna getməyi təklif etsə də, onlar imtina etmişlər. Həmin torpaq sahəsində onun 1/6 payı vardır. Torpağın naturada ayrılması üçün hazırda payının müəyyən edilməsini istəyir. Mülkiyyətçilərdən Nurməmməd Orucov və Xəzəngül Orucova vəfat etmişlər. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 215 və 220.3-cü maddələrinə istinad edərək, torpağa mülkiyyət hüququna dair JN-0557 (kod ********) saylı dövlət aktına əsasən ona və cavabdehlərə məxsus 6,54 ha torpaq sahəsindən payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə şıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs 17 saylı Yevlax Ərazi İdrarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan torpağa mülkiyyət hüququna dair JN-0557 (kod ********) saylı dövlət aktının surətindən görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 58 saylı qərarı ilə X2, X6, İddiaçı, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Yevlax rayonu Aran qəsəbəsinin ərazisindən 6.54 ha torpaq sahəsi verilmişdir. İşdə olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X3 06 dekabr 2017-ci ildə ölmüşdür. İşdə olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X8 05 mart 2019-cu ildə ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, torpağa mülkiyyət hüququna dair JN-0557 (kod ********) saylı dövlət aktına əsasən X2, X7, İddiaçı, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Yevlax rayonu Aran qəsəbəsinin ərazisindən 6.54 ha torpaq sahəsi ümumi birgə mülkiyyətlərinə verilmişdir. Cavabdehlər ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində iddiaçının payının müəyyən edilməsinə könüllü olaraq razılıq vermədiklərindən iddaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarı ilə ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə mübahisəli torpaq sahəsinin «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən tərəflərin ümumi mülkiyyətinə verildiyini nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçıların ümumi mülkiyyətdə olan torpaq sahəsindəki payları müəyyən edilməlidir. Payların miqdarına gəldikdə isə məhkəmə hesab edir ki, tərəflərin mülkiyyət payları əvvəllər təyin edilmədiyi və mülkiyyətçilərin birgə razılaşması üzrə müəyyən edilə bilmədiyi üçün həmin torpaq sahəsində onların payı bərabər hesab edilməlidir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılmalıdır. Torpaq sahəsinin 6 nəfərdən ibarət mülkiyyətçisi olduğundan və mülkiyyətçilərin payı bərabər olduğundan iddiaçının payı 1/6 hissə təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına düşən hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu da cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0557 (kod ********) saylı dövlət aktına əsasən X1, X4, İddiaçının, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı istehsalı məqsədi ilə verilmiş Yevlax rayonunun Aran qəsəbəsində yerləşən 6.54 ha torpaq sahəsində iddaçı İddiaçının payı 1/6 hissədə müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar