Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1697/2022 29.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüquqlarının tanınması və evə köçürülmə» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüquqlarının tanınması və evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus ünvan 1-ə istifadə hüququnun tanınmaqla, onun azyaşlı iki uşağı ilə birlikdə həmin evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, Cavabdeh1 ilə rəsmi ailə qurmuşlar. Birgə nikahlarından 06 dekabr 2014-cü il təvəllüdlü X1 və 11 iyun 2019-cu il təvəllüdlü X2 adlı iki uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından Yevlax Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş və uşaqlar onun yanında saxlanılmışdır. Onu gəlin köçdüyü evdən çıxarmışlar. Hazırda da həmin evə köçmək istəyir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək izah etdilər ki, iddianı qəbul edirlər. İddiaçı onlara məxsus ünvan 1 ünvanına istifadə hüququnun tanınmasına və İddiaçı iki uşağı ilə birlikdə həmin evə köçürülməsinə razıdılar. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Səyyar Asan9 tərəfindən 28 noyabr 2016-cı il tarixdə verilmiş, AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1990-cı il tarixdə Goranboy şəhərində anadan olmuş, ünvan 2-də qeydiyyatdadır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh1 xx xxxxxx 1983-cü il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Səyyar Asan9 tərəfindən 23 noyabr 2016-cı il tarixdə verilmiş, AZE seriyalı 11254313 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X1 06 dekabr 2014-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, ünvan 2-də qeydiyyatdadır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AA1180569 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X2 11 iyun 2019-cu il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 17 sentyabr 2019-cu il tarixli AZ-l 330684 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh1 ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25 dekabr 2009-cu il tarixli ********** saylı çıxarışın surətindən məlum olur ki, ünvan 2 Cavabdeh2 məxsusdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 28 iyun 2022-ci il tarixli 02649 saylı arayışdan məlum olur ki, İddiaçı evə köçürülməsi ilə bağlı mediatora müraciət etmişdir. Beləliklə, məhkəmədə aydın oldu ki, Cavabdeh1 ilə İddiaçı rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından iki uşaqları olmuşdur. Ailə qurduqdan sonra ünvan 2 ünvanında yerləşən Cavabdeh2 məxsus evdə yaşamağa başlamışlar və cavabdehlərlə birlikdə təsərrüfatı birgə idarə etmişlər. Ailə münasibətləri baş tutmadığından nikahları məhkəmə qətnaməsi ilə pozulmuş və nikah pozulduqdan sonra cavabdehlər iddiaçını azyaşlı uşaqları ilə birlikdə mübahisəli yaşayış mənzilinə buraxmırlar. Hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul edirlər və iddiaçının övladları ilə birlikdə həmin mənzilə köçürülmələrinə razıdılar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara qərəzsiz, obyektiv, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən yaşayış mənzilə istifadə hüququ tanınmalı və İddiaçı Cavabdeh1 ilə birgə nikahlarından olmuş 06 dekabr 2014-cü il təvəllüdlü X1 və 11 iyun 2019-cu il təvəllüdlü X2 adlı uşaqlarla birlikdə həmin mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən yaşayış mənzilə istifadə hüququ tanınsın. İddiaçı 06 dekabr 2014-cü il təvəllüdlü X1 və 11 iyun 2019-cu il təvəllüdlü X2 ilə birlikdə Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1697/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1697/2022
29.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver