Məhkəmə qərarları › İş №2(039)-178/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-178/2021

26.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-178/2021 26.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və köçürülməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, xx.xx.2016-ci ildə qeydiyyat tarixli çıxarışla X4 mülkiyyətində olan fərdi yaşayış evinə onun və azyaşlı oğlu X2 istifadə hüququnun tanınması və köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 2002-ci ilin oktyabr ayının 6-də ailə qurmaqla nikaha girmişlər. O, həmin günü Cavabdeh1 atası X1 olan Yevlax rayonu Tanrıqulular kəndində yerləşən fərdi yaşayış evinə gəlin olaraq köçmüşdür. Həmin vaxt mərhum qayınatası ona heç bir müddət vermədən ona məxsus fərdi yaşayış evinə köçürülməyini və əşyalarını həmin mənzilə yerləşdirməyini istəmişdir. Onlar ailə olaraq 2016-cı ilədək birlikdə yaşamışlar. X6 2009-cu ildə vəfat etmişdir. Onun üç uşağı həmin fərdi yaşayış evində doğulmuş, orada yaşamış və məktəbə getmişdir. Qayınatası vəfat etdiyi günədək onlar mehriban yaşamışlar. Qayınatasının vəfatından sonra isə 7 il həmin evdə yaşamışdır. Həmin mübahisələndirdiyi fərdi yaşayış evinə mülkiyyət sənədləri xx.xx.2016-cı il tarixində alınmış, həmin fərdi yaşayış evinə aid torpaq sahəsi Cavabdeh2, X3, Cavabdeh3 mülkiyyətində olmuşdur. X5 2010-cu il tarixində vəfat etdiyindən, hazırda torpağın mülkiyyətçilləri Cavabdeh2 və Cavabdeh3dır ki, onlar da həmin evdə yaşamaqla, ata və analarına aid olan mirası qəbul etmişlər. Digər Cavabdeh1 isə onun keçmiş həyat yoldaşıdır. Cavabdehlərin ata və analarına aid olan mirasda yaşamaları həmin mirasın qəbul edilməsidir. O, hazırda da mərhum qayınatasının mülkiyyətində olan Yevlax rayonu Tanrıqulular kəndində yerləşən fərdi yaşayış evinə köçmək istəyir. Mərhum qayınatasının əvvəl sahibliyində olan, ölümündən sonra mülkiyyətinə keçirilmiş qeyd olunan fərdi yaşayış evinə onun daimi qeydiyyatı olmaqla bərabər, mərhum qayınatasının istək və arzusu ilə ora köçərək cehiz əşyalarını bu əmlaka yerləşdirmişdir. Cavabdeh1 ilə ailə münasibətləri pozulduğundan, o həmin evdə yaşaya bilmir. Ancaq mərhum qayınatası onu qeyd şərtsiz həmin fərdi yaşayış evinə gəlin olaraq köçürmüş, əşyaları, yəni cehiz əşyalarını bu evə yerləşdirmişdir. Bu günə kimi cehiz əşyaları mübahisələndirdiyi və qeydiyyatda olduğu fərdi yaşayış evindədir. Həmin fərdi yaşayış evinə istifadə hüququnun tanınmasını və köçürülməyini istəyir. Yaşamağa başqa yeri yoxdur. Cavabdehlər evin rəsmi mülkiyyətçisi olmasalar da, həmin əmlaka gözlənilən mülkiyyət hüquqları mövcuddur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qəbul etmədiklərini, iddiaçının 2016-cı ildən mərhum atalarına məxsus evdə yaşamadığını bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mübahisəli evə dair tərtib olunmuş və 1989-cu ilin mart ayında təsdiq edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan” görünür ki, ev 2 otaqdan ibarətdir, ümumi sahəsi 82,4 m2-dir; evin sahibi kimi Lətif Tağıyev qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lətif Tağıyevin adına xx.xx.2016-cı il tarixdə erilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan” görünür ki, çıxarışın verilmə anına, mübahisəli mənzil, dövlət reyestrində xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Lətif Tağıyevin adına qeydə alınmışdır. İş üzrə tərəflərin izahatlarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh1 xx xxxxxxx 2002-ci il tarixində nikahlarını dövlət qeydiyyatına aldırmışlar. Onların birgə nikahından Elnur, Emil və Elmir adlı uşaqları anadan olmuşdur. Yevlax rayonu Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 299116 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2008-ci ildə ildə vəfat etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2002-ci il tarixli nikah qeydi pozulmuşdur. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçı, Cavabdeh1lə ilə nikaha daxil olmamışdan xeyli əvvəl mübahisəli ev Cavabdeh1 mərhum atası Lətif Tağıyevin qanuni sahibliyi və istifadəsində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2.). İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.3.). Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.4.). Mülki Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (maddə 157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8.). Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır (maddə 158.1.2.). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (maddə 158.2.). İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Protokolunun (Protokol (qeyri rəsmi olaraq) 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi xx xxxxxxxx 2007-ci il tarixli qərarda qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Qeyd edilən qərarda həmçinin göstərmişdir ki, mənzilə dair şikayətçiyə orderin verilməsindən ibarət hərəkət elə bir hərəkətdir ki, bu hərəkətin nəticəsi olaraq şikayətçi mənzilin mülkiyyətçisi hesab edilməlidir, çünki bu order əsasında şikayətçi ilə səlahiyyətli orqan arasında mənzilə dair “sosial kirayə müqaviləsi” bağlanıla bilər ki, həmin müqaviləyə və müvafiq hüquqi aktlarda təsbit edilmiş şərtlərə əməl edərək şikayətçi mənzili pulsuz olaraq özəlləşdirə bilərdi. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə qəbul etdiyi xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdə formal təsnifatdan asılı deyil və müvafiq olaraq fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqlar” sayılır və mülkiyyət kimi qiymətlədirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Yuxarıda qeyd olunan beynəlxalq və ölkə daxili hüquq normalarının tələblərinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin qərarlarında təsbit edilmiş hüququ mövqeyinin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, İddiaçı mübahisəli mənzilə köçən zaman mənzil mərhum Lətif Tağıyevin mülkiyyətində olan əmlak hesab edilirdi. Çünki həmin vaxt Lətif Tağıyevin mübahisəli ev üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasa da, Lətif Tağıyev “qanuni gözləntiyə” malik olan şəxs olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin hallarından müəyyən edildiyi kimi, tərəflər arasındakı mülki münasibətlər 2002cı ilin oktyabr ayında, yəni xx.xx.2000-ci il tarixdən Azərbaycan Respublikasında qüvvəyə minmiş Mülki Məcəllənin qüvvədə olduğu dövrdə yaranmışdır. Mülki Məcəllənin “Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ” adlı 228-ci maddəsinin mənasına görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. (maddə 228.2.). Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir (maddə 228.5.). Qeyd edilən maddi hüququ normasının işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, İddiaçı mübahisəli yaşayış evinə köçən zaman ev mülkiyyətçiyə bərabər tutulan “qanuni gözləntiyə” malik olan, iddia ərizəsi verilən zaman isə artıq mülkiyyət hüququnu qeydə alınmış mərhum qaynatası Lətif Tağıyevin mülkiyyətində olmuşdur. Lakin İddiaçı evə köçərkən onunla Lətif Tağıyev arasında evdə yerləşən yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud deyil. Başqa sözlə, cavabdeh İddiaçı mübahisəli evdə yerləşən yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinin tələbinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinin mənasına görə isə, mülkiyyətçi ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Bu hüquq dövlət tərəfindən tanınır və qorunur. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı tələbi əsasızdır və təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və köçürülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar