Məhkəmə qərarları › İş №2(039)-1802/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1802/2020

19.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1802/2020 19.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızının nümayəndəsi və vəkili X9 Cavabdehlər Cavabdeh1, Musayeva (Həsənova) Leyla Səfər qızının, X2 və X7 iştirakı ilə İddiaçı Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızının cavabdehlər Cavabdeh1, Musayeva (Həsənova) Leyla Səfər qızına, X3 və X10 qarşı «fərdi yaşayış evində övladları ilə birlikdə istifadə hüququnun tanınması və həmin evə köçürülmə» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızı cavabdehlər Cavabdeh1, Musayeva (Həsənova) Leyla Səfər qızına, X3 və X10 qarşı «fərdi yaşayış evində övladları ilə birlikdə istifadə hüququnun tanınması və həmin evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun gəlin köçdüyü, övladlarının dünyaya gəldiyi, cehiz və digər əşyalarının hal-hazıradək yerləşdiyi, eyni zamanda özünün və iki yetkinlik yaşına çatmamış övladlarının qeydiyyatda olduqları, Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən, o cümlədən torpağın mülkiyyətə verilməsinə dair JN 133A saylı 90114018 kodlu şəhadətnaməyə cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsi üzərində yerləşən, fərdi yaşayış evində onun və yetkinlik yaşına çatmamış övladları 2010-cu il təvəllüdlü Fəxriyyə Həsənova və 2013-cü il təvəllüdlü Salamat Həsənovla birlikdə istifadə hüquqlarının tanınması və onların həmin evə köçürülmələrinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızının nümayəndəsi və vəkili X18 iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh1 iddiaçının həyat yoldaşı, digər cavabdehlər isə onun ailə üzvləridir. İddiaçı Cavabdeh1 ilə nişanlı idi, lakin ona qoşulub qaçmışdır. xx xxxx 2009-cu il tarixdə toyları olmuş və iddiaçı hazırda cavabdehlərin yaşadıqları, o cümlədən iddia ərizəsinin predmetini təşkil edən - Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən fərdi yaşayış evinə gəlin köşmüşdür. İddiaçının cehizləri hal-hal hazıradək həmin fərdi yaşayış evindədir. İddiaçı xx xxxx 2009-cu il tarixdə cavabdehlə faktiki nikah münasibətinə girmiş, xx xxxx 2010-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan iki övladları xx xxxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxxxx 2013-cü il təvəllüdlü X11 olmuşdur. 2020-ci ilin may ayının sonlarında iddiaçı Cavabdeh1la faktiki olaraq ayrılmışdır. İddia tələbi əsasında Cavabdeh1 aliment öhdəlikləri yaranmışdır (hər ay hər uşağa görə 120 manat). Eyni zamanda Cavabdeh1 iddiası əsasında aralarında olan rəsmi nikahın pozulmasına dair mülki iş Yevlax Rayon Məhkəməsinin icraatındadır. Hazırda uşaqlar iddiaçının yanındadır. İddiaçının bütün cehiz əşyaları cavabdehlərin yaşadığı, mübahisəli evdədir. İddiaçının və uşaqlarının da qeydiyyatları həmin evədir. Cavabdehlər mübahisəli evdən iddiaçını və uşaqlarını məcburən çıxardıblar. Onların isə başqa daimi yaşayış yeri yoxdur. Müxtəlif ünvanlardı yaşamaq məcburiyyətindədilər. Bu hal isə övladlarının səhhətlərinə, təhsillərinə və tərbiyələrinə çox mənfi təsir göstərir. Mübahisəli fərdi yaşayış evinin hüquqi statusunun müəyyən edilməsi üçü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X23 sorğu edilərkən müəyyən edildi ki, həmin ev Dövlət reyestrində qeydiyyatda deyildir lakin mübahisəli evin yerləşdiyi həyətyanı torpaq sahəsi torpağın mülkiyyət verilməsinə dair JN 133A saylı 90114018 kodlu Şəhadətnaməyə əsasən cavabdehlərin, digər mülkiyyətçilərlə birlikdə ümumi birgə mülkiyyətinə daxildir. Cavabdehlərin həmin şəhadətnamə əsasında mülkiyyət hüquqları xx xxxxxx 2000-ci il tarixdə yaranmışdır. xx xxxx 2009-cu il tarixdə mübahisəli ev üzərinə gözlənilən ümumi birgə mülkiyyət hüququna malik olan cavabdehlərdən biri olan Cavabdeh1la iddiaçı faktiki nikah münasibətinə girərək ailə qurmuş və həmın evə gəlin köçmüşdür. Eyni zamanda cavabdeh olan Musayeva (Həsənova) Leyla Səfər qızı iddiaçını gəlin olaraq qəbul etmiş, həmin ünvanda oğluna toy edərək iddiaçını oraya gəlin gətirmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, Rəsmiyyə ilə xx xxxx 2010-cu il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından iki uşaqları olmuşdur. Faktini olaraq ailələri mövcud deyil. Məhkəmə qətnaməsi əsasında uşaqların saxlanılması üçün aliment ödəyir. Həmçinin nikahın pozulması barədə iddia məhkəmənin icraatındadır. İddiaçı ilə onların bir ünvanda yaşamaları qeyri mümkündür. Belə ki, yaşamaları mümkün olsaydı ailələri dağılmazdı. Hər gün evdə mübahisə olur. Bu ilin aprel ayından Rəsmiyyə evdən çıxıb getmişdir. Cavabdeh1 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Musayeva (Həsənova) Leyla Səfər qızı məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, oğlu Səxavətlə Rəsmiyyə ailə qurmuşlar. Rəsmiyyə ilə Səxavətin ailə münasibətləri baş tutmadığından boşanmışlar. Rəsmiyyə nə oğlu ilə, nə qızları ilə, nə də onunla dolanmır. Rəsmiyyənin həmin evə köçərək onlarla yaşaması qeyri mümkündür. Cavabdeh Musayeva (Həsənova) Leyla Səfər qızı məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X12 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, Səxavət onun qardaşıdır. Həmin ev onlara atalarından qalmışdır. Rəsmiyyə həmin evə gəlin köçmüşdür. Lakin qardaşı ilə boşandıqdan sonra evdə çıxıb getmişdir. Rəsmiyyənin onların evində yaşaması qeyri mümkündür. Cavabdeh X12 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X15 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, onların Yevlax rayonu, Yuxarı Qarxun kəndində fərdi yaşayış evləri vardır. Rəsmiyyə qardaşı Səxavətlə evlənmişdir. Lakin ailə münasibətləri baş tutmadığından boşanmışlar. Hazırda Rəsmiyyə həmin evdə yaşamır və yaşaması da mümkün deyil. Belə ki, evlərində daima söz-söhbət olur və tez-tez mübahisələr olur. Cavabdeh X15 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızı xx xxxxxx 1989-cu il tarixdə Yevlax şəhərində anadan olmaqla, Yevlax rayonu, Yuxarı Qarxun kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2013-cü il tarixdə verilmiş AZ-lll 045807 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X11 xx xxxxxx 2013-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2010-cu il tarixdə verilmiş AZ-ll saylı 461703 doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 xx xxxxx 2010-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş AZ-l 88855 saylı çıxarışdan məlum olur ki, Cavabdeh1 ilə İddiaçı arasında xx xxxx 2010-cu il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı xx xxxx 2015-ci il tarixli çıxarışının surətindən məlum olur ki, Musayeva (Həsənova) Leyla Səfər qızının və qeyrilərinin Yevlax rayonu, Yuxarı Qarxun kəndində 3.3816 ha kənd təsərrüfatı təyinatlı ümumi birgə torpaq sahələri vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağın mülkiyyətə verilməsinə dair JN-133A kod 90114018 şəhadətnamənin surətindən məlum olur ki, Yevlax rayonu, Yuxarı Qarxun kəndində X8, X13, X14, Cavabdeh1 X1 və X5 0.11 ha həyətyanı ümumi birgə torpaq sahələri vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-1262/2020 saylı qətnaməsinin surətindən məlum olur ki, Cavabdeh1 uşaqların saxlanılması üçün aliment tutularaq Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızına verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı xx xxxxxxx 2020-ci il tarixli çıxarışının surətindən məlum olur ki, Yevlax rayonu, Yuxarı Qarxun kəndində X8, X13, X14, Cavabdeh1 X1 və X5 ümumi birgə fərdi yaşayış evi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2005-ci il tarixli AZ-l 150959 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X16 xx xxxxxx 2005-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Yuxarı Qarxun kənd İƏD üzrə nümayəndəliyinin xx xxxxxxx 2020-ci il tarixli 614 saylı arayışından məlum olur ki, X19 xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin l və ll hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin l hissəsinə əsasən, Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 228.1-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə iş materiallarından və tərəflərin izahatlarından məlum olur ki, Cavabdeh1 ilə İddiaçı arasında xx xxxx 2010-cu il tarixdə nikah bağlanmışdır. İddiaçı toydan sonra cavabdehlərə məxsus Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən fərdi yaşayış evinə köçmüşdür. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Cavabdeh1 İddiaçı qarşı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və işə baxılması xx xxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. İddiaçı cavabdehlərə məxsus evdən çıxmışdır. Hazırda iddiaçı cavabdehlərə məxsus fərdi yaşayış evinə azyaşlı uşaqları ilə birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər iddianı qəbul etmir. Yuxarıda qeyd olunan hallara qiymət verən məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilən mənzildən istifadə hüququ yoxdur. Ona görə də iddiaçı Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızının cavabdehlər Cavabdeh1, Musayeva (Həsənova) Leyla Səfər qızına, X3 və X10 qarşı «fərdi yaşayış evində övladları ilə birlikdə istifadə hüququnun tanınması və həmin evə köçürülmə» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızının cavabdehlər Cavabdeh1, Musayeva (Həsənova) Leyla Səfər qızına, X3 və X10 qarşı «fərdi yaşayış evində övladları ilə birlikdə istifadə hüququnun tanınması və həmin evə köçürülmə» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar