Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-184/2023 02.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Yevlax şəhəri Dostluq küçəsi 83 ünvanından cavabdehin çıxarılması tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə ünvan 2 ünvanından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, daha sonra iddia tələbini dəqiqləşdirərək Yevlax şəhəri Dostluq küçəsi 83 ünvanında yerləşən mülkiyyətində olan 0,036 ha torpaq sahəsindən və həmin torpaq üzərində yerləşən fərdi yaşayış evindən cavabdehin çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Yevlax şəhəri Dostluq küçəsi 83 ünvanında onun xüsusi mülkiyyətinə 0.036 ha ölçüdə həyətyanı torpaq sahəsi daxildir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən təsbit edilmiş və həmin torpaq sahəsi üzərində kiçicik bir yaşayış sahəsi inşa etdirmişdir. Hazırda Yevlax şəhəri Dostluq küçəsi 83 ünvanında son 3 ildir ki, Cavabdeh qanunsuz və əsassız olaraq yaşayır. Cavabdeh onun sabiq gəlini, o cümlədən oğlu X1 həyat yoldaşıdır. Yevlax Rayon Məhkəməsinin 28 iyun 2009-cu il tarixli qətnaməsinə əsasən X6 ilə Cavabdeh arasında olan rəsmi nikah pozulmuşdur. Cavabdeh onun ailə üzvü sırasından çıxmış və onunla, o cümlədən oğlu Azərlə heç bir ailə bağlılığı qalmamışdır. Cavabdeh iki dəfə onların ailə üzvülərinə qarşı cinayət əməli törətmişdir. Belə ki, o bir dəfə oğlu Azəri bıçaqlayaraq onun böyrəyinin çıxarılması ilə nəticələnən cinayət əməli törətmiş, bir dəfə isə ona qarşı sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Hər iki əməlinə görə cavabdeh cinayət məsuliyyətinə cəlb edilmişdir. O, dəfələrlə cavabdehə müraciət edərək, Yevlax şəhəri Dostluq küçəsi 83 ünvanından çıxmasını və həmin daşınmaz əmlakı ona təhfil verməsini tələb etmiş, o, isə onun bu barədə olan tələblərini rədd etmişdir. Cavabdehin Yevlax şəhəri Dostluq küçəsi 83 ünvanında qanunsuz və əsassız olaraq qalması mülkiyyətçi olaraq onun istifadə, sahiblik və sərəncam vermək hüquqlarını pozur. Odur ki, ona aidiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətində oldur. Yevlax Rayon Məhkəməsinin 2(039)-184/2023 saylı, xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin olunmuşdur. Cavabdeh ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, məhkəmənin 2(039)-184/2023 saylı, xx.xx.2023-cü il tarixli qiyabi qətnamənin ləğv olunmasını və işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddiaçı ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Yevlax şəhəri Dostluq küçəsində yerləşən 83 saylı 0.036 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X6 ilə Cavabdeh arasında bağlanmış 30.07. 2008-ci il tarixli 289 saylı nikah qeydi pozulması qət edilmişdir. Yevlax şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 582 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Yevlax şəhəri B.İmanov küçəsi 141 saylı evdə qeydiyyatda olan Cavabdeh aid məhkəmə bildirişi, vətəndaş Cavabdeh özünə çatdırlmışdır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh X3 himayəsində olan xx.xx.1999-cu il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü saat 18-dən həmin həftənin bazar günü 18-dək olan müddət ərzində ünsiyyətdə olmaq hüququ verilməsi qət edilmişdir. Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 27 fevral 2022-ci il tarixli, 3-21-3-35/2-774/2023 saylı bildirişindən görünür ki, Yevlax şəhəri, Dostluq küçəsi ev 83 yerləşən fərdi yaşayış evininin inventarlaşdırmaq məqsədi ilə mühəndis inventarlaşdırıcı ərizədə qeyd olunan ünvana getmiş, lakin mübahisə olduğu üçün müayinəyə şərait yaradılmamış və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Sözügedən bildirişdə həmçinin qeyd edilmişdir ki, yaranmış mübahisə aradan qaldırıldıqdan sonra yenidən 17 saylı Yevlax Ərazi İdarəsinə rəsmi müraciət oluncağı təqdirdə fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məsələsinə baxılacaqdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisələndirilən həmin həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmış, iddiaçının oğlu ilə cavabdehin nikah münasibətləri rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə pozulmuş və iddiaçı ilə cavabdehin qohumluq münasibətlərinə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2.). İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.3.). Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.4.). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5). Mülki Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (maddə 157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8.). Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır (maddə 158.1.2.). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (maddə 158.2.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Yevlax şəhəri Dostluq küçəsi 83 ünvanda yerləşən 0.36 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq üzərində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-184/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-184/2023
02.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver