Məhkəmə qərarları › İş №2(039)-1842/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1842/2021

16.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1842/2021 16.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsgəndər qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 02 mart 2011-ci il tarixli, 41 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin və onların yetkinlik yaşına çatmayan uşaqlarının həmin mənzildən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayonu 615 hündürmərtəbəli yaşayış kompleksində 1 saylı binada yerləşən 41 nömrəli 2 otaqlı mənzilin cavabdehlərin müvəqqəti istifadələrinə verilməsinə dair 02 mart 2011-ci il tarixli, 41 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin və onların yetkinlik yaşına çatmayan uşaqlarının həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli, 65 nömrəli qərarı ilə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası təsdiq edilmişdir. Bu qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin 02 mart 2011-ci il tarixli, 41 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2 və onların övladları olan Cavabdeh3 və Cavabdeh4 Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Yevlax rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik qəsəbədə 1 nömrəli binada 41 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Yevlax rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı cavabdehlərin həmin mənzildə yaşamadığı və mənzilin kənar şəxsə kirayə verildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, pandemiya ilə əlaqədar son bir ildir Yevlaxda iş tapa bilmədiyi üçün arvadı Cavabdeh2 ilə birlikdə işləmək üçün Bakı şəhərinə getmişdir. Hazırda Bakı şəhərində kirayədə yaşayır və yaşamaq üçün başqa yeri yoxdur. Bakı şəhərinə işləməyə gedən zaman dövlət tərəfindən məcburi köçkün kimi ona verilmiş və Yevlax şəhərində məcburi köçkünlər üçün inşa edilmiş binada yerləşən 2 otaqlı mənzilini müvəqqəti yaşaması üçün hərbiçi dostunun istifadəsinə vermiş, lakin ondan kirayə pulu almamışdır. O, arvadı ilə birlikdə Bakı şəhərində yaşayıb işləsələr də, uşaqları Yevlaxda baba-nənələri ilə birlikdə yaşayır və onların dövlət tərəfindən onlara verilmiş mənzilə ehtiyacları var. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Cavabdeh1la eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02.03.2011-ci il tarixli, 41 №li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, kirayəyə verən Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh1 arasında, Yevlax rayonu 1 №li yaşayış binasında yerləşən 41 saylı mənzilin kirayəçinin müvəqqəti istifadəsinə verilməsinə dair kirayə müqaviləsi bağlanmışdır və Cavabdeh2 Fariz qızı, Cavabdeh3, Cavabdeh4 kirayəçinin ailə üzvü kimi qeyd olunmuşdur. Həmin müqavilənin 2.4.2-ci bəndində kirayəçinin vəzifələrindən biri kimi, kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxslərin icarəsinə, istifadəsinə verməmək vəzifəsi qeyd edilmişdir. İş materiallarında olan 615 mənzilli hündürmərtəbəli yaşayış kompleksinin mənzil kommunal istismar sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 27.05.2021-ci il tarixli, 29.06.2021-ci il tarixli və 29.07.2021-ci il tarixli aktlardan görünür ki, bina 1 mənzil 41 ünvanda yaşayan Cavabdeh1, dövlət tərəfindən onun yaşaması üçün verilən mənzili özbaşına başqasına kirayəyə vermişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq mənzil boşaldılmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehlər məcburi köçkündürlər və 2011-ci ildə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında Yevlax rayonunda məcburi köçkünlər üçün inşa edilən binada mənzillə təmin edilmişlər. Son bir ildir ailə vəziyyəti ilə əlaqədar cavabdehlər mənzillərində yaşamırlar və həmin mənzili başqa şəxsin istifadəsinə verərək, müqavilə üzrə üzərlərinə düşən vəzifələrini icra etməyiblər. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.02.2017-ci il tarixli, 65 №li Qərarının 3.3-cü bəndində qeyd olunmuşdur ki, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin Qərarın 3.7-ci bəndində göstərilmişdir ki, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 02 mart 2011-ci il tarixli, 41 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan uşaqları Cavabdeh3, Cavabdeh4 Yevlax rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik yaşayış kompleksinin 1 nömrəli binasının 41 nömrəli mənzilindən çıxarılsınlar. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar