Məhkəmə qərarları › İş №2(039)-1937/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1937/2020

22.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1937/2020 22.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı evdən istifadə hüquqlarına xitam verilməsi və pasport qeydinin ləğvinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və pasport qeydinin ləğvinə dair qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında yerləşən evin mülkiyyətçisidir və hazırda həmin ünvanda yaşayır. Onun evində qeydiyyatda olan hazırkı cavabdehlər 1993-cü il təvəllüdlü Cavabdeh1, 1982-ci il təvəllüdlü Cavabdeh2, 1981-ci il təvəllüdlü Cavabdeh3, 1992-ci il təvəllüdlü Cavabdeh4, 1986-cı il təvəllüdlü Cavabdeh5, 1986-cı il təvəllüdlü Cavabdeh6, 1960-cı il təvəllüdlü Cavabdeh7 ona məlum olmayan səbəblərdən evinə qeydiyyata alınmışlar. Bu şəxsləri o, tanımır, onunla heç bir qohumluq münasibətləri yoxdur. Heç bir vaxt evində yaşamayıblar. Bir gündə belə olsun onun evi ilə onların heç bir əlaqəsi mövcud olmamışdır. Evi ilə bağlı notariat orqanında müvafiq əməliyyat aparılarkən bu şəxslərin bir ailə olaraq evində qeydiyyatda olmaları ortaya çıxmışdı. Bu insanların kim tərəfındən, hansı məmur tərəfindən süni qaydada evinə qeydiyyata alınması onun üçün müəmmalıdır. Onlar bu kimi özbaşınalıqları edərək xüsusi mülkiyyətdə olan əmlakın üzərinə naməlum şəxslərin adlarını qeyd edərək qanunsuzluq etmişlər. Bu baxımdan da Yevlax rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onların evinə hansı səbəb və əsaslarla qeydiyyata düşdüyünü, kimin razılığı ilə bu işlərin görüldüyünü və həmin şəxslərin evindən dərhal çıxmasını istəmişdir. Yevlax Rayon Polis Şöbəsi tərəfindən isə ona qeydiyyatdan çıxma ilə bağlı məhkəməyə müraciət etməyi bildirilmişlər. İddiaçı məhkəməyə teleqram göndərərək məhkəmədə iştirak edə bilməyəcəyini bildirərək məhkəmə prosesinin başqa tarixə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər CavidBayramov, Pərvanə Səfərov, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Kifayət Səfərov iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, iddiaçının iştirakı olmadan, habelə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Yevlax şəhəri N.Nərimanov küçəsində yerləşən iki mənzilli ümumi sahəsi 98.05 kv.m olan yaşayış sahəsi 45.45 kv.m A və B evlərindən ibarət olan 32 nömrəli yaşayış evi xx xxxxxx 1997-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. Yevlax Rayon Polis Şöbəsinin İddiaçı ünvanlanmış məktubunda qeyd olunur ki, fərdi yaşayış evində kənar şəxslərin pasport qeydiyyatından çıxarılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, iddiaçının iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı cavabdehləri tanımır, onunla heç bir qohumluq münasibətləri yoxdur, heç bir vaxt evində yaşamayıblar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələrbununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında görə, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Hazırkı halda cavabdehlərin iddiaçıya məxsus evə münasibətdə hər hansı hüququnun yaranması müəyyən edilmədiyindən yuxarıda qeyd edilən hüquqi mövqeyə görə, iddiaçı, inzibati orqan olan Yevlax Rayon Polis Şöbəsinin imtinasından müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Mülki Prosessual Məcəllə: Maddə 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı halda iddiaçının iddia ərizəsinə ümumi məhkəmələr tərəfindən ümumi iddia icraatı qaydasında baxılmalı deyil və bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 263, 264, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı evdən istifadə hüquqlarına xitam verilməsi və pasport qeydinin ləğvi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar