Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1939/2020 15.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı və vəkili Vəkil Cavabdehlər Cavabdeh1, vəkili Məmmədov Fərhad Möhübbət oğlunun və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cavabdehlərin evdən çıxarılması» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cavabdehlərin evdən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Yevlax şəhəri, Q.B.Zakir küçəsi mənzil 77A-dən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, hazırda yaşadıqları evi o tikdirmişdir. Həmin vaxt rəsmi nikahda olsa da, sonradan yoldaşı ilə əmlaklarını bölüb ayrılmışlar. Həmin vaxt oğlu Rəsul da atası ilə çıxıb getmişdir. Lakin sonrdan atasından qaçıb onun yanına gəlmişdir. Həmin vaxt yanına çəkib oğlunu evləndirmişdir. Nəvəsi də onun evində dünyaya gəlmişdir. Oğlu üçün etdiklərinə baxmayaraq, oğlu onu hər gün döyür, söyür və yaşamağa qoymur. Birgə yaşamaqları qeyri mümkündür. Bu səbəbdən də məcbur qalıb məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı və vəkili Vəkil iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdehlər ər arvaddırlar. Cavabdeh1 iddiaçının oğlu, digər Cavabdeh2 isə gəlinidir. Hər iki cavabdehlər uzun illərdir ki, iddiaçıya məxsus Yevlax şəhəri Q.B.Zakir küçəsi mənzil 77A-da yaşamırdılar. Belə ki, iddiaçı həyat yoldaşı ilə məhkəmə qaydasında ayrılan zaman Cavabdeh1 atasının yanında qalmışdır. Cavabdeh1 işləmiş, pul qazanmış və qazancını isə atasına vermişdir. Bütün bunlara baxmayaraq gəlib ailəsi ilə birlikdə iddiaçının evində yaşayırlar. Evi çox böyük deyildir və həmin evdə digər övladları da yaşayırlar. Cavabdeh1 iddiaçıya övlad qayğısı və məhəbbəti göstərmək əvəzinə iddiaçını amansızcasına döyür, əxlaqsız söyüşlər söyərək onu təhqir edir. Hətta bir dəfə iddiaçını boğaraq öldürməyə cəhd etmişdir. Cavabdeh1 iddiaçıya olmazın zülmlər edir. Həyat yoldaşı olan digər cavabdeh isə ondan dəstək alaraq iddiaçını alçaldır. Cavabdehlərlə iddiaçının eyni ünvanda yaşamaqları tamamilə mümkünsüzdür. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı onun anasıdır. Heç vaxt anasını döyməmiş və ona söyməmişdir. Anası ilə həyat yoldaşının arası pul məsələsinə görə pozulmuşdur. O həmin evdə anadan olmuş və həmin evdə də böyümüşdür. Hazırda da həmin evdə ailəsi ilə birlikdə yaşayır. Cavabdeh1 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 vəkili Məmmədov Fərhad Möhübbət oğlu məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, Cavabdeh1 iddiaçının oğludur. Tərəflər yaşadıqları evin yerləşdiyi torpaq sahəsi həmçinin cavabdehə məxsusdur. Belə ki, həmin torpaq sahəsi ümumi birgə mülkiyyətli torpaqdır. Hazırki iddia əsassızdır. Cavabdeh1 vəkili Məmmədov Fərhad Möhübbət oğlu məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, Cavabdeh1 ailə qurmuş və sözügedən evə gəlin köçmüşdür. Cavabdeh1 ilə birgə nikahlarından həmin evdə dünyaya gəlmiş övladları olmuşdur. Hazırda qaynanası ilə münasibətləri pisləşmişdir. Lakin onların başqa yaşayış yerləri yoxdur. Cavabdeh2 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxx 2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxxx 1940-cı il tarixdə Ermənistan Respublikası Əzizbəyov rayonunda anadan olmaqla, Yevlax şəhəri, Q.B.Zakir küçəsi 77Ada qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı xx xxxxxxxx 2020-ci il tarixli çıxarışının surətindən məlum olur ki, Yevlax şəhəri, X15 küçəsi ev 77A Həziyev Cəlal Göyüş oğlunun yaşayış sahəsi 33.60 kv.m hissəsi torpaq ümumi birgə, İddiaçı yaşayış sahəsinin 48.30 kv.m hissəsi, torpaq ümumi birgə, X6 torpaq ümumi birgə, X1 torpaq ümumi birgə, Cavabdeh1 torpaq ümumi birgə, X3 torpaq ümumi birgə və X4 ümumi birgə torpaq sahələri vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş 2552 saylı arayışından məlum olur ki, Həziyev Cəlal Göyüş oğlu ilə X5 arasında xx xxxx 1975-ci il tarixdə nikah qeyd edilmişdir. Məhkəmədə aydın oldu ki, Cavabdeh1 İddiaçı övladıdır. Cavabdeh1 Cavabdeh2 ilə evlənmişlər və sonuncu toydan sonra ər evinə köçmüşdür. Onların birgə nikahlarından övladları olmuşdur. Tərəflər arasında olan razılığa əsasən iddiaçı ilə cavabdehlər ayrı-ayrı otaqlarda yaşamışlar. Hazırda aralarında olan mübahisələrə görə iddiaçı cavabdehlərin evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin tərəflər yaşadıqları evin inşa edildiyi torpaq sahəsi ümumi birgə paylı mülkiyyət olmaqla Həziyev Cəlal Göyüş oğluna, İddiaçı, X9, X2, Cavabdeh1, X7 və X8 məxsusdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin l və ll hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin l hissəsinə əsasən, Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Ağalarovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyana və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, «…yaşayış sahəsindən istifadəyə xitam verilməsi məsələsi məhz yaşayış sahəsindən istifadə qaydasına aid olunan məsələlərdən biridir… Eyni zamanda, ailə üzvləri yaşadığı halda, onlardan birində mənzilə mülkiyyət hüququ, digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır… Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin». Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Yuxarıda qeyd olunan hallara qiymət verən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin mənzildən çıxarılmasını tələb etsə də, hazırkı bazar qiymətinə uyğun kompensasiya verilməsini təklif etmir. Cavabdehlərin çıxarılması üçün hazırki bazar qiymətinə uyğun olaraq kompensasiya ödənilməlidir. Həmçinin tərəflər ailə üzvləri olmaqla həmin evdə qeydiyyatdadılar. Bundan başqa evin inşa edildiyi həyətyanı torpaq sahəsi birgə paylı mülkiyyət olduğundan Cavabdeh1 həmin ev torpaqda payı vardır. Odur ki, belə bir vəziyyətdə həmin cavabdehlərin mübahisəli evdən istifadə hüququna xitam verilməsi və onların evdən çıxarılması cavabdehlərin mənzil hüquqlarını pozmuş olacaqdır. Ona görə də İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cavabdehlərin evdən çıxarılması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cavabdehlərin evdən çıxarılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1939/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1939/2020
15.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver