Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1945/2022 21.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin uşaqları ilə birlikdə Yevlax rayonu, Havarlı kəndində yerləşən, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tədəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Yevlax rayonu, Havarlı kəndində fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Qeyd edilən fərdi yaşayış evi 0.12 ha torpaq sahəsində yerləşən həmin torpaq sahəsində iki fərdi yaşayış tikilmiş və hər iki ev mülkiyyət hüququ ilə ona məxsusdur. Fərdi yaşayış evinin texniki pasportunda yaşayış evləri A və A1 şərti işarələrlə göstərilmiş, Ayaşayış evində o, ailə üzvləri ilə birlikdə yaşayır. A1 yaşayış evində isə hazırda qardaşı Rəhmanın ailəsi yaşayır. Ev üç otaqdan ibarətdir və tam təmir olunmuş bir otaq hazır olduğundan ailəsi və uşaqları orada yaşayır. Qardaşı Rəhman xx.xx.2019-cu ildə işemək kardiomiopatiya səbəbindən ölmüşdür. Ölümündən bir müddət əvvəl onun razılığı ilə ailəsi ilə birlikdə qeyd edilən fərdi yaşayış evinə köçüb yaşamağa başlamışdır. Qardaşı əvvəl kirayədə yaşamış və maddi vəziyyəti ağır olduğundan kirayə pulunu verə bilmədiyindən köçüb həmin evdə müvəqqəti yaşamalarına razılıq vermiş, lakin hazırda ev bir həyətdə olduğundan və münasibətləri pozulduğundan onların bir yerdə yaşamaqları mümkün deyil, cavabdeh qardaşının ölümündən sonra onlara qarşı olan münasibətləri tamamilə dəyişmış, hətda uşaqları ilə görüşməyə mane olur. Tez-tez dava dalaş salaraq onları təhqir edir. Eyni həyətdə yaşamaqları mümkün deyil. Cavabdeh onun mülkiyyətindən istifadə etməklə ona mane olur, həmçinin mülkiyyətçi kimi onun hüququları pozulur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, 2008-ci ildə iddiaçının qardaşı Rəhman ilə ailə qurduğunu, həmin nikahdan 2 uşağının olduğunu, həyat yoldaşının vəfat etdiyini, 2014-cü ildən həmin mübahisəli evdə uşaqları ilə yaşadığını və cehiz əşyalarının həmin evdə olduğunu, son 1 aydır ki, orada yaşamadığını bildirərək məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Yevlax rayonu Havarlı kəndində yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən 137,80 kv.m yaşayış evi (A və A1 tikililəri) tam mülkiyyət hüququ ilə İddiaçı Bəhram oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən tərtib olunmuş reyestr nömrəsi **********54-10301 olan fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, Yevlax rayonu Havarlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin üzərində yerləşən ümümi sahəsi 137,80 kv.m-lik yaşayış evi A və A1 tikililərindən ibarətdir və onların hər ikisi 2018-ci ildə tikilmişdir (hüquq subyekti İddiaçı). Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Yevlax rayonu Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 342 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bəhram oğlunun həqiqətən Ağdaş rayonu, Pirkəkə kəndində qeydiyyatda olmasına baxmayaraq Yevlax rayonu, Havarlı kəndində yaşayır. Yevlax rayonu Havarlı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarından görünür ki, Ağdaş rayonu, Pirkəkə kənd sakini X3 bələdiyyə mülkiyyətində olmuş 0,12 ha torpaq sahəsi alqı-satqı qaydasında satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixlı qərarına əsasən MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin, icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələrindən bəhs edən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (30.1). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (30.2). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar (30.3). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər(30.4). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014cü il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2.). İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.3.). Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.4.). Mülki Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (maddə 157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8.). Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır (maddə 158.1.2.). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (maddə 158.2.). Göründüyü kimi, hazırda mübahisə olunan ev 2022-ci ilin iyun ayınadək özbaşına tikinti sayılmış (qanunla özbaşına tikiliyə hər hansı bir hüquq tanınmır), cavabdeh tərəfin iddiaçı ilə qohumluq münasibətləri isə iddiaçının mərhum qardaşı vafat edəndən sonra itirilmiş, eləcə də cavabdeh mənzil və ailə qanunvericiliyi ilə müəyyən edilmiş digər qohumlar sırasına daxil deyildir. Cavabdeh həmin evdə 2014-cü ildən yaşadığını bildirsə də, sözügedən evin Texniki Pasportunda tikililərin hər ikisinin 2018-ci ildə tikildiyi qeyd edilmişdir. Sadalanan qanunvericilik normalarından və işin mövcud hallarından da müəyyən olunur ki, cavabdehin istinad edilən ünvana qanunvericiliklə nəzərdə tutulmuş istifadə hüququ mövcud deyildir. Bu səbəbdən də iddia əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh uşaqları ilə birlikdə Yevlax rayonu, Havarlı kəndində yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1945/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1945/2022
21.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver