Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2030/2021 25.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi X1 Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, İddiaçı «evə köçürülmə» tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izah etdi ki, İddiaçı X6 ilə ailəli olmuşdur. Ailə qurduqdan sonra ünvan 1 ünvanında yerləşən evə köçmüş və 6 il həmin evdə yaşamışdır. Yevlax Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli qətnaməsi ilə qızı ilə X6 arasında bağlanmış nikah pozulmuş və qızı məcbur olub həmin evdən çıxmışdır. Hazırda qızı həmin evə köçərək orada yaşamaq istəyir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı ilə övladı X6 ailəli olmuşlar. Bu səbəbdən də iddiaçı onun evində yaşamışdır. Yevlax Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və iddiaçı onun evindən çıxmışdır. Ev ona məxsusdur. Hazırda da onun evində iddiaçı üçün yer yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli 2(039)-105/2018 saylı qətnaməsinin surətindən məlum olur ki, X6 ilə X3 arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 2963A saylı 24 iyun 2003-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən məlum olur ki, Yevlax şəhəri, N.Nərimanov küçəsində yerləşən 65 saylı fərdi yaşayış evi Cavabdeh məxsusdaur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 228.1-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə iş materiallarından və tərəflərin izahatlarından məlum olur ki, X6 ilə İddiaçı arasında 13 noyabr 2012-ci il tarixdə nikah bağlanmışdır. İddiaçı toydan sonra cavabdehə məxsus Yevlax şəhəri, N.Nərimanov küçəsi ev 65-də yerləşən fərdi yaşayış evinə köçmüşdür. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. X6 ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. Həmin vaxtdan iddiaçı evdən çıxmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan hallara qiymət verən məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilən mənzildən istifadə hüququ yoxdur. Ona görə də İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2030/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2030/2021
25.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver