Məhkəmə qərarları › İş №2(039)-2030/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2030/2022

15.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2030/2022 15.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən zəbt olunmuş Yevlax rayonu, Balçılı kəndində yerləşən 0,44 hektar torpaq sahəsindən sonuncunun çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət Qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Yevlax rayon, Balçılı kəndində yerləşən 0,44 hektar torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Lakin həmin torpaq sahəsi onun xüsusi mülkiyyətində olmasına baxmayaraq, cavabdeh qanunsuz olaraq həmin torpaq sahəsini zəbt etmişdir. O, dəfələrlə bu barədə ona xəbardarlıq etməyinə baxmayaraq, cavabdeh ona məxsus olan zəbt etdiyi torpaq sahəsindən çıxmaq istəmir və bundan imtina edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, həmin torpaq sahəsinin onun mülkiyyətində və istifadəsində olan Yevlax rayonu, Balçılı kəndində yerləşən 1,7401 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daxilində olduğunu bildirmiş və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********22 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Balçılı kəndində yerləşən 0,44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına ümumi birgə mülkiyyət (digərləri X4, X6, X10 iddiaçının ailə üzvləri) kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********71 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Balçılı kəndində yerləşən 1,7401 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh Şuay oğlunun, X1, X3 və X2 adına ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. Yevlax Şəhəri İcra Hakimiyyəti Başçısının Balçılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 114 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Yevlax rayonu, Balçılı kəndində yaşayır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Yevlax rayonu Balçılı kəndində yerləşən mübahisəli torpaq sahəsinə baxış keçirilərək, mübahisələndirilən və cavabdeh tərəfindən faktiki istifadə edən torpaq sahəsinin koordinatları naturada təyin edilmişdir. Həmin koordinatları Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********22 reyestr nömrəli çıxarışla iddiaçının xüsusi mülkiyyət hüquqi ilə hüquqları qeydiyyata alınmış 0.44 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlarla tutuşdurduqdan məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,44 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir. Beləliklə, qeyd olunanlardan müəyyən olunur ki, iddiaçıya məxsus torpaq sahəsinin 0,44 ha hissəsi hər hansı qanuni əsas olmadan cavabdehin istifadə və sahibliyindədir. Buna görə də iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh, iddiaçın mülkiyyətində olan torpaq sahəsinin 0.44 ha hissəsini hər hansı qanuni əsas olmadan istifadə etdiyindən iddiaçın tələbi həmin hissədə haqlıdır və cavabdeh iddiaçın mülkiyyətində olan Yevlax rayonu Balçılı kəndində yerləşən torpaq sahəsinin həmin-0.44 ha hissəsindən çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Yevlax rayonu Balçılı kəndində yerləşən torpaq sahəsinin 0.44 hektar hissəsindən çıxarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar