Məhkəmə qərarları › İş №2(039)-204/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-204/2021

01.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-204/2021 01.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, ərizəçilərin birgə və qeyri rəsmi nikahlarından doğulmuş uşağı xx.xx.2014-cü il təvəllüdlü X2 Yevlax şəhərində anadan olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər qeyri rəsmi ailə qurmuşlar. Onların birgə nikahlarından ev şəraitində xx.xx.2014-cü il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Buna görə də, hazırki tarixədək onun adına doğum haqqında şəhadətnamə alınmamışdır. Övladlarının doğum şəhadətnaməsinin olmamasına görə övladları ilə bağlı bəzi mülki hüquqlarını həyata keçirə bilmirlər, bu işlərdə onlara maneələr yaranır. Bu səbəbdən ərizəçilər Maraqlı şəxsnə müraciət etmiş, lakin şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ərizəçilər də məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi2 xx.xx.1991-ci ildə anadan olub. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi1 xx.xx.1992ci ildə anadan olub. Ağstafa rayon Qeydiyyat Şöbəsinin Ərizəçi2 ünvanladığı 05/Q-1256 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən ərizəçinin xx.xx.2014-cü ildə anadan olmuş qız övladına doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının şəhər icra nümayəndəli tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Əliyeva Sahibə Mahir qızı ünvan 2 ünvanında yaşayır və şəkil Əliyeva Sahibə Mahir qızına məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi Samirə gəlini, mahir isə oğludur. Samirə xx.xx.2014-cü il tarixdə nəvəsi Sahibəni ev şəraitində doğmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçinin qohumudur, ərizəçi xx.xx.2014-cü il tarixdə bir qızı uşağını ev şəraitində doğmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, Ərizəçi2 Yevlax şəhərində xx.xx.2014-cü il tarixdə bir qız uşağı doğmuşdur, lakin bununla bağlı tibbi şəhadətnamə mövcud olmadığından ərizəçi uşaqların adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşağını yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi2 xx.xx.2014-cü il tarixdə bir qızı uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar