Məhkəmə qərarları › İş №2(039)-204/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-204/2022

01.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-204/2022 01.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Yevlax rayon Qeydiyyat şöbəsinə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Yevlax rayon Qeydiyyat şöbəsinə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 08 aprel 2017-ci il təvəllüdlü X1 doğum faktının, o cümlədən atası X5, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəsini müdafiə edərək izah etdi ki, o, faktiki ailə qurmuşdur. Bu nikahdan ev şəraitində 08 aprel 2017-ci il tarixdə X4 adlı uşağı olmuşdur. Lakin ona doğum haqqında şəhadətnamə alınmamışdır. Bu barədə Yevlax rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Yevlax rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısıdır. Bacısı qeyri rəsmi ailə qurmuşdur. Onların birgə yaşayışlarından bir uşaqları olmuşdur. Uşaq ev şəraitində olmuşdur. Məhkəmə ərizəçinin və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 avqust 2021-ci il tarixli 1607 saylı məktubdan məlum olur ki, Ərizəçi övladının doğumu haqqında tibbi şəhadətnaməsi təqdim edildikdən sonra doğum haqqında şəhadətnamə verilə bilər. Əks halda məhkəməyə müraciət edə bilər. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Bərdə rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş arayışdan məlum olur ki, Ərizəçi 08 aprel 2017-ci il tarixdə Bərdə İSX-nın Ailə Sağlamlıq mərkəzində qeydiyyata götürülmüşdür. Həkim pediatr tərəfindən qeydiyyata götürülmüş, Ərizəçi övladı həkim pediatr tərəfindən müayinə olunmuş və praktik sağlam olması təsdiq olunmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Bərdə rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş tibbi arayışdan məlum olur ki, Abışova ... Rövşanə qızı 08 aprel 2017-ci il tarixdə anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş arayışdan məlum olur ki, X3 08 aprel 2017-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası haqqında 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarının 6.7-ci bəndinə əsasən, Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə birgə ərizə vermələri ilə müəyyən olunur. Beləliklə, məhkəmədə aydın olur ki, Ərizəçi qeyri rəsmi olaraq ailə qurmuşdur. Birgə yaşayışlarından olmuş uşaq ev şəraitində doğulmuşdur. Müvafiq Dövlət orqanına müraciət olunaraq lazımi sənədlər alınmamışdır. Bu səbəbdən ərizəçi qeyd edilən ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, Ərizəçi 08 aprel 2017-ci il tarixdə bir qız uşağı doğması faktı müəyyən edilməlidir. Ərizənin uşağın atasının X5 və anası Ərizəçi olması hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli qərarına əsasən ananın və atanın Qeydiyyat şöbəsinə birgə ərizə vermələri ilə müəyyən olunduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi 08 aprel 2017-ci il tarixdə bir qız uşağının doğması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar