Məhkəmə qərarları › İş №2(039)-237/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-237/2020

21.01.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-237/2020 21.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkil X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və İsmayılova (Məmmədova) Luinza Əli qızına qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və İsmayılova (Məmmədova) Luinza Əli qızına qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2015-ci il tarixdə Aran Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən mərhum həyat yoldaşı X3 və ailə üzvülərinə, yəni ona və iki azyaşlı uşaqlarına verilmiş 1 mərtəbəli 2 otaqlı, 32,0 kv.m yaşayış sahəsi olan mənzilə onun köçürülməyinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, xx xxxxxx 2015-ci il tarixdə Aran Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən mərhum həyat yoldaşı X3 və ailə üzvülərinə, yəni ona və iki azyaşlı uşaqlarına 1 mərtəbəli 2 otaqlı, 32.0 kv.m yaşayış sahəsi olan mənzil verilmişdir. Həyat yoldaşı vəfat etmişdir. Qaynatası və qaynanası onu evdən çıxarmış, uşaqlarını isə əlindən almışdır. Yevlax Rayon Məhkəməsinin, daha sonra isə Şəki Apellyasiya Məhkəməsinin müvafiq qətnamələrinə əsasən azyaşlı uşaqlarının qaynatasından və qaynanəsından alınaraq ona verilməsi qət edilmişdir. Mənzilə dair sosial kirayə müqaviləsində mərhum həyat yoldaşının, onun və uşaqlarının adı yazılsa da, hazırda Yevlax rayon Aran Mənzil Təmir İstismar sahəsinin rəisi X13 mənzilin sənədləşdirilməsində saxtakarlıq etmiş və mənzilə dair müqavilədə onlardan başqa qaynatası Cavabdeh1 da adı qeyd olunmuşdur. Hazırda cavabdehlər ona, qeyd olunan mənzildən istifadə etməyə icazə vermirlər. O, birgə nikah müddətində mərhum həyat yoldaşı X7 ilə əldə etdiyi 1 mərtəbəli 2 otaqlı, 32.0 kv.m yaşayış sahəsi olan mənzilə köçmək istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkil Sevda Bəkirova iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh L.Məmmədova məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Cavabdeh1 məhkəməyə müraciət edərək xəstə olduğu üçün məhkəmə prosesinin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 182 №li nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X9 arasında xx.xx.2008-ci ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2008-ci ilin aprel ayının 07-ci günündə 17 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 101700 №li və AZ-İİ seriyalı 280659 №li doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahdan xx xxxxx 2008-ci il təvəllüdlü Samirə və xx xxxxx 2009-cu il təvəllüdlü Sahil adlı uşaqları var. İş materiallarında olan Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 182 №li ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx xxxx 2018-ci il tarixdə vafat etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, mənzil təmir istismar sahəsi ilə vətandaşlar arasında mənzillərin kirayə müqaviləsindən görünür ki, kirayə verən-Yevlax rayonu Aran qəsəbəsinin Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə kirayəçi-X5 arasında Yevlax rayonu, Aran qəsəbəsi, Q.Məmməd küçəsi 3 nömrəli binanın yaşayış sahəsi 32,0 kv metr olan 2 otaqlı, 3 nömrəli mənzilə dair kirayə müqaviləsi bağlanmışdır və X5, həyat yoldaşı İddiaçı, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx xxxxx 2009-cu il təvəllüdlü X1 ailə üzvü kimi qeyd olunmuşdur. Həmin müqaviləyə əsasən kirayəçiyə və onun müqavilədə göstərilən ailə üzvlərinə həmin mənzildə uzun müddət yaşamaq hüququ verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Yevlax rayonu, Aran qəsəbəsi, Q.Məmməd küçəsi 3 nömrəli binanın yaşayış sahəsi 32,0 kv metr olan 2 otaqlı, 3 nömrəli mənzilixx.xx.2017-ci il tarixli sosial kirayə müqaviləsi əsasında, yəni tərəflərin nikahda olduqları dövrdə X2 və onun ailə üzvlərinin sahibliyinə və istifadəsinə verilmişdir. Həmin müqavilədə iddiaçı kirayəçinin ailə üzvi kimi qeyd olunmuşlar. İddiaçı, hazırda kirayəçi S.İsmayılovun ailə üzvü hesab olunmasa da Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.4-cü maddəsinə əsasən iddiaçının mübahisəli mənzildən istifadə hüququ saxlanılır. Buna görə də məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Yevlax rayonu, Aran qəsəbəsi, Q.Məmməd küçəsi 3 nömrəli binanın yaşayış sahəsi 32,0 kv metr olan 2 otaqlı, 3 nömrəli mənzilinə köçürülsün. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar