Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-244/2025 11.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçı və onun vəkili X11, Cavabdeh X8 və onun vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən cavabdehə məxsus əşyaların çıxarılması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən cavabdehə məxsus əşyaların çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Yevlax rayonu Quşçu kəndində yerləşən ümumi sahəsi 132.1 kv.metr fərdi yaşayış evindən cavabdehə məxsus əşyaların çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax rayonu Quşçu kəndində onun (iddiaçının) xüsusi mülkiyyətinə 132.1 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi daxildir. Qeyd edilən fərdi yaşayış evinə dair mülkiyyət hüququ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi olan **********08-10301 reyestr nömrəli çıxarışa əsasən təsbit edilmişdir. Fərdi yaşyış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin həcmi 0,1899 ha-dır və həyətyanı torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ üzrə 1/24 hissədə X9, 5/24 hissədə X13, 4/24 hissədə X2, 1/24 hissədə Cavabdeh və yaşayış evin tam, torpaq sahəsi isə 13/24 hissədə İddiaçı məxsusdur Cavabdeh onun (iddiaçının) gəlini olmuşdur. X10 nəvəsi, o cümlədən şəhid Fərid Cəfərovun cavabdehdən olan qızıdır.Mülkiyyət altında olan fərdi yaşayış evi vərəsəlik qaydasında (mərhum valideynlərindən ona miras qalmışdır) onun mülkiyyətinə keçmişdir. Cavabdeh və onun azyaşlı övladı X15, ümumi paylı mülkiyyətlərinə daxil olan həyətyanı torpaq sahəsinə vərəsəlik qaydasında (şəhid X6 qalmış miras əsasında) əldə etmişlər. Hazırda o (iddiaçı) və onun ailə üzvləri olan digər ümumi paylı mülkiyyətçilər-X17 və X4 birgə iddiaçılar olaraq Yevlax Rayon Məhkəməsində Cavabdeh qarşı iddia tələbi irəli sürərək ümumi paylı mülkiyyət hüququ üzrə mülkiyyətlərinə daxil olan yaşayış məntəqələrinin torpaqlarının naturada ayrılmasına dair iddia qaldırışlar. O (iddiaçı) şəhid ailəsdir. Belə ki, oğlu X16 xx.xx.2020-ci il tarixdə Vətən müharibəsində (44 günlük müharibə) döyüş meydanında şəhid olmuşdur. O (iddiaçı) hazırda həyat yoldaşı Aynur Cəfərova ilə birlikdə Yevlax rayonu Quşçu kəndində onun (iddiaçının) xüsusi mülkiyyətinə daxil olan fərdi yaşayış evində yaşayır. Cavabdeh oğlu Fərid şəhid olduqdan sonra (həlak olmasının 2-ci ildönümü tamam olmamış) evdən azyaşlı övladı ilə birlikdə çıxıb getmişdir. Lakin əşyalarının bir qismini aparmamış, eyni zamanda əşyalarını evdən çıxarması ilə bağlı onun tələblərini qəbul etmir. Halbuki, hazırda Cavabdeh onun (iddiaçının) ailə üzvü deyildir, ailə münasibətlərinə xitam verilmişdir. Odur ki, onun (iddiaçının) xüsusi mülkiyyətinə daxil olan (vərəsəlik qaydasında əldə etdiyi) fərdi yaşayış evindən özünün bütün əşyalarını çıxarmalıdır. Onun xüsusi mülkiyyətinə daxil olan Yevlax rayonu Quşçu kəndində yerləşən fərdi yaşayış evində qalmış Cavabdeh məxsus əşyalar 50 manat dəyərində 1 ədəd taxt döşək, 60 manat dəyərində 2 ədəd tək döşək, 75 manat dəyərində 3 ədəd yorğan, 40 manat dəyərində 4 ədəd balınc, 30 manat dəyərində 3 ədəd sintifon balış, 15 manat dəyərində 1 ədəd yastıq, 10 manat dəyərində 3 ədəd döşəkcə, 20 manat dəyərində 1 ədəd qazan dəsti, 8 manat dəyərində 1 ədəd aliminum qazan, 10 manat dəyərində 1 ədəd tuj vedrə, 5 manat dəyirndə 1 ədəd süzgəc, 5 manat dəyərində 1 ədəd ləyən və 5 manat dəyərində 1 ədəd soğan qabından ibarətdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə istinad edərək, vərəsəlik qaydasında əldə etdiyi, o cümlədən mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan **********08-10301 reyestr nömrəli çıxarışa əsasən təsbit edildiyi Yevlax rayonu Quşçu kəndində yerləşən ümumi sahəsi 132.1 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh məxsus 50 manat dəyərində 1 ədəd taxt döşək, 60 manat dəyərində 2 ədəd tək döşək, 75 manat dəyərində 3 ədəd yorğan, 40 manat dəyərində 4 ədəd balınc, 30 manat dəyərində 3 ədəd sintifon balış, 15 manat dəyərində 1 ədəd yastıq, 10 manat dəyərində 3 ədəd döşəkcə, 20 manat dəyərində 1 ədəd qazan dəsti, 8 manat dəyərində 1 ədəd aliminum qazan, 10 manat dəyərində 1 ədəd tuj vedrə, 5 manat dəyirndə 1 ədəd süzgəc, 5 manat dəyərində 1 ədəd ləyən və 5 manat dəyərində 1 ədəd soğan qabından ibarət əşyaların çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, 2019-cu ildə X16 ilə ailə qurmuşlar və həmin evə gəlin köçmüşdür. X26 2020-ci ilin oktyabr ayında şəhid olmuşdur. 2022-ci ildə isə onu həmin evdən çıxmağa məcbur etmişlər. Əlindən pulunu almışlar və həmin pulla evdə təmir və tikinti işləri aparmışlar. Sonda ona «səni görməyə gözümüz yoxdur» demişlər və hətta qaynanası ona «elə bilirəm ki, övladımı sən öldürmüsən» demiş və bu təhqirlərə dözə bilməyərək həmin evdən bir qəpiksiz çıxmışdır. Həmin evə qayıdıb yaşamaq istəyir. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olanolan Bərdə regional «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 01 oktyabr 2020-ci il ildə döyüş meydanında ölmüşdür. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxrışdan görünür ki, Yevlax rayonu Quşçu kəndində yerləşən 0.1899 ha torpaq sahəsi 1/24 hissədə X7, 5/24 hissədə X12, 4/24 hissədə X1, 1/24 hissədə Cavabdeh, 13/24 hissədə İddiaçı və həmin torpaq sahəsində yerləşən 132.1 kv.metrdən ibarət fərdi yaşayış evi tam olaraq İddiaçı mülkiyyətindədir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxrışa əsasən Yevlax rayonu Quşçu kəndində yerləşən 0.1899 ha torpaq sahəsi 1/24 hissədə X7, 5/24 hissədə X12, 4/24 hissədə X1, 1/24 hissədə Cavabdeh, 13/24 hissədə İddiaçı və həmin torpaq sahəsində yerləşən 132.1 kv.metrdən ibarət fərdi yaşayış evi tam olaraq İddiaçı mülkiyyətindədir. Cavabdeh hazırda iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində yaşamır, lakin ona məxsus iddia ərizəsində qeyd edilən əşyalar həmin evdə qalmışdır. İddiaçı cavabdehin özünə məxsus əşyalarını onun (iddiaçının) mülkiyyətində olan fərdi yaşayış evindən könüllü olaraq çıxarmaqdan imtiina etdiyini göstərərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmazəşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsininəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Mülki Məcəllənin 228-ci maddəsi “Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ” adlı fəsildə yer alır. Bu hüquq, özünəməxsus əlamətlərə və rejimə malik olan bir mülkiyyət növüdür. Belə ki, yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçininxüsusi hüquq əldə etməsidir. Yaşayış binasının yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur (Mülki Məcəllə, maddə 226.1 və 227.1). Göründüyü kimi, bu tip mülkiyyətin subyekti binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və qeyd olunan digər işləri aparmaq üçün xüsusi hüquq əldə edir, eyni zamanda binanın yerləşdiyi torpaq sahəsi üzərində ümumi paylı mülkiyyət hüququna malik olur. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxsin isə mənzilə və binanın altındakı torpaq sahəsinə mülkiyyət hüququ olmur. Onun hüququ mülkiyyət hüququ ilə müqayisədə məhdud şəkildə olmaqla, mülkiyyətçinin yaşayış sahəsindən və binanın digər zəruri hissələrindən istifadə etməkdən ibarətdir. Bu hüququn yaranması ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin mülkiyyət hüququ yüklü vəziyyətə gəlmiş olur (notarial müqavilə və ya qanun əsasında - Mülki Məcəllə, maddə 228.2 və 228.5). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulmuş hüququ məhdud əşya hüququ –şəxsi servitut olaraq şərh etmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərar). Hazırkı işdə isə mübahisənin obyekti çoxmənzilli yaşayış binasının tərkib hissəsi deyil, Yevlax rayonu Quşçu kəndində 0.1899 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən cavabdehə məxsus əşyaların çıxarılmasıdır. Daşınmaz əmlakın dövlət reyestrində həmin torpaq sahəsi 13/24 payla, ev isə tam payla iddiaçının adına qeydə alınsa da, cavabdeh də sözügedən torpaq sahəsinin ümumi paylı mülkiyyətçisidir. Bu cür əşyalara aid hüquq münasibətləri mülki qanunvericiliyin daşınmaz əşya üzərində mülkiyyət hüququ ilə bağlı ümumi normaları əsasında tənzimlənir. Qanuna əsasən, torpaq sahələri və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır (Mülki Məcəllə, maddə 135.4, ikinci cümlə - § 28). Məlum olduğu kimi, əsas daşınmaz əşya sayılan torpaq sahəsi və ona bağlı olan digər fiziki obyektlər mülkiyyət hüququnun predmetidir. Yəni, mülki hüququn subyektləri onun üzərində mülkiyyət hüququ qura bilərlər. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllə, maddə 152.1 - § 31). İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (Mülki Məcəllə, maddə 213.1 - § 32). Göründüyü kimi, ümumi mülkiyyət halında bir neçə mülkiyyət deyil, bir əşya üzərində bir mülkiyyət hüququ mövcud olur. Həmin hüquq iki və ya daha artıq şəxsdən ibarət ümumiliyə aiddirsə birgə mülkiyyət, müvafiq paylarla birdən çox şəxsə məxsus olduqda isə paylı mülkiyyət sayılır. Bu səbəbdən qanunda nəzərdə tutulmuşdur ki, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (Mülki Məcəllə, maddə 213.2 - § 33). Ümumi mülkiyyətin növləri olaraq birgəlik və ya paydaşlıq əşyaya deyil, əşya üzərindəki hüquqa münasibətdə aparılan bölgüdür. Yəni ümumi mülkiyyətdəki əşya üzərində payı olan şəxs həmin pay nisbətində əşyanın hansısa bir hissəsinin mülkiyyətçisi deyil, əşyanın tamamı üzərində olan vahid mülkiyyət hüququna öz payı nisbətində şərikdir. Başqa sözlə, ümumi mülkiyyətçinin hüququ əşyanın naturada bir hissəsinə yox, onun tamamına şamil olunur. Məsələn, torpağın ümumi mülkiyyətçilərdən hər hansı birinin sahənin naturada onun payına uyğun gələn hissəsinə deyil, hər nöqtəsinə münasibətdə öz payı həcmində mülkiyyət hüququna malik olduğu qəbul edilir. Bu hüquqi vəziyyət əşya naturada bölünənədək və ya paylar naturada ayrılanadək (fərdi mülkiyyət vəziyyətinə keçənədək) davam edir. Qeyd edilənlər ona dəlalət edir ki, baxılan iş üzrə cavabdehin torpaq sahəsinə dair dövlət reyestrində qeydə alınmış ümumi paylı mülkiyyət hüququ mübahisəli evin (tikilinin) altında yerləşən torpaq sahəsinə də aiddir. Yəni, cavabdeh bu evin bitişik olduğu torpaq sahəsinin paylı mülkiyyətçisidir. Şübhəsizdir ki, cavabdehin əşyalarının evdən çıxarılması onun mübahisəli evin yerləşdiyi (mülkiyyətçisi olduğu) torpaq sahəsindən də məhrum olması ilə nəticələnəcək. İşin halları onu göstərir ki, mübahisəli ev yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir. Əşyanın tərkib hissələri mürəkkəb əşyanı təşkil edən elə bitişik əşyalardır ki, onlar olmadan mürəkkəb əşyanın əmələ gəlməsi və iqtisadi baxımdan ondan gözlənilən faydanı verməsi mümkün olmur. Tərkib hissələr əsas əşya ilə bir bütün – vahid əşya əmələ gətirmək üçün birləşən və bununla da meydana gələn yeni obyektə mürəkkəb əşya olma xüsusiyyətini verən parçalardır. Məsələn, ekran, düymələr, plastik qapaq, çiplər və s. əşyalar birləşərək kompyuteri; yaxud torpaq, daş, qum, armatur, qapı, pəncərə, dam örtüyü birləşərək fərdi yaşayış evini meydana gətirirlər. Sadalanan tərkib hissələrin əsas əşyadan ayrılması əşyanın maddi bütünlüyünü və iqtisadi funksiyasını pozmadan mümkün olmur. Beləliklə, bir iqtisadi məqsəd üçün birləşmiş müxtəlif növlü əşyalar vahid (mürəkkəb) əşya hesab olunurlar. Bu səbəbdən Mülki Məcəllənin 135.9-cu və 135.10-cu maddələrində nəzərdə tutulmuşdur ki, əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir (hər iki maddənin birinci cümləsi - § 29-30). Həmin Məcəllənin 135.4-cü maddəsində xüsusi olaraq göstərilmişdir ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir (üçüncü cümlə - § 28). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə görə, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır (§ 34).68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da 16 iyun 2023-cü il tarixli qərarında bildirmişdir ki, qanunverici son zamanlar istər Mülki Məcəllənin özündə, istərsə də digər aidiyyəti Məcəllələrdə vahid mülkiyyət yanaşmasına üstünlük vermişdir. Belə olan halda, məhkəmə hazırkı mübahisənin qanuni və ədalətli həlli üçün vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli evi onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsi, dolayısı ilə onları vahid daşınmaz əşya hesab edir. Tərkib hissənin, o cümlədən vahid əşyanın hüquqi vəziyyəti ilə bağlı qeyd edilməlidir ki, bir əşya başqa bir əşyanın tərkib hissəsinə çevrildiyi andan müstəqil əşya vəsfini itirir, əsas əşyanın hüquqi vəziyyətinə tabe olur. Bu o deməkdir ki, əsas əşyanın mülkiyyətçisi tərkib hissənin də mülkiyyətçisi hesab olunur. Mülki Məcəllənin 135.10-cu maddəsində əşyanın mülkiyyətçisinin onun bütün tərkib hissələrinin mülkiyyətçisi olduğu açıqca göstərilir (ikinci cümlə - § 30). Beləliklə, tərəflər arasında mübahisəli daşınmaz əşyanın hazırkı məqamda mövcud olan hüquqi vəziyyəti nəzərə alınmadan bir mülkiyyətçi olan iddiaçının tələbi ilə digər mülkiyyətçi olan cavabdeh və ya cavabdehə məxsus əşyalar mübahisəli daşınmaz əşyadan çıxarıla bilməz. Əks yanaşma cavabdehin mülkiyyət hüquqlarının qanuni əsas olmadan məhdudlaşdırılması ilə nəticələnərdi. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyası ilə mülkiyyətin toxunulmazlığına və müdafiəsinə verilən təminat iddiaçının mülkiyyət hüququna aid olduğu kimi, cavabdehin də mülkiyyət hüququna şamil olunur. Qanuni əsası, məqsədi və zəruriliyi göstərilmədən heç kəsin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilmir (§ 23-27).76. Yuxarıda göstərilən hüquqi mövqelərə əsasən məhkəmə hesab edir ki, hazırkı məqamda cavabdehə məxsus əşyaların iddiçının mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehin iradəsinə zidd olaraq çıxarılması mümkün deyil. Buna görə də, iddia əsassız olduğundan rədd edilməlidir. İşdə olan vəsiqələrin surətindən görünür ki, iddiaçı və cavabdeh şəhid ailəsinin üzvüdür və dövlət rüsumunu ödəməkdən azaddırlar. Buna görə də, iş üzrə ödənilməli olan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən cavabdehə məxsus əşyaların çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilməli olan rüsum dövlət büdcəsinə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-244/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-244/2025
11.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver