Məhkəmə qərarları › İş №2(039)-2459/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2459/2024

04.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2459/2024 04.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Ərizəçi nümayəndəsi (vəkil) X1 iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi qohumluq faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X13 ilə X7 qardaş olmaları və X7 onun (ərizəçinin) əmisi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi nümayəndəsi (vəkil) X5 ərizəni müdafiə edərək, verdiyi izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi ərizəçinin doğma əmisi, yəni ərizəçinin atası X8 doğma qardaşı X14 olmuşdur. Ərizəçinin əmisi İlyas Əliyev 16 fevral 2024-cü il tarixdə vəfat etmiş, ailəli olmamış və övladı da yoxdur. Ərizəçinin atası, nənəsi və babası da vəfat etdiyi üçün hazırda əmisinin yeganə vərəsəsi Ərizəçidir. Eyni zamanda əmisi X14 12 iyun 2000-ci il tarixdə ünvan 2 ünvanında yerləşən mənzili ərizəçiyə vəsiyyət etmişdir. Uzun müddət ərizəçi əmisi ilə birlikdə həmin mənzildə yaşamış və qeydiyyatı da həmin mənzilədir. Əmisinin vəfatından sonra da ərizəçi vərəsə kimi miras əmlakı bu günədək faktiki olaraq qəbul edib idarə etmişdir. Ərizəçidən başqa İlyas Əliyevin heç bir vərəsəsi yoxdur və yeganə vərəsə odur. Bu səbəbdən də ərizəçi 25 aprel 2024-cü il tarixdə miras qalmış mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bərdə Regional “Asan- Xidmət” Mərkəzində Notariat ofisinə müraciət etmişdir. Notariat ofisində əmisi ilə qohumluq əlaqəsini təsdiq edən sənəd olmadığı əsası ilə ərizəçiyə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək, işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun 10 ildir ki, qonşusudur. X14 ərizəçinin əmisidir. İlyas Əliyev tək yaşamış və ona Ərizəçi qulluq etmişdir. Ərizəçinin əmisi vəfat etdikdən sonra ondan qalmış miras əmlakla bağlı vərəsəlik işi açılmasından ötrü sənədlər toplayarkən qohumluq faktı müəyyən edilmədiyi üçün ərizəçi mirası qəbul edə bilməmişdir. Buna görə də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 şahid X6 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan Yevlax rayon Qaraməəmmədli kənd soveti tərəfindən verilmiş xx.xx.1961ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 20 iyul 1961-ci ildə doğulmuşdur, atası X13, anası X9r. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2024-cü ildə ölmüşdür. İşdə olan Bərdə Regional “Asan Xidmət” Mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X15 xx.xx.1993-cü ildə ölmüşdür. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Yevlax rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın surətindən görünür ki, Yevlax şəhəri Q.Quliyev küçəsi 37 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X7 adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2000-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Yevlax şəhəri Azərbaycan küçəsi 7/40 nömrəli mənzildə yaşayan X2 şəhəri Azərbaycan küçəsi 7/40 nömrəli mənzilini Yevlax rayonu Qaramanlı kəndində yaşayan Ərizəçi vəsiyyət etmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivi Yevlax filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Yevlax rayon Qaramanlı kənd sovetliyinin 1996-2000-ci illərə dair 01 saylı təsərrüfatbaşına kitabının 41-ci səhifəsinin 40 saylı qeydində X7 doğum tarixi 1939-cu il yazılmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivi Yevlax filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Yevlax rayon Qaramanlı kənd sovetliyinin 1983-1985-ci illərə dair 01 saylı təsərrüfatbaşına kitabının 29-cu səhifəsinin 25 saylı qeydində X8 doğum tarixi xx.xx.1934-cü il yazılmışdır. İşdə olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X8 və X7 doğum haqqında akt qeydləri barədə məlumatlar « Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, xx.xx.1993-cü il tarixdə ölmüş X20 (Kərəm) oğlu ilə xx.xx.2024-cü ildə ölmüş X16 doğma qardaş olmuşlar, lakin həmin şəxslərin doğumuna dair müvafiq icra hakimiyyəti orqanında qeyd aşkar edilmədiyindən onların doğumuna dair şəhadətnamə verilməsi mümkün olmamış və buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Faktın müəyyən edilməsi ərizəçiyə mərhum əmisindən miras qalmış əmlaka qanun üzrə vərəsə tanınması üçün zəruridir. Beləliklə, məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2024-cü il tarixdə ölmüş X14 ilə xx.xx.1993-cü il tarixdə ölmüş X20 (Kərəm) oğlunun və Ərizəçi qohum olmaları faktı, yəni X20 (Kərəm) oğlu ilə X7 qardaş olmaları və X7 Ərizəçi əmisi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar