Məhkəmə qərarları › İş №2(039)-2501/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2501/2022

28.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2501/2022 28.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qeyri yaşayış sahəsindən çıxarılması və əmlakın tam şəkildə boşaldılaraq ona təhvil verilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən ona məxsus ümumi sahəsi 46.4 kv.m qeyri yaşayış sahəsindən çıxarılması və əmlakın tam şəkildə boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən cavabdehə məxsus olmuş, ümumi sahəsi 46.4 kv.m qeyri yaşayış sahəsi (stasionar tipli yanacaq doldurma məntəqəsini) 203.000 manat ödəməklə notariat müqaviləsi ilə almış və mülkiyyətində qeydiyyata salınmışdır. Alıq-satqı müqaviləsi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisinin notariusu Afiq məmmədov tərəfindən 4ə-485 reyestr qeydli, AN-İ №-li ******* saylı müqaviləsi ilə rəsmiləşdirilmişdir. Yanacaq doldurma Məntəqəsinin üzrərində olan hüquqlarını Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə tanınmış, mülkə **********75-06301 reyestr nömrəsi verilmişdir. Aralarında notarial qaydada rəsmiləşdirilmiş müqavilənin 11-ci maddəsinin məzmununa əsasən “satıcı” daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə “alıcının” bəyənib qiyməti ilə razılaşdığı vəziyyətdə xx.xx.2022-ci il tarixədək “alıcının” faktiki sahibliyinə verməyi öz öhdəsinə götürsə də, lakin cavabdeh tərəf öz üzərinə götürdüyü öhdəlik şərtlərinə riayət etməyərək müqavilədə razılaşmanı pozmuşdur. Alıq-satqıdan sonra əmlakın təhvil verilməsini təmin etməmiş, ona əmlakı təmin etməyə, işlətməyə faydalanmağa maneə yaratmış, müqavilənin tələblərinə riayət etməmişdir. İddiaçının nümayəndəsi - vəkili Vəkil məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxıb, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı ona qarşı ünvan 1 ünvanında yerləşən ona məxsus ümumi sahəsi 46.4 kv.m qeyri yaşayış sahəsindən çıxarılması və əmlakın tam şəkildə boşaldılaraq ona təhvil verilməsinin onun üzərinə qoyulması barədə tələb irəli sürmüşdür. Səhhətilə əlaqədar heç bir məhkəmə proseslərinə gələ bilməcəyini, iddiaya etiraz olmadıığını, işə onun iştirakı olmadan baxılmasını istəyini qeyd etmişdir. O, həmçinin sözügedən ərizəsində həqiqətən də, ünvan 1 ünvanında yerləşən ona məxsus ümumi sahəsi 46.4 kv.m qeyri yaşayış sahəsini (stasionar tipli yanacaq doldurma məntəqəsini) alqı-satqı müqaviləsi əsasında İddiaçı satdığını və müqavilədə göstərilən məbləğ aldığını, özünə aid olan səbəblərdən əmlakı boşaldaraq iddiaçıya təhvil vermədiyini bildirmiş və işə yubanmadan baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri 15 saylı notariat ofisinin xüsusi notariusu Afiq Məmmədov tərəfindən təsdiq olunmuş AN-İ № ******* saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin təstiq olunmuş surətindən görünür ki, satıcı Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ona məxsus ümumi sahəsi 46.4 kv.m qeyri yaşayış sahəsini alıcı İddiaçı satmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən 0,0065 ha torpaq sahəsinin üzərində yerləşən 46,40 kv.m qeyri yaşayış sahəsi (torpaq sahəsinin kateqoriyası - sənaye, nəqliyyat.ş rabitə, müdafiə və digər təyinatlı torpaqlar) tam mülkiyyət hüququ ilə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 191.3-cu maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı özünə məxsus əmlakın mülkiyyətçisi kimi qanunla qorunan mülkiyyət hüququnun əsas elementləri olan istifadə hüququ Cavabdeh tərəfindən pozulmaqdadır. Buna görə də cavabdeh, iddiaçın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ona məxsus ümumi sahəsi 46.4 kv.m qeyri yaşayış sahəsindən çıxarılmalı və əmlak tam şəkildə boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ona məxsus ümumi sahəsi 46.4 kv.m qeyri yaşayış sahəsindən çıxarılsın və əmlak tam şəkildə boşaldılaraq iddiaçıya təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar