Məhkəmə qərarları › İş №2(039)-2694/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2694/2024

23.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2694/2024 23.12.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2021-ci il tarixdə X7 və xx.xx.2023-cü il tarixdə X8 Yevlax şəhərində doğulmaları faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclsında Ərizəçi ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, X19 ilə beş il əvvəl faktiki evlənmişlər, lakin nikahlarını rəsmiləşdirməmişlər. İbad İmanovla faktiki nikahlarından 22 avqust 2021-ci ildə Səlimə, 05 avqust 2023-cü ildə Zəhra və 2022-ci ildə Xanlar adlı uşaqları doğulmuşdur. Səlimə və Zəhra adlı uşaqları Yevlax şəhərində ev şəraitində doğulduğundan həmin uşaqlara doğum haqqında şəhadətnamə ala bilməmişdirlər. Xanlar adlı uşağı isə xəstəxanada doğulduğundan həmin uşağa doğum haqqında şəhadətnamə almışdır. İbad İmanovla aralarında olan narazılıqlara görə ayrılmışlar. Faktın müəyyən edilməsi uşaqlarına doğum haqqında şəhadətnamə alınması üçün zəruridir. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qızıdır. Ərizəçi ilə İbad adlı şəxs faktiki evlənmişlər, lakin nikahlarını rəsmiləşdirməmişdirlər. İbadla Ərizəçi faktiki nikahlarından Yevlax şəhərində ev şəraitində 22 avqust 2021-ci ildə Səlimə və 05 avqust 2023-cü ildə isə Zəhra adlı uşaqları doğulmuşdur. Həmin uşaqlara doğum haqqında şəhadətnamə alınmamışdır. Buna görə də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçi onun (şahidin) adını bilmədyi şəxslə faktiki evlənmişlər, lakin nikahlarını rəsmiləşdirməmişdirlər. Həmin şəxslə Ərizəçi faktiki nikahlarından Yevlax şəhərində ev şəraitində 22 avqust 2021-ci ildə Səlimə və 05 avqust 2023-cü ildə isə Zəhra adlı uşaqları doğulmuşdur. Həmin uşaqlara doğum haqqında şəhadətnamə alınmamışdır. Buna görə də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə olan Yevlax şəhər 1 saylı İƏD üzrə nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X3 şəhəri Dəmiryolçular küçəsi 64 yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. İşdə olan Yevlax şəhər 1 saylı İƏD üzrə nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X4 şəhəri Dəmiryolçular küçəsi 64 yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 11 sentyabr 2022-ci ildə doğulmuşdur, anası Ərizəçi, həmin uşağın atalığı müəyyən edimədiyindən atası kimi X14 göstərilmişdir. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan 22 avqust 2021-ci il təvəllüdlü X1. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan 05 avqust 2023-cü il təvəllüdlü X2. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 22 avqust 2021-ci ildə anadan olmuş X7 və 05 avqust 2023-cü ildə anadan olmuş X8 doğumunu təsdiq edən sənədlər olmadığından həmin şöbədə doğumun qeydə alınması mümkün olmamış və məhkəməyə müraciət etmək hüququnun olduğu ona izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi qızı Yevlax şəhərində ev şəraitində 2021-ci ildə bir qız uşağı və 2023-cü ildə bir qız uşağı doğmuşdur. Həmin uşaqlar ev şəraitində doğulduğundan onların barəsində doğum akt qeydi aparılmamış və həmin uşaqlara doğum haqqında şəhadətnamə verilməmişdir. Doğum haqqında şəhadətnamənin verilməsi üçün ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin doğumu təsdiq edən sənədlər olmadığından həmin şöbə tərəfindən doğum akt qeydinin aparılması və doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də, ərizəçi hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə uşaqlarına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Yevlax şəhərində ev şəraitində 22 avqust 2021-ci ildə bir qız uşağı və 05 avqust 2023-cü ildə bir qız uşağı doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar