Məhkəmə qərarları › İş №2(039)-2876/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2876/2025

25.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2876/2025 25.12.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Ərizəçi X4 iştirakı ilə, Ərizəçi X4 “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: Ərizəçi X8 (maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd edilməklə), Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, uşağı Yadigarın xx.xx.2020-ci il tarixdə Yevlax rayonu, Hürüuşağı kəndində anadan olması, anasının o, atasının X5 olması faktının müəyyən edilməsinə dair xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X5 ilə xx.xx.2017-ci il tarixdə faktiki ailə qurmuş, birgə yaşadıqları müddətdə 11 may 2019-cu il tarixdə Şəhanə və 24 avqust 2020-ci il tarixdə Yadigar adlı uşaqları anadan olmuşdur. Nikahlarını 14 aprel 2023-cü il tarixdə Mingəçevir regional “ASAN xidmət” Mərkəzində qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Uşağı Yadigar ev şəraitində anadan olduğundan onun doğumu qeydiyyat orqanında qeydə alınmamışdır. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməyini bildirmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən ərizəçi X8 məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, onun öz sənədlərinin, yəni doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi olmaması səbəbindən övladı Yadigar ev şəraitində doğulmuşdur. Hazırda öz sənədlərini almışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında iştirak edən maraqlı şəxs Yevlax rayon Qeydiyat Şöbəsinin rəisi vəzifəsini icra edən Sevinc Hüseynova izahat verərək bildirdi ki, ərizəçi övladına doğum şəhadətnaməsinin verilməsi ilə bağlı şöbəyə müraciət etmiş, lakin doğum faktını təsdiq edən sənəd təqdim edilmədiyi üçün ərizənin təmin olunmasının mümkün olmadığı bildirilmiş və doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Şahid ifadələri: Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, Azadə onun qohumudur. Ərizəçinin iki uşağı olduğunu, Yadigar adlı oğlan uşağının ev şəraitində doğulduğunu və uşağın hal-hazırda 5 yaşında olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, Azadə onun qonşusudur. Ərizəçinin iki uşağı olduğunu, Yadigar adlı oğlan uşağının ev şəraitində doğulduğunu və uşağın atasının Ruslan olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, Azadə onun gəlindir. Ərizəçi oğlu Ruslan ilə faktiki ailə qurmuş, iki övladları olmuşdur. Gəlinin heç bir sənədləri olmadığından nəvəsi Yadigar doğularkən xəstəxanaya apara bilməmiş, həmçinin təcili tibbi yardım çağırış üzrə gəlməmişdir. Bu səbbədən nəvəsi Yadigar ev şəraitində doğulmuşdur. Hal-hazırda uşaq 5 yaşındadır və tam sağlamdır. Oğlu, gəlini və nəvələri ilə birlikdə yaşayır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs ərizəçiyə ünvanladığı 3472 №-li, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 doğumlarını təsdiq edən sənədlərin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizələrinin təmin edilməsi mümkün deyildir. xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı, 558025 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X5 və X10 arasında xx.xx.2023-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 232 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Bağırov, arvada Bağırova soyadı verilmişdir; Yevlax rayonu, Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş adları göstərilən küçə sakinləri Kamran Səfərov, Rahilə Abdurəhmanova və Əminə Həsənova iştirakları ilə xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Yevlax rayonu, Hürüuşağı kəndində yaşayan Ərizəçi Yevlax rayonu, Hürüuşağı kənd sakini X5 ilə 28 avqust 2017-ci il tarixdə faktiki ailə ailə qurmuşlar, onların faktiki nikahlarından 11 may 2019-cu il tarixdə Şəhanə adında və 24 avqust 2020-ci il tarixdə Yadigar adında iki övladları dünyaya gəlmişdir. Hazırda iki azyaşlı övladı ilə birlikdə Yevlax rayonu, Hürüuşağı kəndində həyat-yoldaşının anası ilə birlikdə yaşayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 166. Doğumun qeydə alınması qaydası. 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı 4.3. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” 2.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir. Ərizəçinin xahişindən görünür ki, oğlu Yadigarın xx.xx.2020-ci il tarixdə Yevlax rayonu Hürüuşağı kəndində doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni, hazırkı ərizə vətəndaşlıq vəziyyəti aktı qismində şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda doğulması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmə iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, ərizəçinin hazırda doğum faktının müəyyən edilməsini məhkəmədən xahiş etdiyi uşaq tibb müəssisəsindən kənarda, yəni ev şəraitində doğulmuşdur və onun doğuşunu təsdiq edən tibb müəssisəsinin müvafiq arayışı mövcud deyildir. Məhkəmə iclasında iştirak edən ərizəçi məhkəməyə verdiyi izahatında təsdiq etmişdir ki, uşağın hamiləliyi dövründə, eləcə də uşağın doğumundan sonra tibb müəssisəsinə müraciət edə bilməmişdir. Nəticədə həmin uşağın şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi imkanı istisna edilmiş, uşağın doğumunun qeydə alınmaması onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Hazırda hüquqi əhəmiyyətli faktın, yəni doğum faktının məhkəmə qaydasında müəyyən edilməsi də məhz ərizəçinin oğlunun şəxsi və əmlak hüquqlarının əmələ gəlməsinə əsas olan faktın müəyyən edilməsi zərurətindən irəli gəlir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər ərizədə qeyd edilənləri öz ifadələri ilə təsdiq etmişdir. Şahid ifadələrində qeyd edilənlər işdə olan sübutlarla öz təsdiqini tapır. İşdə olan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin doğum faktının müəyyən edilməsi üçün qanunvericilikdə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Məhkəmə araşdırması zamanı ərizəçinin Yadigar adlı oğlan övladının xx.xx.2020ci il tarixdə Yevlax rayonu Hürüuşağı kəndində doğulması faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslı hesab edilməklə həmin fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, ərizəçinin tələbi “anasının o, atasının X5 olması faktının müəyyən edilməsi” hissədə isə rədd edilməlidir. Belə ki, valideynlərin öz aralarında nikah olmadıqda uşağın anası haqqında qeydin ananın ərizəsi, atası haqqında qeydin isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında qeydiyyat şöbəsində aparılması mümkündür. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə: Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin xx.xx.2020-ci il tarixdə Yevlax rayonu Hürüuşağı kəndində bir oğlan cinsli oğlan övladının doğulması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. X4 Yevlax rayonu, Hürüuşağı kəndində xx.xx.2020-ci il tarixdə bir oğlan cinsli uşağı doğması faktı müəyyən edilsin. Ərizə qalan hissədə rədd edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar