Məhkəmə qərarları › İş №2(039)-290/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-290/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-290/2021 26.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə , cavabdehlər X2, Cavabdeh2 və onların vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, ondan aldıqları qızılların dəyəri olaraq 13100 manat pulun, borc olaraq aldıqları 6250 manat və 5000 ABŞ dolları məbləğində pul vəsaitinin hər iki cavabdehdən müştərək qaydada onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər ər-arvaddırlar. Onların qonşuluğunda yeni ev alaraq orada yaşayırlar. Onların ailəsinin cavabdehlərlə qonşu kimi normal münasibəti olmuşdur. O və anası satmaq məqsədilə Cavabdeh1 bir neçə qızıl vermiş və cavabdeh həmin qızılları sataraq pullarını onlara təhvil vermişdir. Cavabdeh1 onların etibarı qazanmış və o, digər qızıllarını da satmaq üçün Cavabdeh1 vermişdir. Lakin sonradan cavabdehə verdiyi dörd adda qızıl zinət əşyalarının pulunu cavabdeh ona ödəməmişdir. Həmin qızıllar bunlardır- qiyməti 1600 manat, Yerevan istehsalı olan 12 qram yolka toxunuşlu qızıl qolbağ; qiyməti 3400 manat, Rusiya istehsalı olan 34 qram mafioz sep; qiyməti 3950 manat, Rusiya istehsalı olan 39,2 qram moruq sep; qiyməti 4150 manat, Rusiya istehsalı olan 39,5 qram mafioz sep. Qızılların dəyəri cəmi 13100 manatdır. Bundan başqa Cavabdeh1 ondan 6250 manat pul və 5000 ABŞ dolları almış, hər iki borc məbləğini qaytarmamışdır. Son vaxtlar isə həyat yoldaşı ilə birlikdə işləyərək borcları tam ödəyəcəklərini bildirsə də, heç bir ödəniş etməmişlər. Cavabdeh1 yuxarıda iddia etdiyi hər bir tələbi ilə bağlı öz xətti ilə ona qəbz yazıb vermişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 əvvəlki məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan 4 adda qızıl əşyası aldığını bildirsə də, sonrakı məhkəmə iclasında səhhəti ilə əlaqədar yanlış izahat verdiyini qeyd edərək bildirmişdir ki, tələb olunan 2 adda- 1600 manatlıq yolka toxunuşlu qolbağ və 3400 manatlıq mofioz sep həqiqətən də iddiaçı tərəfindən satılması üçün ona verilmişdir. O, həmin qızıl əşyalarının satmış, lakin pula ehtiyacı olduğu üçün öz ehtiyacları üçün xərcləmiş və həmin qızılların pulunu iddiaçıya qaytarmamışdır. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunan qəbzdə qeyd olunan 3950 manatlıq və 4150 manatlıq qızıl əşyaları ona verilməmişdir. Məhz həmin qızılların verilməsi ilə bağlı yazıları qəbzə o yazmamışdır. Cavabdeh1 eyni zamanda bildirmişdir ki, həqiqətən iddiaçıdan 6250 manat və 5000 ABŞ dolları məbləğində borc almış və həmin borc məbləğlərini iddiaçıya qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçı tərəfindən ona nə qızıl-zinyət əşyaları, nə də borc pul verilmişdir. Ona qarşı qaldırılmış iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı Cavabdeh1 2019-2020-ci illərdə cəmi 6250 manat və 5000 ABŞ dolları məbləğində borc pul vermişdir. İddiaçı cavabdehə 13100 manat dəyərində qızıl-zinyət əşyası verdiyini və bu halı təsdiq edən sübut kimi cavabdeh tərəfindən yazılmış qəbzi məhkəməyə təqdim etmişdir. Cavabdeh isə iddiaçıdan cəmi 5000 manat dəyərində qızıl aldığını, digər qızılların(3950 manatlıq moruq sep və 4150 manatlıq mofioz sep) ona verilməsi ilə bağlı qəbzdəki yazıların onun tərəfindən yazılmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.07.2021-ci il tarixli 4/801 saylı rəyindən görünür ki, mülki işin 42-ci vərəqində olan qəbzin üz tərəfində 4-cü sətrdəki “3950” rəqəmləri və 5-ci sətrindəki “4150” rəqəmləri Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, işdə olan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilir ki, iddiaçı, Cavabdeh1 təqdim etdiyi qızıl əşyalarının cavabdeh tərəfindən üçüncü şəxslərə satılması barədə sonuncu ilə razılığa gəlmişdir. Eyni zamanda iddiaçı tərəfindən Cavabdeh1 6250 manat və 5000 ABŞ dolları borc verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 777.1 və 777.2-ci maddələrinə əsasən tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779.1-ci maddəsinin tələblərinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan, tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Qeyd olunan maddi hüquq normasının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iş üzrə tərəflər arasında(iddiaçı ilə Cavabdeh1) şifahi formada tapşırıq müqaviləsi bağlanmışdır. Vəkalət verən olan iddiaçı ümumi dəyəri 5000 manat təşkil edən qızıl əşyalarının üçüncü şəxslərə satılması barədə vəkalət alan olan Cavabdeh1 tapşırıq vermişdir. Hazırda iddiaçı bildirir ki, Cavabdeh1 tapşırıq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri və borc öhdəliklərini icra etməmişdir. İddiaçı məhkəmə iclasında sübut kimi məhkəməyə təqdim etdiyi qəbzin onun və Cavabdeh1 iştirakı ilə tərtib edildiyini, orada qeyd olunan qızıl əşyalarının həqiqətən Cavabdeh1 verildiyini, lakin sonuncunun iki adda qızıl əşyasını unudaraq qəbzə yazmadığı üçün həmin yazıları, yəni “3950” və “4150” rəqəmlərini qəbzə özü əlavə etdiyini bildirmişdir. Cavabdeh1 iddia tələbini bu hissədə qismən qəbul edərək iddiaçıdan 5000 manat dəyərində qızıl aldığını bildirmişdir. Cavabdeh1 bu izahatı ekspert rəyi ilə də öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddiaçının bu tələbi qızıl əşyalarının dəyəri olaraq, məhz 5000 manat pulun Cavabdeh1 tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında həqiqətən iddiaçıdan 6250 manat və 5000 ABŞ dolları borc pul aldığını və borcunu qaytarmadığını bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, borc məbləğinin qaytarılması hissəsində Cavabdeh1 qarşı irəli sürülmüş tələb əsaslıdır və təmin edilməlidir. Cavabdeh2 münasibətdə məhkəmə qeyd edir ki, nə iş materialları, nə də tərəflərin məhkəmə iclasında verdikləri izahatı ilə tələb olunan qızıl əşyalarının və pul məbləğlərinin Cavabdeh2 verilməsi öz təsdiqini tapmışdır. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsassızdır və təmin oluna bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 cəmi 11250 manat (5000 manat qızılların dəyəri, 6250 manat borc məbləği olaraq) və 5000 ABŞ dolları pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 138 manat pul iddiaçıdan Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 11250 (on bir min iki yüz əlli) manat və 5000 (beş min) ABŞ dolları məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 138 manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 SFİFT Bik: CTREAZ 22 hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar