Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-30/2024 09.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən cavabdehin çıxarılmasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu Səmədabad kəndində yerləşən kənd təsərrüfatı təyinatı üçün nəzərdə tutulan **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli torpaq sahəsindən cavabdehin çıxarılmasını, həçinin bu barədə zəbtlə bağlı Yevlax rayon Prokurorluğuna rəsmi məlumat verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli çıxarışına müvafiq olaraq Yevlax rayonu, Səmədabad kəndində yerləşən 1 ha torpaq sahəsi onun və digər adları qeyd edilən mülkiyyətçilər X1, X4, X5, X3 ümumibirgə mülkiyyətindədir. Onlar bu torpaq sahəsini cavabdehin əlindən istifadə edə bilmir. Torpaq sahəsi cavabdehin əlindədir. Cavabdeh hal-hazırki müddətdə də onun torpağını istifadə edir. O, dəfələrlə cavabdehə müraciətlər etsədə müraciətləri və xahişləri heç bir səmərə vermir. Cavabdeh torpaq sahəsindən çıxmır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Fərhad Məmmədov iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını və məsələ ilə bağlı prokurorluğa məlumat verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, mübahisəli torpaq sahəsinin onun mülkiyyətində və istifadəsində olan Yevlax rayonu, Səmədabad kəndində yerləşən 3,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daxilində olduğunu, sözügedən torpaq sahəsinin 1996-cı ildə ölkədə aparılan torpaq islahatı zamanı ona verildiyini, həmin vaxt isə nə iddiaçının nə də onun ailə üzvlərinin Səmədabad kəndində yaşamadığını, Əmlak Komitəsinin vaxtında sənədləri düzgün vermədiyini, habelə hazırkı məhkəmə prosesində iddiaçının sənədinin düzgünlüyünün araşdırılmalı olduğunu bildirmişdir. Hənçinin qeyd etmişdir ki, o heç kimə torpaq sahəsi verməyəcək, əraziyə kimin gəlməsindən asılı olmyaraq heç kimi oraya buraxmayacaqdır. İddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq Cavabdeh iddiaçıya verilmiş çıxarışın qanunsuz verildiyini, müvafiq inzibati məhkəməyə müraciət etmədiyini, mübahisələrinin hazırki məhkəmə prosesində həll olunmalı olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********82 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Səmədabad kəndində yerləşən 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X1, X4, X5, X3 adlarına ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı ərizəsinə əsasən Yevlax rayonu, Səmədabad kəndində yerləşən, **********82 reyestr nömrəli çıxarışla mülkiyyətində olan 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onların iştirakları ilə idarənin mütəxəssisi tərəfindən baxış keçirilmiş, ərazinin sərhədlərinin döngə nöqtələrinin koordinatları təyin edilmiş və həmçinin mövcud faktiki ölçüləri müəyyən edilərək göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Yevlax rayonu, Səmədabad kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətinə verilmiş 1 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Qeyd edilən 1 ha torpaq sahəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan və cavabdehlər tərəfindən istifadə edilən torpaq sahəsinin koordinatları və sahəsi tərtib edilmiş yerququluşu planında göstərmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 17 saylı Yevlax ərazi İdarəsinin mütəxəssisinin, Yevlax rayon polis şöbəsinin nümayəndəsinin və tərəflərin iştirakı ilə sözügedən ərizədə torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edərək çöl-ölçmə işləri aparılmışdır. Aparılmış çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materialların və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmışdır. Yevlax rayonu, Səmədabad kəndi ərazisində yerləşən Cavabdeh və X6 tərəfindən istifadə olunan torpaq sahəsi X7 Yevlax rayonu, Səmədabad kəndi ərazisində **********82 və **********83 reyestr nömrəli çıxarışlarla mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daxilində yerləşir. Yevlax rayonu, Səmədabada kəndi ərazisində yerləşən Cavabdeh və X6 tərəfindən istifadə olunan torpaq sahəsi 2.54 ha təşkil edir. Beləliklə, qeyd olunanlardan müəyyən olunur ki, iddiaçıya məxsus 1 ha torpaq sahəsi hər hansı qanuni əsas olmadan cavabdehin istifadə və sahibliyindədir. Buna görə də iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlarla müəyyən olunur ki, Yevlax rayonu, Səmədabad kəndində yerləşən 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına ümumi birgə mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı, onlara məxsus 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini qeyd etmiş, mütəxəssis rəyində həmin torpaq sahəsinin koordinatları müəyyən edilmiş, qeyd edilən torpaq sahəsinin naturada Cavabdeh tərəfindən istifadə edildiyi qeyd edilmişdir. İddia ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi və bununla da iddiaçın mülkiyyət hüququnun pozulduğu təsdiqini tapır. İddiaçıya məxsus daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən tam olaraq çıxarılmalıdır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu iddia təmin edildiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh tutularaq İddiaçı verilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, hazırki iş üzrə mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 manat məhkəmə xərci Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Yevlax rayonu Səmədabad kəndində yerləşən 1 hektar torpaq sahəsindən çıxarılsın. Mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 manat məhkəmə xərci və ödənilmiş dövlət rüsumunun əvəzi 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-30/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-30/2024
09.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver