Məhkəmə qərarları › İş №2(039)-312/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-312/2020

11.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-312/2020 11.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin torpaq sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin sökülməsi” tələbi haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan ünvan 1 A ünvanında yerləşən 0,0052 ha sahibkarlıq təyinatlı torpaq sahəsindən cavabdehlərin çıxarılması, həmin torpaq sahəsinin onun sahibliyinə qaytarılması və həmin torpaq sahəsində onun xəbəri və icazəsi olmadan cavabdehlər tərəfindən tikilmiş qeyri-yaşayış sahəsinin cavabdehlərin öz vəsaitləri hesabına sökülməsi, həmçinin cavabdehlərdən maddi ziyanın əvəzi olaraq 25500 və mənəvi ziyanın əvəzi olaraq 10000 manat pulun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manatın alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək göstərdi ki, cavabdehlər ona məxsus olan torpaq sahəsində 2015-ci ildən mağaza tikməyə başlamış, təxminən 2 il sonra mağazanı tikib qurtarmış, sonradan icarəyə verərək, gəlir əldə etmişlər. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli torpaq sahəsində tikilmiş tikilinin onlara hər hansı aidiyyəti yoxdur, onlar orada hər hansı tikili inşa etməmişlər. Buna görə də iddianın rədd edilməsini xahiş etdi. Bundan əlavə göstərdi ki, digər cavabdeh onun atasıdır, məhkəmə iclası barədə məlumatı vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən vəbu barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx xxxxxx 2015ci il tarixli şəhadətnaməsi, xx xxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** №li, xx.xx.2015-ci il tarixli çıxarışı ilə müəyyən edilmişdir ki, ünvan 1 A saylı ünvanda yerləşən 0,0052 ha yaşayış məntəqələrinin torpaqları iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə tərəfindən alınmış Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, **********33 reyestr nömrəli çıxarışla iddiaçının adına qeydiyyata alınmış 0,0052 ha torpaq sahəsi bütövlükdə başqa şəxs və ya şəxslər tərəfindən inşa edilmiş tikili altındadır. Məhkəmənin sorğusuna “xxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, HŞ-2902 saylı cavab məktubundan görünür ki, ünvan 1 A ünvanında fəaliyyət göstərən “xxxxxxxxxx” MMC-yə məxsus olan market icarə müqaviləsi əsasında fəaliyyət göstərir. Qeyri-yaşayış sahəsi barədə “xxxxxxxxxx” MMC ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə icarə müqaviləsi bağlanmış, xx.xx.2018-ci il tarixdən market fəaliyyət göstərməyə başlamış, xx.xx.2019-cu il tarixdə isə Cavabdeh2 ilə icarə müqaviləsi yenilənmiş və icarə haqqı artırılmışdır. Beləliklə, qeyd olunanlardan müəyyən olunur ki, mübahisəli torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və cavabdehlər tərəfindən həmin torpaq sahəsində hər hansı əsas olmadan tikili-mağaza tikilmişdir, yəni həmin torpaq sahəsi hər hansı qanuni əsas olmadan cavabdehlərin istifadə və sahibliyindədir. Buna görə də iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 A ünvanında yerləşən 0,0052 ha torpaq sahəsində inşa edilmiş tikili cavabdehlərin hesabına sökülərək, cavabdehlər həmin torpaq sahəsindən çıxarılmalı, iddia maddi və mənəvi ziyan tələbinə aid hissədə iddiaçı tərəfindən məhkəməyə sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 A ünvanında yerləşən 0,0052 ha torpaq sahəsində inşa edilmiş tikili cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülərək, onlar həmin torpaq sahəsindən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar