Məhkəmə qərarları › İş №2(039)-318/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-318/2020

04.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-318/2020 04.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Yevlax rayonu Qoyunbinəsi kənd bələdiyyəsinin qərarı ilə ona satılmış həyətyanı torpaq sahəsinin cavabdehin zəbtindən azad edilərək ona təhvil verilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayonu Qoyunbinəsi kənd Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 67 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün ona verilmiş (satılmış) Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 0.065 hektar torpaq sahəsinin cavabdehin zəbtindən azad edilərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, Yevlax rayonu Qoyunbinəsi kənd Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 67 nömrəli qərarı ilə ona fərdi yaşayış evi tikmək üçün 0.065 hektar torpaq sahəsi verilmişdir (satılmışdır). Onun 3 övladı vardır, 2 oğlu bir qızı. Qızı ailə həyatı qurmuş, oğlanları isə subaydır. Hər iki oğlu həqiqi hərbi xidmət borclarını layiqincə yerinə yetirmişdir. Hazırda ona Bələdiyyənin qərarı əsasında verilmiş (satılmış) torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Belə ki, Cavabdeh onların həmkəndliləridir və ona Bələdiyyənin qərarı ilə verilmiş torpaq sahəsinə qonşu torpaq sahəsi olmuşdur. Cavabdeh öz imkanlarından istifadə edərək ona məxsus torpaq sahəsini öz həyatyanı torpaq sahəsi ilə birləşdirərək ferma açmışdır. Bələdiyyənin qərarı əsasında, o cümlədən qanuni yollarla onun əldə etdiyi torpaq sahəsində həmin dövrdə tikinti və sairə inşa işləri aparmaq ailəsinin imkanları xaricində olmuşdur. Belə ki, onun övladları o dövrdə çox kiçik olmuşlar. Hazırda oğlanları əsgərlikdən qayıdıb özlərinə ev-eşik qurmaq istərkən Cavabdeh onlara məxsus torpaq sahələrinin zəbt edildiyini bilmişlər. Onların ailəsi aztəminatlıdır. Evsiz-eşiksizdirlər. İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Bələdiyyə ilə torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlasa da, həmin torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün heç bir orqana müraciət etməmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, onun tərəfindən iddiaçıya məxsus hər hansı torpaq sahəsi zəbt edilməmişdir. Yevlax rayonu Qoyunbinəsi kəndində onun qardaşı Arif Cabbarova məxsus olan torpaq sahəsi vardır. Qardaşı da iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. İddianın təmin edilməməsini xahiş edir. Təqdim edilmiş Yevlax rayon Qoyunbinəsi Bələdiyyəsinin qərarı, torpaqların alqısatqısına dair aktdan və rəydən müəyyən olunur ki, Qoyunbinəsi Bələdiyyəsi tərəfindən Qoyunbinəsi ərazisində yerləşən 0.065 ha torpaq sahəsi İddiaçı satılmışdır. Seriya RX ******* №-li, xx xxxx 2018-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışının surətindən görünür ki, Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 0,10 hektar torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC Mingəçevir” X1 200 №li xx xxxx 2020-ci il tarixli arayışında qeyd olunur ki, İddiaçı Yevlax rayonu Qoyunbinəsi Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 67 nömrəli qərarı əsasında ayrılmış 0.065 ha torpaq sahəsinin bələdiyyə tərəfindən təsdiq edilmiş yerquruluşu planı təqdim edilmişdir. Həmin sxemə əsasən iddiaçıya ayrılmış 0.065 ha həyətyanı torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyildir. Torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadığından məhkəmənin mütəxəssis qarşısında qoyduğu sualların cavablandırılması mümkün olmamışdır. Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, iddiaçı, Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 0.065 hektar torpaq sahəsinin Yevlax rayonu Qoyunbinəsi kənd Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 67 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün ona satıldığını bildirsə də, həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeyd edilməmişdir və mütəxəssis rəyinə görə bu torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyildir. Bununla da iddiaçı, torpaq sahəsinin yeri barədə sübut təqdim etməmiş, habelə bu sahənin cavabdeh tərəfindən zəbt edilməsini sübut edə bilməmişdir. Mülki prosessual qanunvericiliyin qeyd edilən normalarının tələblərinə görə, qeyd edilən torpaq sahəsinin məhz cavabdeh tərəfindən zəbt edilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi təsdiqini tapmadığından hazırkı iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı Yevlax rayonu Qoyunbinəsi kənd Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 67 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün ona verilmiş (satılmış) Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 0.065 hektar torpaq sahəsinin cavabdehin zəbtindən azad edilərək ona təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar