Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-32/2022 24.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı1, Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehləri onlara məxsus torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, JN-161 saylı (kod ********) “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən onlara məxsus olan və Yevlax rayonu Əkşəm kəndində yerləşən 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçılar bir ailənin üzvü olmaqla Yevlax rayonu Əkşəm kəndində yaşayırlar. JN-161 saylı (kod ********) “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, Yevlax RAİK-nin 04 iyul 1998-ci il tarixli qərarı ilə iddiaçılara kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1,23 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi onların mülkiyyətində olmasına baxmayaraq cavabdehlər əsassız olaraq həmin torpaq sahəsini zəbt etmiş və onlarla illərlə davam edən tələblərinə baxmayaraq hələ də torpağı tərk etməməkdədirlər. Bu isə onları faktiki olaraq öz mülkiyyətindən məhrum edir. Ona görə də onlar hazırda cavabdehlərin onlara məxsus olan torpaq sahəsindən çıxarılmasını tələb edirlər. Sadalanan sənədlərdən göründüyü kimi cavabdehlərin zəbt etdikləri torpaq sahəsi hazırda onların mülkiyyətindədir. Onların həmin torpaq sahəsinə öz istədikləri kimi sahib olmaq, ondan istifadə etmək, həmçinin onu özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək hüquqları qanunla qorunur. Tərəflərin izahatları: İddiaçı1 məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, iclasa gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, Havarlı Bələdiyyəsi ilə icarə müqaviləsi bağlamışdır. Bu müqavilə əsasında X3 kəndində mülkiyyətində olan torpaq sahəsindən 11 ha torpaq sahəsini onun icarəsinə vermiş və bu icarə müqaviləsi əsasında həmin sahədən istifadə edir. Əkşəm kəndində onun mülkiyyətində və ya icarəsində hər hansı torpaq sahəsi yoxdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclası zamanı Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmiş və istifadə etməmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Havarlı Bələdiyyəsinin nümayəndəsi X2 bildirmişdir ki, həqiqətən Havarlı Bələdiyyəsi tərəfindən Cavabdeh2 Havarlı kəndində bələdiyyənin torpaqlarından 11 ha torpaq sahəsi icarəyə verilmişdir. Mübahisə redmeti olan sahə isə Havarlı Bələdiyyəsinə məxsusdur. Sübutlar: Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-161 KOD 90105028 saylı şəhadətnamənin surətindən görünür ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 04 iyul 1998-ci il tarixli 33 nömrəli qərarı ilə 1,23 hektar kənd təsərrüfatı məhsulları istehsalı ilə bağı Yevlax rayonu Əkşəm kənd sakinləri İddiaçı5, Zilfiyyə Məmmədovanın, İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmişdir. Yevlax rayonu Havarlı Bələdiyyəsinin 03 sentyabr 2021-ci il tarixli məllumatında qeyd edilir ki, Cavabdeh1 və Cavabdeh2la Havarlı Bələdiyyəsi arasında heç bir icarə müqaviləsi yoxdur. Cavabdeh2 Azərbaycan Respublikası Yevlax rayonu Havarlı Bələdiyyəsinin 172 saylı 15 oktyabr 2007-ci il tarixli qərarının, habelə Torpaq sahəsinin icarəyə verilməsi haqqında 21 №-li, 15 oktyabr 2007-ci il tarixli torpaq icarəsi müqaviləsinin surətini təqdim etsə də, həmin sənədlər notarial qaydada təsdiq eidlməmişlər. Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsin 17 sayı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilir ki, JN-161 saylı (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İddiaçı1, İddiaçı2, Məmmədova Xatirə Natiq qızının, X1 və İddiaçı5 mülkiyyətinə Yevlax rayonu Əkşəm kəndi ərazisində verilmiş 1.23 ha torpaq sahəsinin koordinatları naturada müəyyən edildi. JN-161 saylı (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçıların Yevlax rayonu Əkşəm kəndi ərazisində mülkiyyətinə verilmiş 1.23 ha torpaq sahəsi naturada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilmir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X1 və İddiaçı5 Yevlax rayonu Əkşəm kəndi ərazisində faktiki naturada istifadələrində 1.45 ha torpaq sahəsi var. Hüquqi məsələlər: Torpaq Məcəlləsi: Maddə 5.
3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 04 iyul 1998-ci il tarixli 33 nömrəli qərarı ilə Yevlax rayonu Əkşəm kəndində yerləşən 1,23 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə iddiaçıların mülkiyyətinə verilmişdir. Mülki prosessual qanunvericiliyin qeyd edilən normalarının tələblərinə görə, qeyd edilən torpaq sahəsinin məhz cavabdeh tərəfindən zəbt edilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, iddiaçılar buna dair hər hansı mötəbər sübut təqdim etməmişlər. Əksinə, mütəxəssis rəyi ilə təsdiq olunur ki, cavabdehlər iddiaçıların mülkiyyətində olan torpaq sahəsini zəbt etməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddia təmin edilmədiyindən mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş məbləğ, habelə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı JN-161 saylı (kod ********) “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən onlara məxsus olan və Yevlax rayonu Əkşəm kəndində yerləşən 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Toğrul Əliyev