Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-321/2020 13.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin uşaqları ilə birlikdə Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh oğlu X2 ilə evlənərək 2006-cı ildə onun mülkiyyətində olan Yevlax rayonu Hürüuşağı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Bir neçə ildir cavabdeh onunla mütəmadi olaraq dalaşır, dəfələrlə qonşuların gözü qarşısında onu söyərək evdən qovmuşdur. Cavabdeh ona qarşı etdiyi qanunsuz hərəkətlər nəticəsində Yevlax Rayon Məhkəməsinin qərarı ilə inzibati məsuliyyət cəlb olunaraq 300 manat cərimə edilmişdir. Qeyd olunan fərdi yaşayış evi 2015-ci ildə onun xüsusi mülkiyyətinə keçmişdir, hazırda o, öz evində yaşamaq istəsə də cavabdeh buna imkan vermir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisələndirilən və iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evi 1989-cu ildən iddiaçının mülkiyyətindədir. Fərdi yaşayış evinə dair texniki pasportdan da bunu müəyyən etmək olar. Cavabdeh 2007-ci ildə iddiaçının oğlu ilə rəsmi nikaha girməklə ailə həyatı qurmuş və iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə köçmüşdür. Hazırda tərəflər arasında münasibət kəskin şəkildə pisləşmiş, cavabdeh iddiaçını döydüyü üçün inzibati məsuliyyətə cəlb olunmuşdur. Bundan əlavə cavabdeh iddiaçını evdən qovub və hazırda iddiaçı ona məxsus evdə yaşaya bilmir. Eyni zamanda Cavabdeh iddiaçının oğlu Ç.Səmədov arasındakı rəsmi nikah pozulmuş və onların birgə nikahdan olan uşaqları anaları Cavabdeh himayəsinə verilmişdir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Sevda Bəkirovanın izahatına uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, iddiaçıya məxsus yaşayış evində onun və uşaqlarının da payı olduğunu bildirərək məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mübahisəli evə dair tərtib olunmuş və xx.xx.1989-cu il tarixdə təsdiq edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan” görünür ki, ev şərti olaraq “A” və “B” literləri ilə qeyd edilmiş 2 tikilidən ibarətdir; evin sahibi kimi (iddiaçı) İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İddiaçı adına xx.xx.2020-ci il tarixdə verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan” görünür ki, çıxarışın verilmə anına, mübahisəli mənzil, dövlət reyestrində xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi İddiaçı adına qeydə alınmışdır. İş üzrə tərəflərin izahatlarından müəyyən edilir ki, iddiaçının övladı X2 ilə Cavabdeh 2016-cı ildə faktiki nikah münasibətlərinə girərək ailə qurmuş, xx.xx.2007-ci il tarixində isə nikahlarını dövlət qeydiyyatına aldırmışlar. Onların birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X4 anadan olmuşlar. Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, X2 ilə Səmədova (Sadıqova) Şərafət Cəfər qızı arasında bağlanmış xx.xx.2007-ci il tarixli nikah qeydi pozulmuş və tərəflərin birgə nikahdan olan uşaqları-xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X3 anaları Cavabdeh yanında saxlanılmışlar. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, cavabdeh, iddiaçının övladı Çərkəz Səmədov ilə nikaha daxil olmamışdan xeyli əvvəl mübahisəli ev iddiaçının qanuni sahibliyi və istifadəsində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2.). İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.3.). Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.4.). Mülki Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (maddə 157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8.). Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır (maddə 158.1.2.). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (maddə 158.2.). İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Protokolunun (Protokol (qeyri rəsmi olaraq) 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi xx xxxxxxxx 2007-ci il tarixli qərarda qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Qeyd edilən qərarda həmçinin göstərmişdir ki, mənzilə dair şikayətçiyə orderin verilməsindən ibarət hərəkət elə bir hərəkətdir ki, bu hərəkətin nəticəsi olaraq şikayətçi mənzilin mülkiyyətçisi hesab edilməlidir, çünki bu order əsasında şikayətçi ilə səlahiyyətli orqan arasında mənzilə dair “sosial kirayə müqaviləsi” bağlanıla bilər ki, həmin müqaviləyə və müvafiq hüquqi aktlarda təsbit edilmiş şərtlərə əməl edərək şikayətçi mənzili pulsuz olaraq özəlləşdirə bilərdi. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə qəbul etdiyi xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdə formal təsnifatdan asılı deyil və müvafiq olaraq fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqlar” sayılır və mülkiyyət kimi qiymətlədirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Yuxarıda qeyd olunan beynəlxalq və ölkə daxili hüquq normalarının tələblərinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin qərarlarında təsbit edilmiş hüququ mövqeyinin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, Cavabdeh mübahisəli mənzilə köçən zaman mənzil İddiaçı mülkiyyətində olan əmlak hesab edilirdi. Çünki, həmin vaxt iddiaçının mübahisəli ev üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasa da, iddiaçı “qanuni gözləntiyə” malik olan şəxs olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin hallarından müəyyən edildiyi kimi, tərəflər arasındakı mülki münasibətlər 2007cı ilin sentyabr ayında, yəni xx.xx.2000-ci il tarixdən Azərbaycan Respublikasında qüvvəyə minmiş Mülki Məcəllənin qüvvədə olduğu dövrdə yaranmışdır. Mülki Məcəllənin “Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ” adlı 228-ci maddəsinin mənasına görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. (maddə 228.2.). Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir (maddə 228.5.). Qeyd edilən maddi hüququ normasının işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, Cavabdeh mübahisəli yaşayış evinə köçən zaman ev mülkiyyətçiyə bərabər tutulan “qanuni gözləntiyə” malik olan, iddia ərizəsi verilən zaman isə artıq mülkiyyət hüququnu qeydə aldırmış qayınanası İddiaçı mülkiyyətində olmuşdur. Lakin Cavabdeh evə köçərkən onunla İddiaçı arasında evdə yerləşən yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud deyil. Başqa sözlə, Cavabdeh mübahisəli evdə yerləşən yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli evdə yerləşən yaşayış sahəsindən istifadə hüququ yaranmadığından o, yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin yaşayış sahəsindən çıxarılmalıdır. Çünki Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinin tələbinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinin mənasına görə isə, mülkiyyətçi ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Bu hüquq dövlət tərəfindən tanınır və qorunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh, yetkinlik yaşına çatmayan uşaqları- xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X3 birlikdə Yevlax rayonu Hürüuşağı kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış sahəsindən çıxarılsın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-321/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-321/2020
13.05.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver