Məhkəmə qərarları › İş №2(039)-33/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-33/2024

05.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-33/2024 05.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Məhəmməd oğlu tərəfindən zəbt olunmuş Yevlax rayonu, Rüstəmli kəndində yerləşən 0,7607 hektar torpaq sahəsindən sonuncunun çıxarılması və dövlət rüsumu olaraq ödənilən 100 manatın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan xx.xx.2023-cü il tarixli ərizəsi ilə iddia tələbini dəqiqləşdirərək əlavə olaraq hazırda Yevlax rayonu Rüstəmli kəndində yerləşən və onun mülkiyyətində olan 4.2454 ha və 0.7607 ha torpaq sahələrinin zəbt etdiyi hissəsindən Cavabdeh çıxarılması və dövlət rüsumu olaraq ödənilən yüz manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət Qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Yevlax rayon, Rüstəmli kəndində yerləşən 4,2454 hektar və 0,7607 hektar torpaq sahələri birləşik olaraq onun xüsusi mülkiyyətindədir. Lakin həmin torpaq sahələri onun xüsusi mülkiyyətində olmasına baxmayaraq, cavabdeh qanunsuz olaraq 4,2454 hektar və 0,7607 hektar torpaq sahələrini zəbt etmişdir. O, dəfələrlə bu barədə ona xəbardarlıq etməyinə baxmayaraq, cavabdehin zəbt etdiyi ona məxsus olan torpaq sahələrindən çıxmaq istəmir və bundan imtina edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, mübahisəli torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyətində və istifadəsində olan Yevlax rayonu, Rüstəmli kəndində yerləşən 3,6872 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daxilində olduğunu bildirmiş və məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********20 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Rüstəmli kəndində yerləşən 0,7607 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına tam mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********59 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Rüstəmli kəndində yerləşən 4,2454 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına tam mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********72 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Rüstəmli kəndində yerləşən 3,6872 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh (1.8436 ha hissəsi), X1 (0.9218 hissəsi) və X2 (0.9218 ha hissəsi) adına ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 111 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də Yevlax rayonu, Rüstəmli kəndində yaşayır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Yevlax rayonu, Rüstəmli kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətinə verilmiş 0.7607 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsinin 0.09 ha hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir. İddaçıya məxsus cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsinin koordinatları və sahəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Yevlax rayonu, Rüstəmli kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətinə verilmiş 4.2454 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsinin 0.39 ha hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir. İddaçıya məxsus olan və cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsinin koordinatları və sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Beləliklə, qeyd olunanlardan müəyyən olunur ki, Yevlax rayonu, Rüstəmli kəndi ərazisində yerləşən iddiaçıya məxsus olan 0.09 ha və 0.39 ha torpaq sahələri hər hansı qanuni əsas olmadan cavabdehin istifadə və sahibliyindədir. Buna görə də iddiaçı həmin torpaq sahələri ilə bağlı hüquqlarını həyata keçirə bilmir. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlarla müəyyən olunur ki, Yevlax rayonu, Rüstəmli kəndində yerləşən 4,2454 ha və 0.7607 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri İddiaçı adına tam mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı, ona məxsus 4,2454 ha və 0.7607 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin cavabdeh tərəfindən zəbt edildiyini qeyd etmiş, mütəxəssis rəyində həmin torpaq sahəsinin koordinatları müəyyən edilmiş, qeyd edilən torpaq sahələrinin 0.09 ha və 0.39 ha hissələrinin naturada Cavabdeh tərəfindən istifadə edildiyi qeyd edilmişdir. İddia ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya məxsus torpaq sahələrinin müvafiq olaraq 0.09 ha və 0.39 ha hissələri cavabdeh tərəfindən zəbt edildiyi və bununla da iddiaçın mülkiyyət hüququnun pozulduğu təsdiqini tapır. İddiaçıya məxsus daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus torpaq sahələrindən qismən olaraq çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun yarı hissəsi yəni 50 manatı iddia qismən təmin edildiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən Cavabdeh tutularaq İddiaçı verilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, hazırki iş üzrə mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 224,80 manat məhkəmə xərci də yarı hissədə yəni 112,40 manat məbləğində Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Yevlax rayonu Rüstəmli kəndində yerləşən 4,2454 ha torpaq sahəsinin 0.09 ha və 0.7607 ha torpaq sahəsinin 0.39 ha hissələrindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 112,40 (yüz on iki manat qırx qəpik) manat məhkəmə xərci və ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar