Məhkəmə qərarları › İş №2(039)-344/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-344/2021

07.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-344/2021 07.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X2 Rusiya Federasiyasının Moskva şəhərində anadan olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. (ərizə dəqiqləşdirilmişdir) Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin X8 ilə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X3 ev şəraitində doğulmuşdur. Buna görə də hazırki tarixədək onun adına doğum haqqında şəhadətnamə almamışdır. Bu səbəbdən ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin şəhadətnamənin verilməsindən ərizəçiyə imtina edilmişdir. Ərizəçi də məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, oğlu Bəxtiyar Moskva şəhərində doğulmuş və xəstəxanının verdiyi şəhadətnamə əsasında o, Bəxtiyarı Azərbaycana gətirə bilmişdir. Lakin tibbi sənədin tamlığı pozulmuş və möhür olan hissəsi cırılmışdır. Bu səbəbdən qeydiyyat şöbəsi Bəxtiyara doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Qeyd olunan faktı başqa cür əldə edə bilmir, bu səbəbdən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Yevlax şəhər İcra Hakimiyyəti başçısının Yevlax Şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5379 №-li, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X1 şəhəri Aeroport qəsəbəsində yaşayır. Maraqlı şəxs tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İİ 348860 №li nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X5 arasında bağlanmış nikah 2019-cü ilin dekabr ayının 20-ci günündə Maraqlı şəxs akt qeydləri kitabında 193 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Rüstəmov, arvada isə Rüstəmova soyadı verilmişdir. Maraqlı şəxs ərizəçiyə ünvanladığı 342 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu ildə anadan olmuş oğlan övladına doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun arvadıdır; onlar rəsmi nikaha daxil olanadək ailə kimi birlikdə yaşamışlar, onların faktiki nikah münasibətlərindən xx.xx.2009-cu il təvəllüdlü Bəxtiyar adlı övladı anadan olmuşdur; uşaqları ev şəraitində doğulmuşdur. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi onun qızıdır. Nəvəsi Bəxtiyar xx.xx.2009-cu il tarixdə Moskva şəhərində doğulmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçi Rusiya Federasiyasının Moskva şəhərində xx.xx.2009-cu il tarixdə bir oğlan uşağı doğmuşdur, lakin bununla bağlı tibbi sənəd mövcud olmadığından ərizəçi uşaqların adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşağını yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2009-cu il tarixdə bir oğlan uşağını Rusiya Federasiyasının Moskva şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar