Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-360/2023 31.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Yevlax rayonu Aran qəsəbəsində yerləşən 4.34 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması və torpaq sahələrindən sərbəst istifadə etmək hüquqlarımızın həyata keçirilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və ailə üzvülərinin ümumi birgə mülkiyyətində olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən 4.34 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması və torpaq sahələrindən sərbəst (Cavabdeh qadağalarından kənar) istifadə etmək hüquqlarının həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun və ailə üzvüləri ümumi birgə mülkiyyətində Yevlax rayonu Aran qəsəbəsində 4.34 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Onun ailə üzvüləri İddiaçı, X5, X6, X10, X7, X2 və X3 həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləridir. Ümumi birgə mülkiyyətçi olaraq mülkiyyət hüquqları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan ******* nömrəli çıxarışa əsasən təsbit edilmişdir. Ailə başçısı o olmaqla, eyni zamanda yuxarıda adları göstərilən ümumi birgə mülkiyyətçilərin mülkiyyət hüquqları Cavabdeh hüquqa zidd və əsassız əməlləri ilə pozulmuşdur. Ümumi birgə mülkiyyətçi olaraq, Yevlax rayonu Aran qəsəbəsində yerləşən 4.34 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə istifadə və sahiblik hüquqları pozulmuş, o cümlədən həmin torpaq sahəsindən sərbəst istifadə etmək hüquqları cavabdehin aşağıda göstərilən əməlləri nəticəsində məhdudlaşdırılmışdır. Belə ki, Cavabdeh onlara məxsus torpaq sahəsində əkib–becərmə, suvarma, habelə heyvanlarının otarılması ilə bağlı ciddi problemlər yaradır. Həmin torpaq sahəsində onlara köməklik edən (becərmə və heyvanların otarılması ilə bağlı) şəxslərin fəaliyyətinə cavabdeh ciddi maneələr yaradır. Torpaq sahəsinə giriş – çıxışa qadağa qoyur və həmin torpaq sahəsini özününkü hesab edir, habelə qeyd edildiyi kimi təsərrüfatın idarə olunmasında əməyi zəruri hesab edilən digər şəxslərə münasibətdə sonuncunun qanuna zidd əməlləri günü – gündən kəskinləşir. Bununla bağlı, dəfələrlə cavabdehə müraciət edərək, yalnız öz ərazisi ilə bağlı sərəncam vermək hüquqlarını ona izah etmiş və bildirmişdir ki, ailəsinin ümumi birgə mülkiyyətinə daxil olan torpaq sahəsində onların hansı işi görməyinin və kimlərin köməyindən istifadə etməyini ona heç bir aidiyyəti və ziyanı olan bilməz. Onlar yalnız öz mülkiyyətindən istifadə edirlər və mülkiyyət hüquqları toxunulmazdır. Cavabdeh ona qarşı Yevlax Rayon Məhkəməsində zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia qaldırmış və onun iddia tələbi Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)-273/2019 saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamə, müvafiq məhkəmə aktları ilə Şəki Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə dəyişdirilmədən saxlanılmışdır. O, hazırkı iddia tələbini qanuni və əsaslı hesab edir. İddia tələbinə aşağıda göstərilən maddi və prosessual hüquq normalarına istinadən hüquqi qiymət verilməklə qanuni və əsaslı sayılmalıdır. O, ailə başçısı olmaqla, digər ümumi birgə mülkiyyətçilərin mənafeyi naminə hazırkı iddia tələbini irəli sürür. Onların mülkiyyət hüququ Dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Biz öz mülkiyyətindən ətrafdakılar ziyan vurmamaqla istifadə etmək istəsələr də, cavabdeh buna süni surətdə maneəçilik törədir. Cavabdeh mübahisə predmeti olan mülkiyyətinin götürmədən və ondan məhrum etmədən belə, mülkiyyət hüquqları həyata keçirilməsinə maneəçilik törədir və bununla bağlı, yuxarıda təsvir edilən tərzdə suni maneələr yaradır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul edərək bildirmişdir ki, özünün mülkiyyətində olan Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 2,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı uzun illərdir ki aralarında mülki mübahisələr vardır. Belə ki, həmin sahələr qonşuluqda yerləşir, o özünə məxsus torpaq sahəsinin başqaları tərəfindən istifadəsinə qadağalar yaradır, sözügedən torpağın isə iddiaçıya aidiyyəti yoxdur. Dediklərini nəzərə alaraq məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Seriya RX ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 2.48 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətidir. Torpağa mülkiyyət hüququna dair JN-0577 KOD 90100016 syalı mülkiyyət hüququna dair Dövlət aktının surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 4.34 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Seriya RX ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 4.34 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətidir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh iddiası təmin edilərək, xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə Yevlax rayonu, Aran qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 2.48 ha olan torpaq sahəsi üzərində Cavabdeh hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi DƏDRX 17 saylı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 386 №li 10 aprel 2019-cu il tarixli mütəxəssis rəyində qeyd olunur ki, həm İddiaçı Cavabdeh mülkiyyətində olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən **********61 reyestr nömrəsi ilə qeydiyyata alınmış 2,48 ha torpaq sahəsinin həm də İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən **********1 reyestr nömrəsi ilə qeydiyyata alınmış 4,34 ha torpaq sahəsinin “torpaq sahəsinin planı və ölçüsü” sənədlərindəki koordinatları naturaya köçürülərkən onların üst üstə düşmədiyi və qonşu torpaq sahələri olduğu müəyyən olunur. Torpaq sahələrinin planı və ölçüsü sənədlərindəki koordinatlar əsasında tərtib edilmiş sxemləri islahat xəritəsi ilə tutuşdurulduqda uyğunsuzluq aşkar edilmişdir. Belə ki, mülkiyyət kimi qeydiyyata alınmış torpaq sahələrinin uzunlq istiqamətləri həm bucaq altında dəyişmiş, həm də islahat aparılmış ərazidən kənara çıxmışdır. Cavabdeh İddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilərkən həmin ərazinin 4.21 ha olması və islahat aparılmış ərazidə yerləşməsi müəyyən edilmişdir. Lakin sənədlərdə olan uyğunsuzluğa görə onun mülkiyyətində olan ərazidən və ya başqasının ərazisindən istifadə etməsini müəyyən etmək mümkün deyil. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 2055 №li 26 iyul 2019-cu il tarixli mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı cavabdeh X4 və digərlərinə qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair verilmiş mütəxəssis rəyində (rəy əlavə olunur) qeyd edilən torpaq sahəsi ilə (İddiaçı və ailə üzvlərinə JN-0577 KOD 90100016 saylı Dövlət aktı İlə verilmiş 4,34 ha torpaq sahəsi) Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində 108 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydə alınmış, İddiaçı 12 oktyabr 2018-ci il tarixdən ümumi birgə xüsusi mülkiyyətə verilmiş torpaq sahələrinin koordinatları eyni deyildir. İddiaçı həmin mütəxəssis rəyində qeyd edilən və ona həmin zaman təhvil verilən torpaq sahəsinin hüdudlarından kənara çıxmamışdır. Yevlax Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdeh tərəfindən zəbt edilən, onun mülkiyyətində olan, Yevlax rayon Aran qəsəbəsində yerləşən torpağa mülkiyyət hüququna dair RX seriyalı, ******* saylı çıxarışı ilə onun mülkiyyətində olan 2,48 ha torpaq sahəsindən cavabdehin dərhal çıxarılması və ona vurulmuş 6,000 manat zərərin əvəzinin ödənilməsi tələbibarədə iddiаsı rədd edilmişdir. Bu qətnamə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-ci il tarixli qətnaməsi ilə, sonuncu qətnamə isə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, sözügedən ərazidə torpaq paylı almış 14 mülkiyyətçiyə verilmiş torpaq sahəsində (həmin masivdə) 3.84 ha torpaq sahəsinin çatışmamazlığı səbəbində, müvafiq akt tərtib edərək mülkiyyətçilər tərəfindən imzalanması üçün Yevlax rayonu Aran bələdiyyəsinin, mülkiyyətçilərin iştirakı ilə dəfələrlə görüş keçirilmiş, marifləndirmə işləri aparılmışdır. Həmin ərazidə pay almış vətəndaşın birinin həmin ərazidən könüllü çıxması və ya bölgünün hər bir payçının payından azalmaqla işlərin tamamlanması mülkiyyətçilərin diqqətinə çatdırılmışdır. Həmçinin həmin məktuba əlavə olunmuş müvafiq mütəxəssis rəyində İddiaçı mülkiyyətinə verilmiş 4.34 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətinə verilmiş 2.48 ha olan torpaq sahəsinin koordinatları sənəd üzrə üst-üstə düşmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır Mülkiyyət hüququ fundamental insan hüquqları sırasında mühum yer tutduğundan (Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, "İnsan Hüquqlarının və X1 haqqında" Avropa Konveniyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.4, 6.1.7-ci maddələri), mülkiyyətçinin hüququ təsbit olunmuş səlahiyyətləri, yəni ona məxsus əmlaka sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etməyinə dair mənafeyi naminə iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi boşaldılaraq, iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2 saylı Plenumunun Qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahələri ilə bağlı mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsi Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növlərini tanıyır və bütün mülkiyyət növlərinin bərabərhüquqlu olmasını və dövlət tərəfindən qorunmasını təsbit edir. Qeyd olunan maddənin 3-cü bəndində qeyd edilir ki, torpaq sahələri üzərində mülkiyyət hüqüqu mülkiyyətçisinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə iclasında müəyyən edildi ki, Yevlax rayonu, Aran qəsəbəsində Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan ******* nömrəli çıxarışa əsasən verilmiş 4.34 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinə məxsusdur, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Seriya RX ******* №-li çıxarışın əsasən Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 2.48 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi isə cavabdehə məxsusdur. Cavabdeh özünə məxsus olan torpaq sahəsinin həmin ərazidə iddiaçıya məxsus torpaq sahəsi ilə eyniyyət təşkil etdiyini hesab etdiyindən iddiaçıya və onun ailə üzvlərinə öz torpaqlarından istifadəyə maneələr yaradır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı və onun ailə üzvülərinin ümumi birgə mülkiyyətində daxil olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən 4.34 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə Cavabdeh tərəfindən yaradılmış süni maneələr aradan qaldırılmalı və iddiaçının həmin torpaq sahəsindən sərbəst (Cavabdeh qadağalarından kənar) istifadə etmək hüquqları həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə mütəxəssis rəyinin alınması üçün ödənilmiş məhkəmə məsrəfi olan 124 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və onun ailə üzvülərinin ümumi birgə mülkiyyətində daxil olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən 4.34 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə Cavabdeh tərəfindən yaradılmış süni maneələr aradan qaldırılsın və iddiaçının həmin torpaq sahəsindən sərbəst (Cavabdeh qadağalarından kənar) istifadə etmək hüquqları həyata keçirilsin. Mmütəxəssis rəyinin alınması üçün ödənilmiş məhkəmə məsrəfi olan 124 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-360/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-360/2023
31.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver