Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-367/2022 15.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı və vəkili X4 Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı «xususi təyinatlı mənzilə köçürmə» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «xususi təyinatlı mənzilə köçürmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax şəhəri Məcburi Köçkünlər üçün nəzərdə tutulan Yeni Qəsəbə 10/61 saylı xüsusi təyinatlı mənzilə onun, uşaqları 13 iyul 2010-cu il doğum tarixli X8 və 23 may 2007-ci il doğum tarixli X1 dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iş üzrə maraqlı şəxs qismində cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, o Cavabdeh ilə 18 iyul 2006-cı il tarixində nikaha daxil olmuşdur. Bu nigahdan 2007-ci il təvəllüdlü Məhəmməd və 2010-cu il təvəllüdlü Nuray adlı iki uşağı dünyaya gəlmişdir. Aralarında olan nikah qeydi 2016-cı ildə pozulmuş, hər iki uşağın onunla qalması qət edilmişdir. Tələbin mahiyyəti evə köçürmədir. Onların ailə olaraq 2 uşaqla yaşamağa yerləri yoxdur. Ailə olaraq məcburi köçkün olduqlarından dövlət onlara xüsusi təyinatlı yaşayış sahəsi ayırmışdır. Yevlax şəhəri Yeni Qəsəbə 10/61 ünvanında 4 nəfər ailə üzvlərinə 65 kv. metrlik, yaşayış sahəsi 36 metrdən ibarət 2 otaqlı mənzili onlara yaşamağa vermişdir. Bu barədə onlarla kirayə müqaviləsi bağlanmışdır. Onlar iddiaçı və cavabdeh bu ünvanda qeydiyyatdadılar. Onlar bu ünvana köçmək istəyirlər. Cavabdeh onları yaşadıqları və qeydiyyatda olduqları evə buraxmır. O və uşaqları evə köçmək istəyirlər. Onların başqa yaşayış yeri yoxdur. Onların qeydiyyata düşdükləri, hökümətin onlara yaşamaq üçün verdiyi Məcburi köçkünlər üçün nəzərdə tutulan evə Yevlax şəhəri Yeni qəsəbə 10/61 saylı xüsusi təyinatlı yaşayış binasına köçrülmək istəyirlər. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı və vəkili X7 məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, tərəflər rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından iki uşaqları olmuşdir. Məhkəmə qətnaməsi ilə nikahları pozulmuş və uşaqlar anasının yanında saxlanılmışdır. Tərəflər ailəli olduqları vaxt Dövlət tərəfindən onlara məcburi köçkün olduqları üçün Yevlax şəhəri Yeni Qəsəbə 10/61 ünvanında xüsusi təyinatlı mənzil vermişdir. Buna dair tərəflərlə Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında kirayə müqaviləsi bağlanmışdır. Ayrıdıqdan sonra iddiaçı məcbur olub həmin mənzildən çıxmışdır. Hazırda övladları ilə birlikdə həmin evə köçmək istəyir. Cavabdeh izah etdi ki, həmin mənzildə o və övladları qeydiyyatdadır. Hazırda İddiaçı xüsusi təyinatlı Yevlax şəhəri, Yeni Qəsəbə 10/61 ünvanında yerləşən mənzilə övladları ilə birlikdə köçərək yaşamasına razıdır. Evə köçən zaman cavabdehin apardığı əmlakların da qaytarılmasını istəyir. Maraqlı şəxs Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X13 telefon vasitəsi ilə bildirmişdir ki, sözü gedən mənzilə dair kirayə müqaviləsi hər iki tərəflə bağlanmışdır. İddiaçının övladları ilə birlikdə həmin mənzilə köçməsinə etiraz etmirlər. Belə ki, kirayə müqaviləsində iddiaçının və övladlarının da adları qeyd edilmişdir. Yəni mənzildə müqavilə əsasında onların yaşamaları nəzədə tutulmuşdur. Məhkəmə iclasını iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Yevlax şəhəri bölməsinin 29 noyabr 2021-ci il tarixli 1220 saylı arayışından məlum olur ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Hazırda Yevlax şəhəri, Yeni Qəsəbə 10/61 ünvanında müvəqqəti qeydiyyatdadır. Ailə tərkibi aşağdakı kimidir: X9 və X14. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 29 iyun 2007-ci il tarixli AZ-l 798763 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 23 may 2007-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 29 iyul 2010-cu il tarixli AZ-ll 472435 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X14 13 iyul 2010-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 25 yanvar 2017-ci il tarixli AZ-l 249450 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh X6 ilə olan nikahı ləğv edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 23 may 2013-cü il tarixli, 601 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh arasında, Yevlax rayonu 10 №li yaşayış binasında yerləşən 61 saylı mənzilin kirayəçinin müvəqqəti istifadəsinə verilməsinə dair kirayə müqaviləsi bağlanmış, X6, X14 və X2 ailə üzvü kimi qeyd olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(039)-1409/2016 saylı qətnaməsinin surətindən məlum olur ki, X6 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, uşaqlar X3 himayəsində saxlanılmışdır. Beləliklə, məhkəmədə aydın oldu ki, Cavabdeh ilə İddiaçı rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından iki uşaqları olmuşdur. Cavabdeh məcburi köçkündür və 2013-cü ildə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında Yevlax rayonunda məcburi köçkünlər üçün inşa edilən binada mənzillə təmin edilmişlər. Kirayəçinin (Cavabdeh) müqavilədə ailə üzvləri kimi cavabdeh və övladları göstərilmişdir. Ailəli olduqları vaxt həmin mənzilə köçərək orada yaşamağa başlamışlar və cavabdehlə birlikdə təsərrüfatı birgə idarə etmişlər. Ailə münasibətləri baş tutmadığında ayırlmışlar və uşaqlar iddiaçının himayəsində saxlanılmışdır. Cavabdeh iddiaçını mənzildən çıxarmışdır. İddiaçı mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda Cavabdeh iddianı qəbul edir və iddiaçının övladları ilə birlikdə həmin mənizilə köçürülmələrinə razıdır. Maraqlı şəxs də iddiaçının övladları ilə birlikdə həmin mənzilə köçürülməsinə etiraz etmir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.02.2017-ci il tarixli, 65 №li Qərarının 1.3-cü bəndində qeyd olunmuşdur ki, Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin Qərarın 1.4-cü bəndində göstərilmişdir ki, Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. Həmin Qərarın 1.5-ci bəndində göstərilmişdir ki, Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Həmin Qərarın 2.4-cü bəndində göstərilmişdir ki, Müvəqqəti yaşayış sahələri aşağıdakı məcburi köçkün ailələrinə verilir: 2.4.1. məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayan, müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilərək Komissiyaya təqdim olunmuş siyahıya daxil edilmiş "məcburi köçkün" statusu olan şəxslərə; 2.4.2. yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrinə. Həmin Qərarın 2.5-ci bəndində göstərilmişdir ki, Məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə "Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri (bundan sonra - kirayə müqaviləsi) əsasında verilir. Həmin Qərarın 2.6-cı bəndində göstərilmişdir ki, Kirayə müqaviləsi Komitənin müvafiq qurumu ilə məcburi köçkün arasında 2(iki) nüsxədən ibarət olmaqla yazılı formada bağlanılır və bir nüsxəsi kirayəçiyə (məcburi köçkünə) verilir. Həmin Qərarın 2.7-ci bəndində göstərilmişdir ki, Kirayə müqaviləsində müvəqqəti istifadəçinin ailə üzvləri də göstərilməklə müqavilənin predmeti, yaşayış sahəsindən müvəqqəti istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Kirayə müqaviləsi Komitənin müvafiq qurumu tərəfindən şifahi qaydada məcburi köçkünə izah edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 59.1-ci maddəsində göstərilir ki, Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1-ci maddəsində göstərilir ki, Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.3-cü maddəsində göstərilir ki, Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 82-ci maddəsində göstərilir ki, Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsi: 82.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər. 82.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisi onunla birlikdə yaşayan ailə üzvlərinin yazılı razılığı ilə istənilən vaxt sosial kirayə müqaviləsini ləğv etmək hüququna malikdir. 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. 82.4. Kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.1. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 82.4.2. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 82.4.3. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. 82.5. Sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 99.4-cü maddəsində göstərilir ki, Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara qərəzsiz, obyektiv, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı 13 iyul 2010-cu il təvəllüdlü X14 və 23 may 2007-ci il təvəllüdlü X9 ilə birlikdə Yevlax şəhəri Məcburi Köçkünlər üçün nəzərdə tutulan Yeni Qəsəbə 10/61 saylı xüsusi təyinatlı mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı 13 iyul 2010-cu il təvəllüdlü X14 və 23 may 2007-ci il təvəllüdlü X9 ilə birlikdə Yevlax şəhəri Məcburi Köçkünlər üçün nəzərdə tutulan Yeni Qəsəbə 10/61 saylı xüsusi təyinatlı mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-367/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-367/2022
15.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver