Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-391/2020 06.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı Mustafayeva Sürayə Alqubat qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı özgənin mülkiyyətində olan torpaq sahəsindən zəruri yolun ayrılması və ondan istifadə etməyə icazə verilməsinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı özgənin mülkiyyətində olan torpaq sahəsindən zəruri yolun ayrılması və ondan istifadə etməyə icazə verilməsinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, torpaq sahəsinin onun torpaq sahəsi ilə sərhəd olan hissəsindən 50 sm enində, 8 metr uzunluğunda zəruri yolun ayrılması və ondan istifadə etməyə icazə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində RX seriyalı ******* saylı çıxarışa əsasən Yevlax şəhəri H.Aslanov küçəsi 39 saylı fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. O, yaşadığı fərdi yaşayış evinə normal şəkildə daxil ola bilmir. Yaşadığı evə nə avtomobil daxil ola bilir, nə də hər hansı bir qəza baş verərsə, həyətə yanğın söndürən maşının daxil olması mümkün deyildir. Onunla qonşuluqda yaşayan hazırkı cavabdehə dəfələrlə müraciət edərək ondan xahiş etmişdir ki, 50 sm enində, 8 metr uzunluğunda 4 m2 torpaq sahəsini ona versin. Bu barədə müvafiq kompensasiyanı belə ödəməyə hazırdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin iddiaçının istifadəsinə verilməsinə razı olmadığını bildirərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* №li çıxarışından görünür ki, İddiaçı Yevlax şəhəri Həzi Aslanov küçəsi 39 saylı evə və onun yerləşdiyi 0.0248 hektar torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* №li çıxarışından görünür ki, Yevlax şəhəri Həzi Aslanov küçəsi 41 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0.02 hektar torpaq sahəsinə Cavabdeh və digərlərinin ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə işin tam, hərtərəfli və obyektiv həllinin təmin edilməsi məqsədi ilə iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla məhkəmə-tikinti ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir (Ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: Yevlax şəhəri Həzi Aslanov küçəsi ev 39 ünvanda yerləşən torpaq sahəsinə avtomobil və piyada üçün giriş-çıxış yolu nəzərdə tutulmuşdurmu və servitut qaydasında yolun verilməsi mümkündürmü?) Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.5-ci maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa 4 formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 175-ci maddəsinə əsasən, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. İstinad olunan maddənin əsas dispozitiv şərtinə görə, hər hansı torpaq sahəsinin ictimai yola keçidi yoxdursa, həmin torpaq sahəsinin mülkiyyətçisi qonşu torpaq sahəsindən zəruri keçid verilməsini tələb edə bilər, lakin bu zaman keçid üçün ayrılmış torpaq sahəsinin dəyəri tam ödənilməli, kompensasiya verilməlidir. Həmin Məcəllənin 255-ci maddəsinə görə servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Servitut alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir. Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. Servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Həmin Məcəllənin 256.2-ci maddəsinə əsasən servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Göründüyü kimi, qanunvericilik servitut verilməsi barədə birbaşa məhkəməyə müraciət etmək hüququnu istisna edir. Bu barədə tərəflər öz aralarında azad surətdə müqavilə bağlamalıdırlar və müqavilə notarial qaydada təsdiq olunmalıdır. Hər hansı şəxsin servitut verilməsi ilə bağlı müqavilə bağlamağa məcbur edilməsi isə mülki qanunvericiliyin prinsiplərinə, ən əsası isə müqavilə azadlığı prinsipinə ziddir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, ekspert rəyi də iddiaçının öz torpaq sahəsinə servitut qaydasında avtomobil yolunun verilməsinin mümkün olmamasını müəyyən etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı hal-hazırda hazırkı iddia tələbinin təmin olunması üçün hüquqi əsaslar olmadığından iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən İddiaçı 50 manat ekspertiza xərci Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və AzərbaycanRespublikası MülkiProsessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı özgənin mülkiyyətində olan torpaq sahəsindən zəruri yolun ayrılması və ondan istifadə etməyə icazə verilməsinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdeh İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin AZ43CTRE******************** hesab nömrəsinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti veriləbilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-391/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-391/2020
06.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver