Məhkəmə qərarları › İş №2(039)-40/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-40/2025

18.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-40/2025 18.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Yevlax rayonu Salahlı kəndində yerləşən 1 hektar torpaq sahəsindən Cavabdeh çıxarılması və dövlət rüsumu kimi banka ödədiyi 100 manat pulun cavabdehdən alınıb ona qaytarılmasına dair qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Yevlax rayonu Salahlı kəndidə yerləşən 1 hektar torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi islahat zamanı mərhum valideyinlərinə verilmiş və ona miras qalmışdır. Mübahisəli torpaq sahəsinin meşə zolağına düşməsi səbəbi ilə 2005ci ildə bələdiyyə mülkiyyətində olan 1 hektar pay torpaq sahəsi istifadəsinə verilmiş və həmin torpaq sahəsindən 2020-ci ilin axırlarına kimi istifadə etmiş, 2022-ci ilin yayında müraciəti əsasında elektron xəritə ilə torpaq sahəsinin cavabdehin istifadəsində olması aşkar olunmuşdur. Dəfələrlə tələb etməyinə baxmayaraq, Cavabdeh onun mülkiyyətində olan pay torpaq sahəsindən çıxmır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir, Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, iddiaçı ilə qonşu olduğunu ona məxsus olan torpaq sahəsini zəbt etmədiyini bildirmiş və məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Salahlı kəndində yerləşən 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına tam mülkiyyət kimi qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Salahlı kəndində yerləşən 2,3192 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinin adına ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2025-cü il tarixli rəyindən görünür ki, Yevlax rayonu, Salahlı kəndində yerləşən İddiaçı mülkiyyətində **********96 reyestr nömrəli çıxarışla verilmiş 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmiş, Yevlax rayonu, Salahlı kəndində yerləşən İddiaçı mülkiyyətində **********96 reyestr nömrəli çıxarışla verilmiş 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri müəyyən edilmiş, Yevlax rayonu, Salahlı kəndində yerləşən Cavabdeh mülkiyyətində **********69 reyestr nömrəli çıxarışla verilmiş 2.3192 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin korrdinatları müəyyən edilmiş, iddiaçının mülkiyyətinə **********96 reyestr nömrəli çıxarışla verilmiş və olan məxsus olan “torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş koordinatlar daxilində yerləşən 1 hektar torpaq sahəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. İddiaçının mülkiyyətində olan və naturada cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsinin koordinatları və sahəsi iddiaçıya verilmiş **********96 reyestr nömrəli torpaq sahəsi plan və ölçüsü sənədində göstərilmiş, tərəflərin mülkiyyətində olan torpaq sahələri sənə üzrə və naturada ölçüləri üst-üstə düşmür. Yevlax rayonu Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Yevlax rayonu, Salahlı kəndində yaşayır. Beləliklə, qeyd olunanlardan müəyyən olunur ki, iddiaçıya məxsus 1 ha ölçüdə olan torpaq sahəsi hər hansı qanuni əsas olmadan cavabdehin istifadə və sahibliyindədir. Buna görə də iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-ci maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 76-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, cavabdeh, iddiaçın mülkiyyətində olan 1 ha torpaq sahəsi hər hansı qanuni əsas olmadan istifadə etdiyindən iddiaçın tələbi haqlıdır və cavabdeh iddiaçının mülkiyyətində olan Yevlax rayonu Salahlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1 ha ölçüdə olan torpaq sahəsindən çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat, hazırki iş üzrə mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Yevlax rayonu Salahlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1 ha ölçüdə olan torpaq sahəsindən çıxarılsın. Mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat məhkəmə xərci və iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar