Məhkəmə qərarları › İş №2(039)-41/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-41/2020

01.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-41/2020 01.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, onun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun, Cavabdehlər Cavabdeh və X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh, X6 və X4 qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və mənzilə köçürmə tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh, Surxay Əliyevə və Fənar Əliyevaya qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin sahibliyində olan Yevlax rayonu, Qoyunbinəsi kəndində yerşəşən bu günə kimi cer-cehiz əşyalarının yerləşdiyi fərdi yaşayış evinə azyaşlı uşaqları xx xxxxxx 2004-cü il təvəllüdlü Əliyeva Könül Şəmil qızı, xx xxxxxxx 2006-cı il təvəllüdlü X7 və xx xxxxxx 2010-cu il təvəllüdlü X8 ilə birlikdə istifadə hüququnun tanınmasına və həmin evə köçürülməyinə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, həyat yoldaşı Cavabdehlə 2003-cü ildə rəsmi nikaha daxil olmuşlar. Rəsmi nikahlarından xx xxxxxx 2004-cü il təvəllüdlü Əliyeva Könül Şəmil qızı, xx xxxxxxx 2006-cı il təvəllüdlü X7 və xx xxxxxx 2010-cu il təvəllüdlü X8 adlarında övladları dünyaya gəlmişdir. Cavabdehlə ailə quraraq mübahisələndirdiyi evə, yəni Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən, hazırda mülkiyyətçisi məlum olmayan fərdi yaşayış evinə gəlin gəlmişdir. O, bu evdə onun üç övladı dünyaya gəlmişdirlər. O, və uşaqları bu mənzildə ümumi ailədə 15-il yaşamışlar. Onun mübahisələndirdiyi fərdi yaşayış evindən cavabdehlər tərəfindən 2017-ci ilin iyun ayında üç azyaşlı uşaqları ilə birlikdə qovulmuşdur. Cavabdehlə aralarında olan nikah Yevlax Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə pozulmuşdur. Onların qalmağa və yaşamağa başqa yeri yoxdur. Uşaqlarının və özünün yaşamağı üçün mənzilin və yaxud daa yaşayış yeri olmalıdır. Ancaq bu hüququndan cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində istifadə edə bilmir. Onlar bu evdə yaşamışlar. Cer-cehiz əşyalrı bu gün də həmin evdədir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı bildirmişdir ki, Yevlax rayonu, Qoyunbinəsi kəndində 0.14 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evi onun valideynləri tərəfindən inşa edilib. Həqiqətən iddiaçı ilə 2003-cü ildə rəsmi nikaha daxil olduqdan sonra həmin evdə birgə yaşamışlar. İddiaçıya məxsus əşyalar da həmin evdə yerləşdirilmişdir. Lakin sonradan münasibətləri pozulmuş və iddiaçı uşaqları ilə birlikdə həmin evi tərk etmişdir. Onun hazırda evi yoxdur, özü belə həmin evdə yaşamır. Uşaqlara alimenti ödəyir, imkanı olsa uşaqlarına ev də alıb verəcək. İddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Surxay Əliyev məhkəmə iclası zamanı bildirmişdir ki, öz vəsaiti hesabına Yevlax rayonu, Qoyunbinəsi kəndində, 0.14 ha torpaq sahəsi üzərində ev inşa etdirmişdir. İddiaçı həqiqətən 2003-cü ildə onun oğlu Cavabdehlə nikaha daxil olduqdan sonra həmin gəlin gəlmiş və əşyalarını da evdə yerləşdirmişdir. Lakin, sonradan iddiaçı onun ailə üzvləri ilə mübahisə etməyə başlamış və aralarında narazılıqlar yaranmışdır. Bu səbəbdən iddiaçıdan tələb etmişlər ki, üç uşağı ilə həmin evi tərk etsin. Hazırda da münasibətləri kəskin olaraq qalmaqdadır, hətta oğlu Cavabdeh də həmin evdən çıxmasını tələb etmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Cavabdehlə İddiaçı arasında bağlanmış xx xxxxxxx 2004cü il tarixli nikah qeydi ləğv edilmişdir. Yevlax rayonu Qoyunbinəsi kənd icra nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh və İddiaçı birgə nikahlarından xx xxxxxx 2004-cü il tarixdə Əliyeva Könül Şəmil qızı, xx xxxxxxx 2006-ci il tarixdə X7, xx xxxxxx 2010-cu il tarixdə X8 doğulmuşlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ərazi İdarəsi tərəfindən **********74 №-li, xx xxxxxx 2018-ci il tarixdə verilmiş məktubda qeyd olunur ki, Ərazi idarəsinin elektron məlumat bazasına əsasən JN-167A nömrəli “torpaq mülkiyyətə verilməsinə dair şəhadətnanə”də Yevlax rayonu, Qoyunbinəsi kəndində X5. X1 ümumbirgə (3 nəfər) mülkiyyətində 0.14 hektar həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Ərazi idarəsinin elektron məlumat baxasına əsasən JN-647 nömrəli “torpaq mülkiyyət hüququna dair dövlət aktın”da Yevlax rayonu Qoyunbinəsi kəndində X5, X1 ümumbirgə (4 nəfər) müliyyətində 2.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir. Təqdim edilmiş JN-167A, KOD 90100028 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktın surətindən görünür ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli, 33 saylı qərarı ilə Yevlax rayonu Qoyunbinəsi kəndə yerləşən 0.14 hektar həyətyanı sahəsi Surxay Əliyev, Fənar Əliyeva və Cavabdeh birgə mülkiyyətinə verilmiş, torpaq sahəsindən mülkiyyətçilərin payları müəyyən olunmamışdır. Qoyunbinəsi kənd icra nümayəndəsi tərəfindən verilmiş arayışda qeyd olunur ki, İddiaçı həqiqətən xx xxxxxxx 2004-cü il tarixdə Cavabdeh ata evinə gəlin gəlmişdir. Hazırda Cavabdeh ayrı təsərrüfatdır. Beləliklə, mövcud sübutlarla təsdiq olunur ki, İddiaçı Cavabdehlə xx xxxxxxx 2004-cü il tarixdə nikahlarını rəsmi qeyd etdirdikdən sonra, Cavabdeh, atası Surxay Əliyevin və anası Fənar Əliyevanın 1998-ci il tarixdən ümumi birgə mülkiyyətində olan Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsi üzərində, qayınatası Surxay Əliyevin vəsaiti hesabına inşa edilmiş, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş və mövcud qanunvericiliyə görə özbaşına tikili hesab edilən yaşayış evinə köçmüş, əşyalarını həmin evdə yerləşdirmiş, cavabdehlərlə ailə üzvü kimi yaşamışdır. Aralarında olan mübahisə zəminində Cavabdehlə İddiaçı arasında olan nikah pozulmuş və sonuncu həmin evdən çıxarılmışdır. Torpaq Məcəlləsi: Maddə 52:

1. Torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır.

2. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir.

Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Mülki Məcəlləsi: Maddə 8.1. Mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Maddə 152.1. mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyalara) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdehlə 2004-cü ildə rəsmi nikah münasibətlərinə daxil olduğundan həmin zaman qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. İddiaçının istifadə hüququnun tanınması və köçürülməsi istədiyi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin evin yerləşdiyi torpaq sahəsi 1998-ci ildən, yəni İddiaçı ilə Cavabdeh rəsmi nikah münasibətlərinə daxil olmadan öncə cavabdehlərin birgə xüsusi mülkiyyətinə verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı və onun yetkinlik yaşına çatmayan övladları cavabdeh, həyətyanı torpaq sahəsinin birgə mülkiyyətçisi olan Cavabdehlə bu müddət ərzində etibarlı ailə əlaqələrində olmaqla həmin həyətyanı torpaq sahəsindən istifadə hüququnu əldə etmişlər. Məhkəmə qeyd edir ki, həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evi özbaşına tikili olsa da, iddiaçı və onun övladları torpaq sahəsinin birgə mülkiyyətçisi Cavabdeh ailə üzvləri olaraq torpaq sahəsindən istifadə hüququna malik olmaqla həmin evə köçürülmək hüququna malikdirlər. Əks halda tərəflərin qanun qarşısında bərbərlik hüququ pozula bilər. Belə ki, cavabdehlər həyətyanı torpaq sahəsinin birgə mülkiyyətçiləri olsa da, onların torpaq sahəsi üzərində yerləşən yaşayış evinə hüquqları qeydiyyata alınmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia, iddiaçının yetkinlik yaşına çatmayan övladları ilə birlikdə köçürülməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Lakin, qeyd olunmalıdır ki, cavabdehlərin birgə mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamaqla özbaşına tikili olduğundan, elə cə də cavabdehlərin belə, həmin yaşayış evindən istifadə hüququ müəyyən edilmədiyindən iddia, həmin yaşayış evindən istifadə hüququnun tanınması hissəsində təmin edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. İddiaçı azyaşlı uşaqları xx xxxxxx 2004-cü il təvəllüdlü Əliyeva Könül Şəmil qızı, xx xxxxxxx 2006-cı il təvəllüdlü X7 və xx xxxxxx 2010-cu il təvəllüdlü X8 ilə birlikdə Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən, cavabdehlər Cavabdeh, X6 və X4 mülkiyyət hüququ üzrə məxsus olan 0.14 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən yaşayış evinə köçürülsünlər. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar