Məhkəmə qərarları › İş №2(039)-43/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-43/2022

13.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-43/2022 13.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan Yevlax rayonu, Aran qəsəbəsində yerləşən, kənd təsərrüfatı üçün nəzərdə tutulan Aqrar islahat komissiyasının 24 aprel 2001-ci il tarixli 57 saylı qərarı ilə torpağın mülkiyyət hüququna dair JN-0117 kod 90100016 saylı dövlət aktı ilə mülkiyyətlərinə verilmiş 2.48 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması, o cümlədən hüquqi yardıma görə ödənilən 200 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia tələbini onunla əsaslandırmışlar ki, onlar mülkiyyətçidilər. Kənd təsərrüfatı məhsulların istehsalı üçün 24 aprel 2001-ci il tarixli, JN-0117 KOD 90100016 qeydiyyat nömrəli dövlət aktı ilə Yevlax rayonu Aran qəsəbəsində 2.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların tam mülkiyyətindədir. Hazırkı cavabdehlər tərəfindən onların torpaq sahəsi zəbt edilmişdir. Onlar öz torpaq sahəsindən tam olaraq istifadə edə bilmirlər. Aidiyyati qurumlara dəfələrlə müraciət edilmişdir. Zəbt olunan torpaq sahəsindən istifadə edə bilmirlər. Onlar məcbur qalaraq məhkəməyə müraciət edib zəbt edilən torpaq sahəsinin cavabdehlərdən alınıb onlara verilməsini istəyirlər. Bu səbəbdəndə məhkəmə tərəfindən müvafiq ekspertizanın aparılmasını, ekspert qarşısında hazırkı cavabdehlər tərəfindən nə qədər torpaq sahəsinin zəbt edilib-edilmədiyinin müəyyən edilməsini istəyirlər. İddianı müdafiə edirlər. Məhkəmə tərəfindən tam və ədalətli araşdırmanın aparılacağına inanırlar. Hesab edirlər ki, hazırkı cavabdehlər tərəfindən zəbt edilən torpaq sahəsi obyektiv araşdırma nəticəsində müəyyən ediləcəkdir. Torpaq üzərində pozulmuş hüquqları qanuni müstəvidə öz həllini tapacaqdır. İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair JN-0117 kod 90100016 saylı Dövlət aktının surətindən məlum olur ki, İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 Yevlax rayonu, Aran qəsəbəsi ərazisində 2.48 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 30 mart 2022-ci il tarixli **********76 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC tərəfindən məhkəməyə göndərilmiş mütəxəssiz rəyindən görünür ki, tərəflərin naturada göstərdikləri mübahisəli ərazidən götürülmüş döngə nöqtələrinin koordinatları elektron məlumat bazasında mövcud olan “Yevlax rayonu Aran təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerqurluşu layihəsi” ilə müqayisələndirlidikdə məlum oldu ki, kompleks yerqurluşu xəritəsi ilə natura arasında kəskin uyğunsuzluq mövcuddur. Odur ki, JN-0117 (kod ********) nömrəli “torpağa müliyyət hüququna dair” Dövlət aktında göstərilən konfiqurasiya faktiki naturadakı istifadəçilik vəziyyətini əks etdirmir. Mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqlar aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçılara Yevlax rayonu, Aran qəsəbəsi ərazisində 2.48 hektar torpaq sahəsi verilmişdir. İddiaçılar cavabdehlərə qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Mütəxəssis rəyində tərəflərin naturada göstərdikləri mübahisəli ərazidən götürülmüş döngə nöqtələrinin koordinatları elektron məlumat bazasında mövcud olan “Yevlax rayonu Aran təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerqurluşu layihəsi” ilə müqayisələndirlidikdə məlum oldu ki, kompleks yerqurluşu xəritəsi ilə natura arasında kəskin uyğunsuzluq mövcuddur. Odur ki, JN-0117 (kod ********) nömrəli “torpağa müliyyət hüququna dair” Dövlət aktında göstərilən konfiqurasiya faktiki naturadakı istifadəçilik vəziyyətini əks etdirmir. Mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqlar aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacağı bildirilmişdir. Eyni zamanda iddiaçılar tərəfindən torpağının cavabdehlər tərəfindən zəbt olunmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar cavabdehlərin torpaq sahəsində çıxarılmasını tələb etsə də, iddiaçıların torpaq sahəsinin JN-0117 (kod ********) nömrəli “torpağa müliyyət hüququna dair” Dövlət aktında göstərilən konfiqurasiya faktiki naturadakı istifadəçilik vəziyyətini əks etdirmir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar