Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-449/2020 19.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı Hacıyeva (Əsədova) Nərminə İlham qızının vəkili (nümayəndəsi) X4, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, iddiaçı Hacıyeva (Əsədova) Nərminə İlham qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı mənzildə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Hacıyeva (Əsədova) Nərminə İlham qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, övladı olan xx.xx.2011-ci il təvəllüdlü X7 ilə birlikdə onun Yevlax şəhəri, Bakıxanov döngəsi 20 ünvanında yerləşən evə (bundan sonra – mübahisəli ev) istifadə hüququnun tanınmaqla həmin evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçının keçmiş əri, iş üzrə digər Cavabdeh2 isə iddiaçının keçmiş qayınatasdır. İddiaçı, Cavabdeh1 ilə xx xxxx 2008ci il tarixdə rəsmi nikaha daxil olmadan ailə qurmuş və toydan sonra mübahisəli evə gəlin köçmüşdür. Evə köçərkən iddiaçı, özünə məxsus cehiz əşyalarını özü ilə aparmış və mübahisəli evdə yerləşdirmişdir. İddiaçı və Cavabdeh1 nikahlarını xx.xx.2009-cu il tarixdə rəsimləşdirmişlər. Tərəflərin birgə nikahından iki övladları var - xx.xx.2009-cu il təvəllüdlü Pərvanə və xx.xx.2011-ci il təvəllüdlü Fəridə. Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi (İş № 2(039)-1724/2019) ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Məhkəmə qətnaməsi ilə Fəridənin anasının (iddiaçının) yanında, Rəvanənin isə atasının (Cavabdeh1) yanında saxlanılması qət edilmişdir. Hazırda iddiaçı övladı ilə birlikdə valideynlərinin yanında yaşayır. İddiaçının yaşayış yeri yoxdur. Cavabdeh tərəf isə iddiaçıya gəlin köçdüyü evdən istifadə etməyə imkan vermir. Bu səbəbdən, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışı zamanı Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə X10 cavabdeh qismində mülki işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) X9iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək Məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, 1986-cı ildə Yevlax şəhər xalq sovetinin qərarı ilə ona fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində onun tərəfindən mübahisəli yaşayış evi inşa edilməyə başlanmış, evin inşası 1998-ci ildə başa çatmışdır. Övladları Ceyhun və Aygün həmin evdə doğulub böyümüşlər. Övladı Ceyhun iddiaçı ilə 2009-cu ilin iyul ayında rəsmi nikaha girərək ailə qurmuş və mübahisəli evə gəlin köçmüş, 2019-cu ilin noyabr ayında isə onların nikahı məhkəmə qaydasında pozulmuşdur. 2020-ci ilin yanvar ayında bağışlama müqaviləsi əsasında mübahisəli ev digər övladı Aygünə bağışlanmışdır. Hazırda mübahisəli evin mülkiyətçisi Cavabdeh2 və Cavabdeh1 olmadığına görə iddiaçının tələbi əsassızdır. Cavabdeh1 iş üzrə digər Cavabdeh2 izahatına uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Aygün Əsədova izahatında özünün hazırda mübahisəli evin mülkiyyətçisi olduğunu və iddiaçının azyaşlı övladı ilə bu evə köçürülməsinə etiraz etdiyini bildirərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Yevlax rayonu X3 xx.xx.2006-cı il tarixli qərarından görünür ki, həmin qərar ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1, habelə (iş üzrə tərəf olmayan) Gültəkin Allahverdiyevanın (Əsədovanın) ümumi birgə mülkiyyətinə 0,05 ha torpaq sahəsi verilmişdir. RX seriyalı ******* №-li hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Yevlax şəhəri, Abbasqullu ağa Bakıxanov döngəsi 20 ünvanda (mübahisəli ünvan) yerləşən 0,05 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 268,70 kv.m olan fərdi yaşayış evi üzərində Cavabdeh2, Cavabdeh1 və Gültəkin Əsədovanın ümumi birgə mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2019-cu il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, mübahisəli ev və evin yerləşdiyi 0,05 ha ibarət həyatyanı torpaq sahəsi üzərində Gültəkin Əsədovanın mülkiyyət hüququ bərabər hissələrdə Cavabdeh2 və Cavabdeh1 keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (DƏDRX) tərəfindən verilmiş **********5 qeydiyyat №-li çıxarışdan görünür ki, mübahisəli ünvanda yerləşən torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində xx.xx.2019-cu il tarixdə Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyət hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2020-ci il tarixdə bağlanmış bağışlanma müqaviləsindən görünür ki, mübahisəli ev və evin yerləşdiyi həyətyanı torpaq sahəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən iş üzrə digər cavabdeh Aygün Əsədovaya bağışlanmışdır. DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat №-li çıxarışdan görünür ki, mübahisəli ev və evin yerləşdiyi torpaq sahəsi üzərində Aygün Əsədovanın mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdədaşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin **********55 №-li xx.xx.2020-ci il tarixli məktubunda aşağıdakılar göstrilmişdir: - mübahisəli ev Yevlax şəhəri, A.Bakıxanov döngəsi 20 nömrəli ünvanda 0.05 ha həyətyanı torpaq sahəsində yerləşir. Həmin ev üzərində (iş üzrə cavabdehlər) Cavabdeh2 və Cavabdeh1, habelə (iş üzrə tərəf olmayan) X2 ümumbirgə mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; - birgə mülkiyyətçilərindən olan Gültəkin Əsədovanın ölümü ilə bağlı mərhumun mübahisəli ev üzərindəki payına dair Cavabdeh2 və Cavabdeh1 adına xx.xx.2019-cu il tarixdə Yevlax rayon 1 saylı notariat kontoru tərəfindən reyestrdə 2V-981 və 2V-982 nomrələr ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında xx.xx.2019-cu il tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; - Yevlax rayon 1 saylı notariat kontoru tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 4Ə-10 nömrə ilə qeydə alınmış bağışlama müqaviləsinə əsasən mübahisəli ev üzərində cavabdeh Aygün Əsədovanın mülkiyyət hüququ xx.xx.2020-ci il tarixli, ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. AZ-İİ seriyalı 300526 №-li və AZ-İİ seriyalı 633898 №-li doğum haqqında şəhadətnamələrdən görünür ki, Rəvanə Əsədova xx.xx.2009-cu il tarixdə, Fəridə Əsədova xx.xx.2011-ci il tarixdə anadan olmuşlar; anaları (iddiaçı) Nərminə Əsədova, ataları (cavabdeh) Cavabdeh1dur. Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X8 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2009-cu il tarixli nikah pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü Fəridə Əsədovanın anasının, xx.xx.2009-cu il təvəllüdlü Rəvanə Əsədovanın atasının yanında qalması qət edilmişdir. AZ-İ seriyalı 339779 №-li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, iddiaçı və Cavabdeh1 arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. Beləliklə, Məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, mübahisəli evin yerləşdiyi 0,05 ha torpaq sahəsi Yevlax rayonu X3 xx.xx.2006-cı il tarixli qərarı ilə Cavabdeh2, Cavabdeh1 və Gültəkin Allahverdiyevanın (Əsədovanın) ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində mübahisəli ev inşa edilmişdir. İddiaçı, iş üzrə Cavabdeh1 ilə xx xxxx 2008-ci il tarixdə rəsmi nikaha daxil olmadan ailə qurmuş və toydan sonra mübahisəli evə gəlin köçmüşdür. Bu nikah xx.xx.2009-cu il tarixdə rəsmi qeydə alınmışdır. İddiaçı, Cavabdeh1 ilə faktiki ayrıldığı vaxtadək həmin evdə yaşamışdır. Tərəflərin birgə nikahdan olan övladları da mübahisəli evdə doğulmuşlar. İddiaçı və Cavabdeh1 arasında nikah qeydə alındığı zaman ev dövlət qeydiyyatına alınmasa da, evin yerləşdiyi torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında cavabdehlər Cavabdeh2, Cavabdeh1 və mərhum Gültəkin Allahverdiyevanın (Əsədovanın) adına qeydə alınmış əmlak olmuşdur. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından, torpağın mülkiyyətçilərinin fərdi yaşayış evinə də gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı, yaşamaq üçün mübahisəli evə 2009-cu ilin oktyabr ayının 01-dək köçdüyündən hazırki mübahisə həmin dövrdə yaranmış hüquq münasibətlərini tənzimləyən maddi hüququ normasının – Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələblərinə uyğun həll edilməlidir. Çünki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında göstərilir ki, 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mülki Məcəllənin 228-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın (maddə 228.1.). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir (maddə 228.2.). Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin onunla birgə yaşayan ailə üzvləri ( əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır (maddə 228.5.). Qeyd olunan maddi hüquq normasının tələblərinin hazırki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı xx.xx.2009-cu il tarixdə mübahisəli ev üzərində gözlənilən ümumi birgə mülkiyyət hüququna malik olan cavabdehlərdən biri olan Cavabdeh1 ilə rəsmi nikaha girərək ailə qurmuş və həmin evə gəlin köçmüşdür. Cavabdeh1 ilə ər-arvad münasibətləri pozulanadək iddiaçı bu evdə yaşamışdır. Bu nikahdan tərəflərin iki övladı da həmin evdə doğulmuşdur. Mübahisəli evə gözlənilən, daha sonra isə dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ olan Cavabdeh1 öz ailə üzvünü – arvadını (iddiaçını) mübahisəli evə köçürmüş, bununla da sonuncu evdən istifadə etmək, orada yaşamaq hüququ əldə etmişdir. Buna görə də, Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evə istifadə hüquq tanınmalı və o, övladı xx.xx.2011-ci il təvəllüdlü Fəridə ilə həmin evə köçürülməlidir. İşin hallarından eyni zamanda müəyyən edilir ki, hazırki mülki iş Məhkəmənin icraatında olduğu dövrdə, yəni xx.xx.2020-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli evi digər cavabdeh Aygün Əsədovaya bağışlamış və sonuncu bu hədiyyəni qəbul etmişdir. Bununla bağlı Məhkəmə bildirir ki, qeyd edilən bu hal iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki, yuxarıda qeyd edildiyi kimi, iddiaçının mübahisəli evdə yerləşən yaşayış sahəsindən istifadə etmək hüququ, onun, Cavabdeh1 razılığı ilə yaşamaq üçün evə köçdüyü xx.xx.2009-cu il tarixdən yaranmışdır. Belə olan halda hesab edilməlidir ki, Aygün Əsədova mübahisəli evi iddiaçının hüququ ilə yüklü edilmiş vəziyyətdə qəbul etmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 Yevlax şəhəri Bakıxanov döngəsi 20 ünvanında yerləşən mənzildə istifadə hüququ tanınsın və o, övladı xx xxxx 2011-ci il təvəllüdlü X7 ilə birlikdə həmin yaşayış evinə köçürülsünlər. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-449/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-449/2020
19.05.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver