Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-515/2021 14.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə və mənzildən istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayonu Salahlı kəndində yerləşən cavabdehə məxsus fərdi yaşayış evinə iki övladı ilə köçürülməsi və həmin mənzildən istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2007-ci il tarixdə Cavabdeh ilə ailə həyatı qurmuş, rəsmi nikahdan iki övladları olmuşdur. Onlar cavabdehlə birgə nikah dövründə 2019-cu il tarixdə Yevlax rayonu Salahlı kəndində 0,05 ha həyətyanı torpaq sahəsində kürsülü beş otaq və bir mətbəxdən ibarət yaşayış evi tikdirmişlər. Cavabdehlə aralarında olan narazılığa görə Yevlax Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında bağlanmış nikah qeydi pozulmuşdur. İki övladı onun himayəsindədir. Yevlax rayonu Salahlı kəndində yerləşən evinə köçmək və həmin mənzildən istifadə etmək istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun olmayan izahat verərək bildirmişdir ki, cavabdehlə ailə qurduqdan sonra cavabdehin babası Adil Namazova məxsus evə gəlin köçmüş, cavabdehin babası və valideynləri ilə birlikdə həmin evdə yaşamışdır. Uşaqları həmin evdə doğulmuş və 2020-ci ilədək o, həmin evdə yaşamışdır. Evin sahibi olan cavabdehin babası xəstə olduğu üçün o, babanın qulluğunda dayanmışdır. Adil Namazov vəfat etmişdir. Hazırda yaşamağa yeri yoxdur və Salahlı kəndində yerləşən və gəlin köçdüyü evə köçürülməsini istəyir. Qeyd etdiklərindən əlavə iddiaçı bildirmişdir ki, iddia ərizəsində qeyd etdiyi ev yarımtikili formasındadır və həmin evdə yaşamaq və ondan istifadə etmək mümkün deyil. Məhkəmə iclasında iştirak edən cavabdeh Vüsal Namzaovun vəkili X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının köçmək istədiyi ev cavabdehin babasının evidir. Həmin evin texniki pasportunu əldə etsələr də, lakin evə dair çıxarış hazır olmadığı üçün məhkəməyə təqdim edə bilmir. Hazırda evin qeydiyyata alınması ilə bağlı sənədlər daşınmaz əmlakın reyestr xidmətinə verilib. İddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mübahisəli evə dair tərtib olunmuş və 15.06.2021-ci ildə tərtib edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan” görünür ki, 1961-ci ildə tikilmiş 2 mərtəbəli, 2 otaqdan ibarət, ümumi sahəsi 156,3 m2 evin sahibi kimi X3 qeyd edilmişdir. Yevlax Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli qətnaməsindən görünür ki, Namazova (Bayramova) Rasilə Qərib qızı ilə Cavabdeh arasında bağlanmış 27.12.2007-ci il tarixli nikah qeydi pozulmuşdur. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçı, Cavabdeh ilə nikaha daxil olmamışdan xeyli əvvəl mübahisəli ev Cavabdeh babası Adil Namazovun qanuni sahibliyi və istifadəsində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2.). İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.3.). Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.4.). Mülki Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (maddə 157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8.). Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır (maddə 158.1.2.). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (maddə 158.2.). İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Protokolunun (Protokol (qeyri rəsmi olaraq) 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi 27 sentyabr 2007-ci il tarixli qərarda qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Qeyd edilən qərarda həmçinin göstərmişdir ki, mənzilə dair şikayətçiyə orderin verilməsindən ibarət hərəkət elə bir hərəkətdir ki, bu hərəkətin nəticəsi olaraq şikayətçi mənzilin mülkiyyətçisi hesab edilməlidir, çünki bu order əsasında şikayətçi ilə səlahiyyətli orqan arasında mənzilə dair “sosial kirayə müqaviləsi” bağlanıla bilər ki, həmin müqaviləyə və müvafiq hüquqi aktlarda təsbit edilmiş şərtlərə əməl edərək şikayətçi mənzili pulsuz olaraq özəlləşdirə bilərdi. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə qəbul etdiyi 30.11.2004-cü il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdə formal təsnifatdan asılı deyil və müvafiq olaraq fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqlar” sayılır və mülkiyyət kimi qiymətlədirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Yuxarıda qeyd olunan beynəlxalq və ölkə daxili hüquq normalarının tələblərinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin qərarlarında təsbit edilmiş hüququ mövqeyinin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, İddiaçı mübahisəli mənzilə köçən zaman mənzil Adil Namazovun mülkiyyətində olan əmlak hesab edilirdi. Çünki həmin vaxt Adil Namazovun mübahisəli ev üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasa da, Adil Namazov “qanuni gözləntiyə” malik olan şəxs olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin hallarından müəyyən edildiyi kimi, tərəflər arasındakı mülki münasibətlər 2007cı ilin dekabr ayında, yəni 01.09.2000-ci il tarixdən Azərbaycan Respublikasında qüvvəyə minmiş Mülki Məcəllənin qüvvədə olduğu dövrdə yaranmışdır. Mülki Məcəllənin “Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ” adlı 228-ci maddəsinin mənasına görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. (maddə 228.2.). Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir (maddə 228.5.). Qeyd edilən maddi hüququ normasının işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, İddiaçı mübahisəli yaşayış evinə köçən zaman ev mülkiyyətçiyə bərabər tutulan “qanuni gözləntiyə” malik olan Adil Namazovun mülkiyyətində olmuşdur. Lakin İddiaçı evə köçərkən onunla Adil Namzov arasında evdə yerləşən yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud deyil. Başqa sözlə, cavabdeh İddiaçı mübahisəli evdə yerləşən yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinin tələbinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinin mənasına görə isə, mülkiyyətçi ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Bu hüquq dövlət tərəfindən tanınır və qorunur. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır və təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı evə köçürülmə və mənzildən istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-515/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-515/2021
14.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver