Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-561/2023 18.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və iddiaçıların vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair ilkin, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul tələbinə” dair qarşılıqlı iddia tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 onun hesabına əsassız varlandığı 2750 manat pul vəsaitinin və 47.50 manat dövlət rüsumu xərcinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının cavabdehlər ilə onun qohumluq– qudalıq münasibətləri olmuşdur. Belə ki, cavabdehlər ər-arvad olmaqla iddiaçının qızı Günelin sabiq qaynatası və sabiq qaynanasıdır. Cavabdehlərin xüsusi mülkiyyətində Yevlax rayonu Malbinəsi kəndində fərdi yaşayış evləri (iki) mövcud olmuş və həmin yaşayış sahələrində təmir və tikinti işləri görmüşdür. Həmin işlərin və onun çəkdiyi digər xərclərin ümumi dəyəri 2750 manat təşkil edir. Cavabdehlərin oğlu X2 iddiası əsasında qızı Günellə aralarında olan rəsmi nikah pozulmuş və tərəflərin birgə nikahdan olan övladları anasının–qızı Günelin yanında qalması qət edilmişdir. Eyni zamanda, hazırkı iddia tələbi üzrə ikinci cavabdeh şəxs olan Cavabdeh2 Yevlax Rayon Məhkəməsində iddia tələbi irəli sürərək özünün xüsusi mülkiyyətində olan Yevlax rayonu Malbinəsi kəndində yerləşən fərdi yaşayış evindən qızı Günelin övladı ilə birlikdə çıxarılmasına dair iddia qaldırmışdır və onun iddia tələbi Yevlax Rayon Məhkəməsinin 2(039)-1623/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi təmin edilmişdir. Nə qədər ki, onun cavabdehlər ilə qohumluq – qudalıq münasibəti var idi, onun cavabdehlərə məxsus yaşayış sahələrində gördüyü təmir və tikinti işlərinin dəyərini, ustanın əl haqqını və digər xərcləri onlardan tələb etmirdi. Artıq qohum deyillər və onun qızı ilə nəvəsinin Cavabdeh2 məxsus yaşayış evində yeri (yaşamaq hüququ) yoxdur, belə olan halda, onun bütün zəhmət haqqını cavabdehlər tələb edir . Onu da qeyd edir ki, əslində, o, hamıya olduğu kimi, qudalarının–Cavabdeh1 və Cavabdeh2 evlərində də ustalığı pul qarşılığında edirdi və buna görə də qabaqcadan razılaşmışlar. Lakin, cavabdehlər usta olaraq onun əl haqqını vermədilər və o qohum olduğu üçün israrla onlardan həmin məbləğləri tələb etməmişdir. Hazırda yad adamlardır və müştərək nəvəyə malik olmağına baxmayaraq, demək olar ki, cavabdehlər onunla və ailəsi ilə düşmənçilik edirlər. Cavabdehlərin əsassız varlandığı bütün maddi haqlarını tələb edir. Tələb olunan ümumi məbləğ 2750 manat təşkil edir. Cavabdeh1 və Zöhrə Qarayevlərin yaşadıqları evdə gördüyü işlər Dəlləkxanaya nov vurmuş–100 manat, Qızdırıcı (pitiminutka) montajı, qazın çəkilməsi–100 manat, Seyvanın sökülərək yenidən geniş formada vurulması – 200 manat, çənin qaynaq (svarka) edilməsi – 50 manat, Bir maşın Suqovuşandan Qrabil gətirib iki həyətə tam yarı tökmüş – 100 manat, Qızı Günelin həyat yoldaşı Şahinlə birlikdə yaşadığı evdə yaşadığı evdə gördüyü işlər və çəkdiyi xərc, Köhnə daxala etdiyi ustalıq (tavan vurmuş, işiqları düzəltmiş, nov çəkmiş)-100 manat, Köhnə daxala günlük (zontik) və nov düzətmiş 200 manat. Qızdırıcı (pitiminutka) montajı-100 manat, Təzə dəlləkxana binasında tərəfindən görülmüş işlər və tərəfindən çəkilmiş xərclər dami (krişanı) vurmuş, tavanı (patoloku) vurmuş, işığı çəkmiş, 7 kv.m taxta almış (öz vəsaiti hesabına) – 900 manat. 2(iki) ton arpanı Zöhrə və Məhəmmədin yaşadığı evə vermiş – dəyəri 900 manatdır. Sonradan Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2750 manat pulun və 50 manat dövlət rüsumunun alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 iddia edir ki, onun mülkiyyətində olan fərdi yaşayış evində təmir və tikinti işləri görmüş, bu işlərin müqabilində ona 2750 manat məbləğində pul ödəməli idi. Tələbini onunla əsaslandırır ki, nə qədər ki, qohum idi və bu pulu istəmirdi. Ancaq qohumluğu pozulduğu üçün həmin pulu istəyir. Gördüyü iş olaraq dəlləxanaya nov vurması, qaz çəkməsini, seyvanı sökərək geniş formada vurmasını, çəni qaynaq etməsini, Suqovuşandan qırabil gətirib həyətə tökməsini, köhnə daxala etdiyi ustalığı, günlük nov vurmasını, qızdırıcı montaj etdiyini və digər yalan və fərziyyə dolu fikirləri ilə onlardan qisas almaq üçün bu tələbi qoyub. Tələb guya görülən işə görə istənilən məbləğdir. İddia tələbində əsassız varlanma adı ilə qaldırılan tələb məzmun və tələb nötəye baxımından düzgün qaldırmayıbdır. Onların iddiaçı ilə heç bir sövdələşmə və razılığı olmayıb ki, bu şəxs gəlib onun evində hansısa təmir işi aparsın. Əgər tələb ziyan tələbidirsə, şəxs onunla onun arasında olan sövdələşməni sübut etməlidir. Üst-üstə adda ziyanla bağlı mövqey qoyan şəxs bütün bunları sübut etməlidir. Bu şəxs deyir ki, qızdırıcıya qaz çəkib bunun usta xərci 100 manat edir. O, bu pulu ona verməmişdir. Bundan əsassız varlanmış, sonra köhnə daxala zontiq düzəltmiş bu 200 manat edir. Əgər Cavabdeh1 bu işləri görmüşsə bunun pulunu ona verməmiş, yerdə qalan işləri nə üçün görmüşdür. Digər məsələ onun hansı razılığı və istəyi olub ki, bu işləri görmüş və ondan pul almamışdır. Tələb əsassız, məntiqsiz bir fərziyyə və qisasdır. Cavabdehdən 300 dənə yonca presi 1, dənəsi 5 manatdan-1500 manat, 1 dənə 7 metrlik azbes turba-300 manat, 1 dənə 7 metrlik çuğun turba 200-lük-100 manat, 1 dənə 12 metrlik 300-lük-240 manat, 5 dənə dəmir turba 120-lik 12 metr-180 manat, 3 ha 50 sot torpağın şumlanması-245 manat, 3 ha 50 sot torpaq sahəsinin ağır texnika ilə kəltən əzilməsi-210 manat, Həyətdən açılan elektron lampıçka 11 dənə-70 manat olmaqla ümumilikdə 2895 manat dəyərində ona ödənilməli borcları vardır. O, bu pulu ondan tələb etsə də şəxs bu günə kimi borcunu ödəmir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, Məhəmmədin evində görülmüş işlərin qızının xətri üçün gördüyünü, bu səbəbdən pulunu tələb etmədiyini, lakin hazırda qızı boşandığı üçün çəkdiyi əziyyətin dəyərini tələb etdiyini və məhkəmədən ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının vəkili Vəkil iddiaçı ilə eyni məzmunlu izahat verərək, məhkəmədən ilkin iddia tələbinin təmin edilməsini və qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində İddiaçı onun qonşusu olduğunu, Zahirin Cavabdeh1 evində işlədiyini mağazanı tikdiyini və mağazanın üstünü vurduğunu və həyətində işlədiyini, ümumiyyətlə Məhəmmədin hər iki evində görülən işləri Zahirin gördüyünü, İddiaçı və Məhəmməd oğlunun arasında həmin işlərin müqabilində hər hansı bir pul barədə olan razılaşmadan məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahidlər X5, X4 və X6 şahid Razi Sultanovun izahatına uyğun ifadələr vermişlər. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin izahatlarını dinləyib hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yevlax Rayon Məhkəməsinin 2(039)-1623/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X8 özünə məxsus cehiz əşyaları ilə birlikdə Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 0.14 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 122.53m2 olan 2 otaqlı, iddiaçı Cavabdeh2 məxsus fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3233 saylı rəyindən görünür ki, Yevlax rayonu, Malbinəsi kəndində Cavabdeh1 məxsus tikililərdə aparılmış yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 253 manat məbləğində dəyəri müəyyən olunur. Yevlax rayonu, Malbinəsi kəndində Cavabdeh2 məxsus tikililərdə aparılmış yenidənqurma və tikinti-təmin işlərinin təqribi dəyəri bazar qiymətinə uyğun olaraq 555 manat məbləğində dəyəri müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Məhkəmə yuxarıda deyilənlərə əsasən qiymət verərək hesab edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranması əsası iş materialları ilə təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə 1091.1-ci maddəsinə şərh verərək hesab edir ki, əsassız varlanmanın mövcud olması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Varlanmış şəxs əmlak əldə etməli, 2. həmin əmlak məhrum olanın hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Göründüyü kimi bu şərtlərdən heç biri mövcud deyildir. Məhkəmə araşdırması zamanı iddiaçı-cavabdeh, habelə cavabdeh-iddiaçı tərəfindən iddiasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə ilkin iddia üzrə görülmüş işlərin müvafiq razılaşma əsasında görülməsi, habelə qarşılıqlı iddia üzrə müəyyən əşyaların verilməsinə dair sübutetmə yükü hər bir tələb üzrə iddia irəli sürən iddiaçının üzərinə düşür. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmə iş materialları və tərəflərin izahatlar ilə müəyyən etdi ki, ilkin iddia üzrə iddiaçı cavabdehin onun hesabına əsassız varlandığı 2750 manat məbləğində pul tələb etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar cavabdehdən 2750 manat məbləğində pul tələb etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdirlər. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, hər iki iddia təmin edilə bilməz və tərəflərin ödədikləri dövlət rüsumu onlara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul müştərək qaydada ilkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 2750 manat məbləğində pul tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı 2750 manat məbləğində pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul müştərək qaydada ilkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-561/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-561/2023
18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver