Məhkəmə qərarları › İş №2(039)-567/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-567/2022

20.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-567/2022 20.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı və vəkili Vəkil Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı «evə köçürülmə» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmamış övladları 22 iyul 2011-ci il təvəllüdlü X12, 07 oktyabr 2013-cü il təvəllüdlü X13, 19 mart 2019-cu il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanına köçürülməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o Cavabdeh1 ilə 27 oktyabr 2011ci il tarixdə ailə qurmuşdur. Birgə nikahlarından üç övladları olmuşdur. Ailə qurduqdan sonra Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən evə köçmüş, həmin evdə yaşamış və övladları da həmin evdə dünyaya gəlmişlər. Məhkəmə qətnaməsi ilə Cavabdeh1 uşaqların saxlanılması üçün aliment ödəyir. Lakin onu ünvan 1 ünvanında yerləşən evə buraxmırlar. Hazırda o həmin evə köçərək orada yaşamaq istəyir. İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək izah etdi ki, İddiaçı Cavabdeh1 ilə ailəli olmuşdur. Ailə qurduqdan sonra iddiaçı ünvan 1 ünvanında yerləşən evə köçmüş və həmin evdə yaşamışdır. Lakin cavabdehlər iddiaçını həmin evə buraxmırlar. Hazırda iddiaçı həmin evə köçərək orada yaşamaq istəyir. Cavabdeh2 nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı ilə övladı Cavabdeh1 ailəli olmuşlar. Bu səbəbdən də iddiaçı Cavabdeh2 evində yaşamışdır. Hazırda ailə münasibətləri baş tutmadığından iddiaçı ilə Cavabdeh1 ayrılmışlar. Ev Cavabdeh2 məxsusdur. Hazırda da Cavabdeh2 iddiaçının onun evinə köçməsinə razı deyil. Cavabdehlər Cavabdeh1 və X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və X3 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 27 oktyabr 2011-ci il tarixli AZ-ll 775958 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X12 22 iyul 2011-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 12 oktyabr 2013-cü il tarixli AZ-lll 177144 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X13 07 oktyabr 2013-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 may 2016-cı il tarixli AZ-lll 754419 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 19 mart 2016-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 23 dekabr 2021-ci il tarixli **********38 saylı məktubundan məlum olur ki, Yevlax şəhəri, Ərəş küçəsi 6 nömrəli fərdi yaşayış evinə dair Yevlax rayon XDS İcraiyyə Komitəsinin 16 avqust 1983-cü il tarixli, 15 nömrəli iclas protokolundan çıxarışa əsasən Cavabdeh2 adına Yevlax rayon DTİ və MHQİ tərəfindən 07 aprel 1988-ci il tarixli, 85 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 dekabr 2021-cı il tarixli 2021-001661 saylı arayışdan məlum olur ki, İddiaçı evə köçürülmə ilə bağlı mediatora müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(039)-2017/2021 saylı qərardadından məlum olur ki, İddiaçı Cavabdeh1 qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 22 iyul 2011-ci il təvəllüdlü X6, 07 oktyabr 2013-cü il təvəllüdlü X8 və 19 mart 2016-cı il təvəllüdlü X1 üçün müvəqqəti, yəni 13 sentyabr 2021-ci il tarixdən başlayaraq və iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənədək, hər ay hər uşaq üçün 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(039)-47/2022 saylı qətnaməsindən məlum olur ki, İddiaçı ilə Cavabdeh1 arasında Yevlax rayon Qeydiyyat şöbəsində qeydə alınmış 27 oktyabr 2011-ci il tarixli nikah qeydi pozulması; nikah pozularkən tərəflərin birgə nikahlarından olmuş 22 iyul 2011-ci il təvəllüdlü X12, 07 oktyabr 2013-cü il təvəllüdlü X13 və 19 mart 2016-cı il təvəllüdlü X9 adlı uşaqlar İddiaçı himayəsində saxlanılması; Cavabdeh1 Yevlax Rayon Məhkəməsinin müvəqqəti alimentin tutulması barədə 26 oktyabr 2021-ci il tarixli 2(039)-2017/2021 saylı qərardadı əsasında ödənilmiş aliment nəzərə alınmaqla 13 sentyabr 2021-ci il tarixdən başlayaraq, 22 iyul 2011-ci il təvəllüdlü X6, 07 oktyabr 2013-cü il təvəllüdlü X8 və 19 mart 2016-cı il təvəllüdlü X4 18 yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 07 aprel 1988-ci il tarixli 85 saylı qeydiyyat vəsiqəsinin surətindən məlum olur ki, Yevlax şəhəri, Ərəş küçəsi 6 nömrəli fərdi yaşayış evi dair Yevlax rayon XDS İcraiyyə Komitəsinin 16 avqust 1983-cü il tarixli, 15 nömrəli iclas protokolundan çıxarışa əsasən Cavabdeh2 adına Yevlax rayon DTİ və MHQİ tərəfindən 07 aprel 1988-ci il tarixli, 85 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın 1 nömrə sahə İƏS üzrə nümayəndəliyinin 28 mart 2022-ci il tarixli 077 saylı arayışından məlum olur ki, ünvan 2 ünvanda hal-hazırda Cavabdeh2 və onun arvadı X10 yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 228.1-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə iş materiallarından və tərəflərin izahatlarından məlum olur ki, Cavabdeh1 ilə İddiaçı arasında 27 oktyabr 2011-ci il tarixdə nikah bağlanmışdır. İddiaçı toydan sonra Cavabdeh2 məxsus Yevlax şəhəri, Ərəş küçəsi 6 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Birgə nikahlarından üç övladları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. Həmin vaxtdan iddiaçı evdən çıxmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan hallara qiymət verən məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilən mənzildən istifadə hüququ yoxdur. Ona görə də İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı «evə köçürülmə» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı «evə köçürülmə» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar