Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-663/2024 13.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Hakim köməkçisi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil İdarəsinə, Mingəçevir şəhər 6 saylı tam orta məktəbinə və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətini Mərkəzi Aran Regional şöbəsinə qarşı «dərəcənin endirilməsi ilə bağlı əmrin ləğv edilməsi və dərəcənin endirilməsi ilə bağlı əmək haqqı fərqinin verilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil İdarəsinə, Mingəçevir şəhər 6 saylı tam orta məktəbinə və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətini Mərkəzi Aran Regional şöbəsinə qarşı «dərəcənin endirilməsi ilə bağlı əmrin ləğv edilməsi və dərəcənin endirilməsi ilə bağlı əmək haqqı fərqinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil İdarəsinin onun inklüziv siniflər üzrə köməkçi müəllim vəzifəsi üzrə dərəcəsinin azaldılmasına dair əmrin ləğv edilməsinə və dərəcənin endirilməsi ilə bağlı əmək haqqı fərqinin verilməsinə və mediasiya üçün ödədiyi 50 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər 6 saylı tam orta məktəbi iş üzrə cavabdeh və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətini Mərkəzi Aran Regional şöbəsi iş üzrə maraqlı şəxs qismində cəlb edilmişlər. Cavabdeh ünvan 1 ünvanlayaraq, 2023-cü ilin sentyabr ayından məktəbdə köməkçi müəllim vəzifəsində işləyən İddiaçı dərəcəsinin (11-dən 7-yə) aşağı düşməsi ilə əlaqədar heç bir fərdi əmr verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2007-ci il tarixli 113 nömrəli sərəncamına və Mingəçevir şəhər Təhsil Sektorunun 15 may 2023-cü il tarixli 205 nömrəli məktubuna əsasən əmək müqaviləsində dəyişiklik edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ünvanlayaraq, vəzifə üzrə dərəcəsinin aşağı endirilməsi ilə bağlı 2023-cü ilin may ayından 2024-cü ilin may ayınadək əmək haqqı fərqinin və mediasiya rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, 16 iyun 2017-ci il tarixdə Mingəçevir şəhər 6 saylı tam orta məktəbində 11 dərəcə ilə məktəbdə inklüziv siniflər üzrə köməkçi müəllim vəzifəsinə qəbul edilmişdir. Məhkəmə prosesi zamanı məlum olmuşdur ki, bununla bağlı hər hansı bir əmr olmamışdır. Bununla bağlı onun əmək haqqı aşağı salınmışdır. Hazırda həmin əmək haqqının fərqinin ona ödənilməsini istəyir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında izah etdi ki, onlara yoxlama gələrək işçilərin tutduğu vəzifəsinin dərəcəsinin düzgün hesablanmamasını aşkar etmişdir. Bununla bağlı təhsil şöbələrinə müvafiq göstəriş göndərilmişdir. Hazırda iddiaçının dərəcəsinin aşağı salınması ilə bağlı yazılı əmr mövcud olmasa da, gələcəkdə həmin əmr rəsmi olaraq veriləcəkdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil İdarəsinin nümayəndəsi X5 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətini Mərkəzi Aran Regional şöbəsinin nümayəndəsi X1 əvvəkli məhkəmə iclasında izah etmişdir ki, iddiaçının 11 dərəcədən 7 dərəcəyə salınması ilə bağlı hər hansı bir əmr yoxdur. Cavabdeh tərəf bununla bağlı əmək qanunvericiliyinin normalarını pozmuşdur. İddiaçının iş stajına görə ona 11 dərəcə qanuni olaraq verilmişdir. Həmçinin cavabdeh tərəf iddiaçının dərəcəsini aşağı salınarkən əmr verərkən əmri qanuna müvafiq rəsmiləşdirməmişlər. Bununla bağlı yalnız müqaviləyə elektron informasiya sistemində dəyişiklik edilməsi ilə bağlı məlumat yerləşdirilmişdir. Cavabdeh Mingəçevir şəhər 6 saylı tam orta məktəbinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı MPM-nin 185.5-ci mаddəsinə əsаsən cаvаbdеh Mingəçevir şəhər 6 saylı tam orta məktəbinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq 11 yanvar 2024-cü il tarixli MŞY/MT034/2023-00493 saylı arayışdan məlum olur ki, İddiaçı əmrin ləğv edilməsi və əmək haqqının ödənilməsi ilə bağlı mediatora müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil İdarəsinin 26 sentyabr 2023cü il tarixli 3-29/2-M-10705-1/2023 saylı məktubundan məlum olur ki, İddiaçı əmək haqqının azaldılması ilə bağlı müraciətlər etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ******* saylı əmək kitabçasının surətindən məlum olur ki, İddiaçı 16 iyun 2017-ci il tarixdə Mingəçevir şəhər 6 saylı tam orta məktəbində 11 dərəcə ilə məktəbdə inklüziv siniflər üzrə köməkçi müəllim vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil İdarəsinin 16 iyun 2023-cü il tarixli 3-29/2-Kol-6452-4/2023 saylı məktubundan məlum olur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 269 nömrəli 08 sentyabr 2005-ci il tarixli sərəncamına əsasən müəllim köməkçisi vəzifəsi üzrə əmək haqqı vahid tarif cədvəlinin 7-ci dərəcəsi üzrə müəyyən edilməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən əmək müqaviləsindən məlum olur ki, İddiaçı Mingəçevir şəhər 6 saylı tam orta məktəbində 11 dərəcə ilə məktəbdə inklüziv siniflər üzrə köməkçi müəllim vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirirşindən məlum olur ki, İddiaçı Mingəçevir şəhər 6 saylı tam orta məktəbi arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmişdir. Beləliklə məhkəmədə müəyyən edildi ki, İddiaçı Mingəçevir şəhər 6 saylı tam orta məktəbində 11 dərəcə ilə məktəbdə inklüziv siniflər üzrə köməkçi müəllim vəzifəsinə qəbul edilmişdir. Mingəçevir şəhər Təhsil Sektorunun məktubu əsasında əmək müqaviləsinə dəyişiklik edilmiş və iddiaçının dərəcəsi 11-dən 7-yə endirilmişdir. Bununla bağlı da iddiaçının əmək haqqı azalmışdır. Lakin dərəcənin endirilməsi ilə bağlı hər hansı əmr mövcud deyil. Əmək müqaviləsində dəyişiklik edilməsi barədə İddiaçı bir ay əvvəl rəsmi olaraq xəbərdarlıq olunmamışdır. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı 11-ci dərəcədən 7-ci dərəcəyə salınmaı ilə bağlı 2023-cü ilin may ayından 2024-cü ilin may ayına kimi əmək haqqında olan fərq hesablanaraq ödənilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı 11-ci dərəcədən 7-ci dərəcəyə salınması qanunvericiliyin normalarına zidd olaraq aparılmışdır. Belə ki, buna dair hər hansı bir əmr mövcud deyil. İddiaçının isə əmək funksiyasında hər hansı bir dəyişikliyin olunması (öhdəkilərinin, iş saatının və sair azalmasına) dair məhkəməyə sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.6-cı maddəsinə əsasən, Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 54.2-ci görə, Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 56.1-ci görə, İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 56.2-ci görə, İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156.1-ci maddəsinə görə, Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156.2-ci maddəsinə görə, Yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X7rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı 11-ci dərəcədən 7-ci dərəcəyə salınmaı ilə bağlı 2023-cü ilin may ayından 2024-cü ilin may ayına kimi əmək haqqında olan fərq hesablanaraq və mediasiya üçün ödənilmiş 50 manat məbləğində pul ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-663/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-663/2024
13.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver