Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-715/2022 07.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, X2 və X1 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dairmülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, Elnur Əliyevə və Qahirə Məmmədovaya qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada 16 may 2014-cü il tarixli 115LN.2102.160514.00005 saylı kredit müqaviləsi üzrə 992.26 manat əsas və 546.68 manat faiz olmaqla, cəmi 1,538.94 manat və ödənillmiş 20.40 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmiş və ərizə təmin edilmişdir. İşin halları: Borclunun etirazı əsasında məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 16 may 2014-cü il tarixli 115.LN.2102.160514.00005 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik 30 faizlə 24 ay müddətinə 6,000 manat məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixdə 115.LN.2102.160514.00005 saylı kredit müqaviləsi üzrə 1 saylı razılaşma bağlanmışdır. Kredit müqaviləsinin təminatı olaraq, Elnur Əliyev və Qahirə Məmmədova ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. 14 mart 2018-ci il tarixə Cavabdeh banka 16 may 2014-cü il tarixli 15 LN.2102.160514.00005 saylı kredit müqaviləsi üzrə 992.26 manat əsas və 546.68 manat faiz olmaqla cəmi 1,538.94 manat borcu vardır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Elmar Əliyev teleqramla məhkəməyə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini qeyd etməklə, iştirakları olmadan işə baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, həqiqətən Bankdan 16 may 2014cü il tarixli 115LN.2102.160514.00005 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 6,000 manat məbləğində kredit götürmüşdür. Maddi çətinliklərlə bağlı bir müddət müqavilə ilə müəyyən edilmiş qaydada ödəniş edə bilməmişdir. Bu səbəbdən də borc yaranmışdır. Bank tərəfindən borc düzgün hesablanmamışdır. Buna baxmayaraq onun tərəfindən borc artıq ödənilmişdir. İddiann təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, cavabdehlər Elnur Əliyev və Qahirə Məmmədova iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5 maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 may 2014-cü il tarixli 115.LN.2102.160514.00005 saylı kredit müqaviləsinin surəti ilə müəyyən olunur ki, sonuncuya, 24 ay müddətinə illik 30 % ödənilmək şərti ilə 6,000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə eyni tarixdə Elnur Əliyev və Qahirə Məmmədova arasında ayrıayrılıqda zaminlik müqavilələri bağlanmış və onlar kredit müqaviləsi üzrə Cavabdehla birgə məsuliyyət daşımaları barədə üzərilərinə öhdəlik götürmüşlər. 02 fevral 2016-cı il tarixli razılaşma ilə müəyyən olunur ki, kredit müqaviləsinin müddəti 16 aprel 2017-ci il tarixədək uzadılmışdır. İddiaçı ASC ilə eyni tarixdə Elnur Əliyev və Qahirə Məmmədova arasında ayrıayrılıqda zaminlik müqavilələrinə əlavələr imzalanmış və zaminlər müddətin uzadılması ilə razılaşmışlar. Maliyyə arayışından müəyyən olunur ki, 14 mart 2018-ci il tarixə Cavabdeh banka 16 may 2014-cü il tarixli 15 LN.2102.160514.00005 saylı kredit müqaviləsi üzrə 992.26 manat əsas və 546.68 manat faiz olmaqla, cəmi 1,538.94 manat borcu yaranmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2022-ci il tarixli ekspert rəyində qeyd edilir ki, 16 aprel 2017-ci il tarixə kredit müqaviləsi üzrə əsas borc 1,204.10 manat, faiz borcu isə 206.16 manat təşkil edir. xx.xx.2022-ci il il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, Cavabdeh tərəfindən 1,000 manat ödəniş edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanı:
1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10,000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.
3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin.
5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10,000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682,000,000.0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215,000,000.0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.
6. Banklara tövsiyə edilsin ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. 8.6. Vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlarla Cavabdeh tərəfindən kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində borcun yaranması müəyyən olunur və qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, yaranmış əsas borcun tutulması barədə tələb əsaslıdır. Lakin, ekspert rəyi ilə müəyyən olunur ki, kredit müqaviləsinin müddətinin bitdiyi 16 aprel 2017-ci il tarixə 1,204.10 manat borc mövcud olmuşdur. Maliyyə arayışı ilə təsdiq olunur ki, 14 mart 2018-ci il tarixə Cavabdeh banka 16 may 2014-cü il tarixli 15 LN.2102.160514.00005 saylı kredit müqaviləsi üzrə 992.26 manat təşkil etmişdir. Bununla da təsdiq olunur ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra Cavabdeh tərəfindən 211.84 manat əsas borca ödəniş etmişdir. Bundan başqa, iddia tələbi əsas borc hissəsində 992.26 manat təşkil etdiyi halda, Cavabdeh tərəfindən artıq 1,000 manat ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, əsas borc artıq ödənildiyindən həmin hissədə iddia təmin edilməməlidir. İş üzrə məhkəmə əmri ləğv edildiyindən hazırkı kredit müqaviləsi üzrə yaranmış borc Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının təsiri altına düşür. Məhkəmə iddia tələbinin hesablanmış faiz borcunun ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanında fiziki şəxslərin xarici valyutada əsas məbləği 10,000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan vaxtı keçmiş kreditlər üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi, həmin güzəştlərin isə bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanda banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilənin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Məhkəmə hesab edir ki, restrukturizasiyaya təklif olunması müəyyən edilən kredit məbləği restrukturizasiya olunmadığından iddia tələbi yalnız restrukturizasiya olunması təklif edilən əsas borc məbləği həddində müəyyən olunmalı, faiz borcu hissəsində rədd edilməlidir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza rəyi Cavabdeh vəsatəti əsasında alındığından ekspertiza tədqiqatının dəyəri məhz həmin cavabdehdən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, X2 və X1 qarşı cavabdehlərdən müştərək qaydada 16 may 2014-cü il tarixli 115LN.2102.160514.00005 saylı kredit müqaviləsi üzrə 992.26 manat əsas və 546.68 manat faiz olmaqla, cəmi 1,538.94 manat və ödənillmiş 20.40 manat dövlət rüsumunun tutulması tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ 22. hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Toğrul Əliyev