Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-726/2022 17.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilindən çıxarılması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehin, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılmasına dair qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış mənzili onun xüsusi mülkiyyətinə daxildir. Həmin mənzilə dair mülkiyyət hüququ 14.01.2010-cu il tarixdə Dövlət reyestrində qeydiyyatdan keçmişdir (Seriya MA, ******* nömrəli Çıxarışa əsasən). Cavabdeh onun sabiq həyat yoldaşıdır. Cavabdeh ilə 18 sentyabr 2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ər- arvad olmuş və birgə nikahdan iki övladları olmuşdur. X2 16 iyun 2014-cü il təvəllüdlü və X3 05 fevral 2016-cı il təvəllüdlü. Yevlax Rayon Məhkəməsinin 25.10.2021-ci il tarixli 2(039)-2018/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında olan rəsmi nikah pozulmuş, birgə nikahdan olan övladları Cavabdeh himayəsində saxlanmışdır. Hazırkı iddia tələbi, ünvan 2 ünvanında yerləşən yaşayış mənzilindən Cavabdeh çıxarılması ilə bağlıdır. Belə ki, həmin mənzil cavabdehlə onun birgə nikah müddətində əldə etdikləri əmlak deyildir, həmin əmlak onun ayrıca mülkiyyətindədir və hazırda cavabdehlə rəsmi olaraq ayrıldığından ailə bağlılığı yoxdur və ailə münasibətləri pozulduğundan artıq eyni ünvanda yaşamaları mümkünsüzdür. Odur ki, Cavabdeh qeyd-şərtsiz olaraq mənzildən çıxarılmalıdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat edərək cavabdehin mənzildən çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməmiş və təmin edilməməsini xahiş etmişdir. Sübutlar: Azərbaycan Respublikası Əmlak Məsələləri dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin Seriya MA ******* №-li çıxarışının surətindən müəyyən olunur ki, Yevlax şəhəri, H.Əliyev prospekti, 54B nömrəli evin, 7 nömrəli mənzili 14 yanvar 2010cu il tarixdə ********** nömrə ilə tam olaraq İddiaçı adına qeydə alınmışdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-20180/2021 №-li, 25 oktyabr 2021-ci il tarixli qətnaməsinin surəti ilə müəyyən olunur ki, İddiaçılə Cavabdeh arasında Yevlax rayon qeydiyyat şöbəsində qeydə alınmış 18 sentyabr 2013-cü il tarixli nikah qeydi pozulmuş və birgə nikahdan olan iki övladları Cavabdeh himayəsində saxlanılmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülki Prosessual Məcəllə: Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin hüquqi mövqeyi: Təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Yevlax şəhəri, H.Əliyev prospekti, 54B nömrəli evin, 7 nömrəli mənzili 14 yanvar 2010-cu il tarixdə, iş üzrə tərəflər nikaha daxil olanadək daşınmaz əmlakın dövlət reyestrində tam olaraq İddiaçı adına qeydə alınmışdır. Tərəflərin nikahı 18 sentyabr 2013-cü il tarixdə rəsmi olaraq qeydə alındıqdan sonra Cavabdeh həmin mənzilə köçmüş və hazırda da həmin mənzildə yaşamaqdadır. 25 oktyabr 2021-ci il tarixdə tərəflər arasında olan nikah pozulmuş və bununla da tərəflərin ailə münasibətlərinə xitam verilmişdir. Mənzil qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə görə Cavabdeh iddiaçı, Yevlax şəhəri, H.Əliyev prospekti, 54B nömrəli evin, 7 nömrəli mənzilinin mülkiyyətçisi olan İddiaçılə ailə münasibətlərinə xitam verildiyindən onun həmin mənzildən istifadə hüququ da saxlanmır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Lakin, məhkəmə hesab edir ki, cavabdehin maddi vəziyyəti, adına başqa yaşayış yerinin mövcud olmasına, onun hazırda özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmasına dair sübutların olmaması, eləcə də, yay aylarının olması nəzərə alınmalı, onun həmin mənzildən istifadə hüququ 01 oktyabr 2022-ci il tarixədək saxlanılmalı, həmin tarixdən sonra o, həmin mənzildən çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Yevlax şəhəri, H.Əliyev prospekti, 54B nömrəli evin, 7 nömrəli mənzilindən çıxarılsın. Qətnamə 01 oktyabr 2022-ci il tarixdən sonra icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-726/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-726/2022
17.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver