Məhkəmə qərarları › İş №2(039)-746/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-746/2021

01.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-746/2021 01.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN 0457 saylı 90100016 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Yevlax rayonu, Aran qəsəbəsində onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə daxil olan 4.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq, İddiaçı ona qarşı JN 0457 aylı 90100016 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən, Yevlax rayonu, Aran qəsəbəsində onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə daxil olan 4.28 ha kənd təsərrüfütı təyinatlı torpaq sahəsindən cavabdeh olaraq onun çıxarılması tələbi barədə qətnamə çıxarılmasına dair iddia ərizəsinin əsassız olduğu üçün rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Yevlax rayonu, Aran qəsəbəsində onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində 4.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri daxildir. Mülkiyyət hüquqlarını JN 0457 saylı 90100016 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən təsbit edilmişdir. Cavabdeh uzun illərdir ki, onların ailələrinin ümumi birgə mülkiyyətlərinə daxil olan torpaq sahəsini zəbt etmişdir. Ümumi birgə mülkiyyətçilər olaraq onlar hər biri dəfələrlə cavabdehı müraciət edərək zəbt altında olan torpaq sahəsinin onlara təhvil verilməsini tələb etmişlər. Cavabdeh isə pay torpaq sahələrini zəbt etdiyini özü etiraf etsə də, onların tələblərini yerinə yetirmir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair JN-0457 kod 90100016 saylı dövlət aktının surətindən məlum olur ki, X4, X1, X3, X2 Yevlax rayonu, Aran qəsəbəsi ərazisində 4.28 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən ********** saylı 16 sentyabr 2016-cı il tarixli çıxarışının surətindən məlum olur ki, Cavabdeh Yevlax rayonu, Aran qəsəbəsi ərazisində 2 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən ********** saylı 12 mart 2014-cü il tarixli çıxarışının surətindən məlum olur ki, Cavabdeh Yevlax rayonu, Aran qəsəbəsi ərazisində 3.85 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 01 iyun 2021-ci il tarixli **********57 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş mütəxəssiz rəyindən görünür ki, İddiaçı və ailə üvlərinin JN-0457 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə mülkiyyətinə verilmiş 4.28 ha torpaq sahəsinin həndəsi ölçüləri, koordinatları və məkan göstəriciləri ilə onların faktiki istifadə etdiyi torpaq sahəsinin həndəşi, konfiqurasiya fərqi və məkan göstəriciləri arasında uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, həm iddiaçı, həm də cavabdehin mülkiyyətində olan torpaq sahələrinin uzunluq istiqamətləri həm bucaq altında dəyişmiş, həm də islahat aparılmış ərazidən kənara çıxmışdır. Bu səbəbdən məhkəmə tərəfindən mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.02.2003-cü il tarixli 2 saylı Plenumunun Qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahələri ilə bağlı mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı və ailə üzvlərinə Yevlax rayonu, Aran qəsəbəsi ərazisində 4.28 hektar torpaq sahəsi verilmişdir. İddiaçı cavabdehə qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Mütəxəssis JN-0457 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə mülkiyyətinə verilmiş 4.28 ha torpaq sahəsinin həndəsi ölçüləri, koordinatları və məkan göstəriciləri ilə onların faktiki istifadə etdiyi torpaq sahəsinin həndəşi, konfiqurasiya fərqi və məkan göstəriciləri arasında uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, həm iddiaçı həm də cavabdehin mülkiyyətində olan torpaq sahələrinin uzunluq istiqamətləri həm bucaq altında dəyişmiş, həm də islahat aparılmış ərazidən kənara çıxmışdır. Bu səbəbdən mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılmasının mümkün olmadığı bildirilmişdir. Eyni zamanda iddiaçının torpağının cavabdeh tərəfindən zəbt olunmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb etsə də, iddiaçı 4.28 ha torpaq sahəsinin məkan göstəriciləri ilə faktiki istifadə etdiyi torpaq sahələri arasında uyğunsuzluqlar vardır. Həmçinin torpaqlar islahat zamanı aparılmış bölgü planına uyğun istifadə olunmur. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar