Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-772/2020 18.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkil X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödəmədən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir.) İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər ər-arvaddır, Cavabdeh1 iddiaçının qardaşıdır, mübahisəli fərdi yaşayış evi onların ata yurdu olmuşdur, cavabdehlər 1980-ci ildə ailə qurmuş, 1993-cü ilədək həmin evdə yaşamış, 1993-cü ildə evdən köçüb getmiş, həmin vaxtdan da ünvan 2 ünvanında yaşayırlar, həmin evi də onların atası tikdirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək göstərdi ki, cavabdehlər 1993-cü ildən mübahisəli evdən köçüb atalarının onlar üçün tikdiyi evdə yaşamağa getmişlər, mübahisəli ev isə onlara qalmışdır, bundan başqa, cavabdehin xüsusi mülkiyyətində olan başqa mənzilləri də vardır. Cavabdehlərin mübahisəli evdə qeydiyyatları formal xarakter daşıyır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakları olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçı tərəfin izahatlarını, şahid ifadələrini dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, 20 ilə yaxındır iddiaçının yaxın dostudur, tez-tez bir-birlərinin evinə gedib-gəlirlər, həmişə iddiaçının evində yalnız iddiaçının öz ailəsini, bacısını və anasını görmüş, cavabdehləri isə heç vaxt orada görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, tərəflərin qohumudur, eyni zamanda iddiaçı ilə 15 ildir dostluq edirlər, bir-birlərinin evlərinə gedişgəlişləri var, həmişə də həmin evdə iddiaçı və ailəsini görmüş, cavabdehləri heç vaxt görməmişdir. ƏMDK yanında DƏDRX-in xx.xx.2013-cü il tarixli çıxarışından görünür ki, mübahisəli fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Yevlax Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, cavabdehlər 1980-ci ildə nikaha daxil olmuşlar. Yevlax şəhər İcra Hakimiyyəti başçısının 1 saylı sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, cavabdehlər mübahisəli ünvanda uzun müddətdir qeydiyyatda olsalar da, yaşamırlar. Məhkəmənin sorğusuna ƏMDK yanında DƏDRX-in 17 saylı X5 verdiyi xx.xx.2020ci il tarixli cavabından və həmin cavaba əlavə edilmiş sənədlərdən görünür ki, Yevlax şəhəri, N.Gəncəvi pr. 203 A nömrəli ünvanda 0,051 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh1 xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdən qeydiyyata alınmışdır. Həmçinin JN-198 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Yevlax şəhərində Cavabdeh1 və ailə üzvlərinin ümumbirgə (4 nəfər) mülkiyyətində 0,03 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evi tərəflərin ata yurdu olmuş, 2013-cü ildən isə iddiaçının xüsusi mülkiyyətindədir, cavabdehlər həmin evdən çıxıb getmişlər və orada yaşamırlar, cavabdehin xüsusi mülkiyyətində fərdi yaşayış evi və torpaq sahəsi vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Cavabdehlərin evdən istifadə hüququ olsa da, həmin evdən köçüb getdiklərindən, həmin evdə yaşamadıqlarından, xüsusi mülkiyyətlərində ev və torpaq sahəsi olduğundan mübahisəli fərdi yaşayış evinə ehtiyacları aradan qalxmışdır. Cavabdehlərin həmin evdə formal qeydiyyatda qalmaları isə iddiaçının mülkiyyət hüquqlarını pozur. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları) Azərbaycan Respublikasının Mülki Məcələsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək dövlət tərəfindən tanınan və qorunan hüququdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehlərin ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməli, hazırkı qətnamə onların həmin evdən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2nın ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilsin. Hazırkı qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2nın ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-772/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-772/2020
18.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver