Məhkəmə qərarları › İş №2(039)-784/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-784/2021

02.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-784/2021 02.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh2 (eyni zamanda digər cavabdeh Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X1 nümayəndəsi) və onun vəkili X2 iştirakı ilə, iddiaçı Muxtarova (Xasməmmədova) Nigarə Mahir qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçülmə tələbi haqqında iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Muxtarova (Xasməmmədova) Nigarə Mahir qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı uşaqları X5 və X10 oğlu ilə birlikdə cavabdehlərə məxsus olan ünvan 1 ünvanda yerləşən evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə nikahda olmuşdur. Birgə nikahdan X5 və X10 oğlu adlı uşaqları anadan olmuşdur. Yevlax Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikahları pozulmuş və uşaqlarının onun himayəsində qalmaları qərara alınmışdır. O, ailə quran zaman cavabdehlərə məxsus olan ünvan 2 ünvanına gəlin köçmüşdür. Uzun illər orada yaşamışlar. Həmin evdə iki övladı anadan olmuşdur. Hazırda onun iki uşağı ilə yaşamağa evi yoxdur. Maddi vəziyyəti də olduqca ağırdır. Uşaqları ilə birlikdə cavabdehlərə məxsus olan evə köçmək istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəmədən işə mahiyyəti üzrə baxmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, digər cavabdeh olan Cavabdeh1 onun oğludur. Orxan 2010-cu ildə iddiaçı ilə rəsmi nikaha daxil olmuşdur. İddiaçı qeyd olunan mənzilə gəlin köçmüş, bir müddət ailə kimi birlikdə yaşadıqdan sonra oğlu ilə iddiaçının münasibəti pozulmuş və 2020-ci ildə nikahları pozulmuşdur. İddiaçının köçmək istədiyi mənzil onun əri X1 adınadır. Həmin mənzil Kamal Muxtarova öz atasından miras qalmışdır. İddiaçının həmin evdə yaşamağa hüququ yoxdur. Bu səbəbdən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə, Cavabdeh2 izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 25.09.2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə X1 miras hüququ tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 30.03.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X1 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-598/2020 saylı, 05 iyun 2020-ci il tarixli qətnaməsindən görünür ki, Muxtarova (Xasməmmədova) Nigarə Mahir qızı ilə Cavabdeh1 qızı arasında 25 sentyabr 2010-cu il tarixdə bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin hallarından müəyyən edildiyi kimi, tərəflər arasındakı mülki münasibətlər 2010cu ilin sentyabr ayında, yəni 01.10.2009-cu il tarixdən Azərbaycan Respublikasında qüvvəyə minmiş Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə yaranmışdır. Mənzil Məcəlləsinin “Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri” adlı 30-cu maddəsinin mənasına görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. (maddə 30.1). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. (maddə 30.4). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Muxtarov Kamal Şahin oğlunun xüsusi mülkiyyətindədir. İddiaçı X4, X3 Muxtarov ilə 25.09.2010-cu ildə rəsmi nikaha girərək ailə həyatı qurmuş və Kamal Muxtarovun xüsusi mülkiyyətində olan mənzilə köçmüş. Lakin sonradan iddiaçının nikahı 2020-ci ildə pozulmaqla iddiaçı mübahisəli mənzildən köçüb getmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisinin ailə üzvü sayılmadığı üçün onun mübahisəli mənzildə istifadə hüququ yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Muxtarova (Xasməmmədova) Nigarə Mahir qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçülmə tələbi haqqında iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar